RU

Robbi Kin: “Qarabağ”la “Ferentsvaroş” eyni gücdədir”

“Ferentsvaroş”un baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasının pley-offun mərhələsinin “Qarabağ”la ilk oyunundan gözləntisini paylaşıb.

Arena.az xəbər verir ki, Macarıstan və Azərbaycan çempionları arasındakı ilk qarşılaşma sabah – avqustun 19-da keçiriləcək.

Robbi Kin bu gün baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Qarabağ” yaxşı komandadır. Hər iki komandanın gücü demək olar ki, bərabərdir. Lakin istədiyimiz kimi oynasaq, rəqibə çox problem yarada bilərik. Belə matçlarda əsas olan qol buraxmamaqdır. Çünki öndə elə hücumçularımız var ki, mütləq qol vurmaq imkanlarımız olacaq. Rəqib yaxşı komandadır, lakin bu oyun klubumuz üçün böyük fürsətdir. Çünki son illərdə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq üçün o qədər də böyük şans olmayıb. Bu, həm futbolçu, həm də məşqçi kimi böyük motivasiyadır. Mən oyunçulardan intensivlik və ürəklə, ruhla mübarizə gözləyirəm”.

Robbi Kin 2022-ci ildə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la “Ferentsvaroş” arasında keçirilmiş oyunlara baxdığını da qeyd edib:

“Üç il əvvəl “Qarabağ”la keçirilmiş oyunları izləməmişdim. Bu isə tamamilə fərqli oyun olacaq. Hər iki komandanın yeni oyunçuları var. Əvvəlki Ceyms Bond filmlərinin heç biri sonuncusu ilə eyni deyil. Amma təbii ki, Azərbaycan çempionunun son oyunlarına baxmışam”.

“Qarabağ”la oyunun önəminə diqqət çəkən baş məşqçi bu səbəbdən ölkə çempionatının son turunda əsas heyətin 10 futbolçusuna istirahət verdiyini vurğulayıb: “Mən oyunçularımın ürəklə mübarizə aparacaqlarına əminəm. Onlardan azarkeşləri ruhlandıracaq oyun göstərmələrini gözləyirəm”.

Robbi Kin güclü rəqiblə qarşılaşacaqlarını və buna görə də azarkeşlərin dəstəyinə ehtiyaclarının olduğunu söyləyib:

“Güclü komanda ilə qarşılaşacağımızı bilirik. Rəqibin də şansları olacaq, amma biz bəzən çox konsentrasiya olmalıyıq. Azarkeşlərimizdən xahiş edirəm ki, keçən dəfə “Ludoqorets”lə qarşılaşmada hiss etdiyimiz enerjini stadiona gətirsinlər. Futbolçular sahib olduqları dəstəyi hiss etsələr, onlara çox kömək edər”.

“Robbi Kin və heyət mənə uyğunlaşmaqda çox kömək etdi”

“Ferentsvaroş”un israilli futbolçusu, bu yay Təl-Əviv “Makkabi”sindən transfer edilmiş Qavriel Kanikovski də “Qarabağ”la oyundan öncə fikirlərini bölüşüb:

“Hər kəs bu iki qarşılaşmaya hazırdır. Psixoloji və fiziki yorğunluqdan əsər-əlamət yoxdur. Əksinə, hər kəs bu mərhələdə iştirak edə bildiyinə görə xoşbəxtdir. Yeni oyunçu kimi komandaya uyğunlaşmaq heç kimə asan olmur, amma Robbi Kin və heyət mənə uyğunlaşmaqda çox kömək etdi, şansımı tez əldə etdim. Burada olmaq heyrətamizdir, Əvvəlki komandamda fərqli sistemdə və bir az geridə oynayırdım. Amma vəzifə eynidir – komandaya qol vurmağa kömək etməliyəm”.

Kanikovski 2022-ci ildə “Ferentsvaroş”la “Qarabağ” arasında keçirilmiş görüşdən sonra hər iki komandada çox dəyişiklik olduğunu vurğulayıb:

“Sabahkı oyun hər kəsi çox həyəcanlandırır. 2022-ci ildə “Ferentsvaroş” bu rəqiblə qarşılaşıb. Amma həm “Qarabağ”ın, həm də bizim komandanın heyəti 2022-ci ildəki dueldən fərqlidir. Əsas odur ki, öz oyunumuzu oynayaq”.

Qeyd edək ki, “Ferentsvaroş” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Избранный
50
12
arena.az

10Источники