RU

Jurnalistlərə buna görə NİFRƏT EDİRDİ: Monika Belluçinin məşhur rejissorun həbsi ilə nə əlaqəsi OLUB?

Bu gün 91 yaşını qeyd edən rejissor Roman Polanskini çoxları faşizmin yəhudilərə qarşı törətdiyi cinayətlərdən bəhs edən “Pianoçu” filmi ilə tanıyır.  Söhbət 2003-cü ildə “Oskar” mükafatı almış  polyak-yəhudi pianoçusu Vladislav Şpilmanın “Şəhərin məhvi” xatirələri əsasında çəkdiyi tarixi filmdən gedir.

Halbuki buna qədər də Avropa və Amerikada çoxsaylı mükafatlar qazanmış psixoloji-detektiv filmləri vardı, amma dünyəvi şöhrəti ona baş rolunu Adrian Brodinin canlandırdığı “Pianoçu” filmi gətirdi.

Jurnalistlərin tək dərdi – başqalarının dərdindən gündəm yaratmaqdır

Dünya kinosuna bir-birindən maraqlı filmlər bəxş etməsinə baxmayaraq, həyatı çəkdiyi kinolardan daha diqqətçəkici olub. Hələ 1969-cu ildə hamilə həyat yoldaşı, aktrisa Şeron Teytin dəhşətli qətlində ilk dəfə onun adı çəkilmişdi. Elə o vaxtdan da rejissorun jurnalistlərlə ulduzu barışmadı. Polanski iddia edirdi ki, həqiqəti yazıb, işıqlandırmaq kimi məqsəd daşıyan jurrnalistikanın tək dərdi gündəm yaratmaqdır və bunun üçün insanların dərdlərini əllərində alət edirlər.

Həmin il Polanski Londonda “Delfinin bir günü” trilleri üzərində işləyərkən, arvadı Teyt tezliklə uşaq dünyaya gətirməli olduğu üçün ABŞ-a qayıtmışdı.

8 avqust 1969-cu ildə gecə yarısı bir qrup insan evə girib Teyt və onun iki dostunun əl-qolunu bağlamış, amansız işgəncələrə məruz qoymuşdu. Çoxsaylı bıçaq yaraları və qan itkisi nəticəsində Teyt hamiləliyinin səkkizinci ayında  doğulmamış oğlu ilə birlikdə ölmüşdü.

Arvadının ölümündən sonra Polanski uzun müddət əsəb böhranı keçirdi. Gərginliyinin bir səbəbi də jurnalistlərin bu hadisədə onun da günahı olduğunu yazmasıydı. İddia olunurdu ki, cinayətkarlar sekta üzvləridirlər və Polanski də həmin sekta ilə yaxındır. Oxucuları cəlb etmək üçün faciə qurbanlarından istifadə olunması Polanskini şoka salmış, ömrünün qalan hissəsində jurnalistlərə qapalı olmasına səbəb olmuşdu.
 

“Yaxşı bilirəm ki, jurnalistlər 100 faiz həqiqəti çatdırmır, amma həqiqəti bu dərəcədə təhrif etdiklərini bilmirdim. Qəzetləri oxuyanda gözlərimə inanmamışdım. Onlar bu hadisədə cinayətkarı yox, qurbanları günahlandırırdılar! Buna görə də mətbuata nifrət etdim” – deyə o, öz xatirələrində qeyd edib.


Amma bu nifrət onu mətbuatın hədəfindən uzaq tuta bilmədi, əksinə daha bir sensasiyalı xəbərlə yaxınlaşdırdı. 1977-ci ildə rejissor 13 yaşlı model Samanta Qeymerə təcavüz etməkdə ittiham olundu. Amerika qanunlarına görə, onu 50 il həbs cəzası gözləyirdi.

1978-ci ildə Polanski məhkəmədə günahını etiraf etdi və bundan sonra gizli şəkildə ABŞ-ı tərk etdi. O, hazırda Parisdə yaşayır. Amma ona qarşı ictimai qınaq həmişə öz təzəliyini qoruyub. Fransanın Qadın Hüquqları naziri Laurens Rossignol rejissorun ölkədə keçirilən əhəmiyyətli tədbirlərdə münsiflər heyətinin sədri seçilməsini zorakılığı qanuniləşdirən addım adlandırıb. Feministlər isə iddia edirdilər ki, rejissor öz ulduz statusundan istifadə etdiyi üçün cəzasız qalır.

Buna cavab olaraq bir sıra sənət adamları başda Monika Belluçi olmaqla rejissorun 40 yaşında etdiyi səhvə görə hələ də mühakimə olunmasının ədalətsizlik olduğunu bildiriblər.

Yeri gəlmişkən, Polanski "Pianoçu" filminə görə aldığı “Oskar”ı hələ də götürə bilməyib.  O, buna görə ABŞ-a getməyə cəsarət etməyib.

Buna baxmayaraq, 2009-cu ilin sentyabrında Sürix Film Festivalına səfəri zamanı Polanski ABŞ hakimiyyətinin tələbi ilə həbs olundu. Bir neçə ay sonra o, 4,5 milyon dollar girov müqabilində sərbəst buraxıldı və 2010-cu ilin iyulunda İsveçrə Ədliyyə Nazirliyi ABŞ-ın ekstradisiyasını rədd etmək qərarına gəldi və nəhayət onu azad etdi.

Şəfiqə Şəfa, Bizim Media

Избранный
43
50
bizim.media

10Источники