RU

Rusiya Azərbaycanla açıq müharibəyə başladı - ölkəmizin qanuni mənafelərinə daha bir təcavüz...


Rusiya son 10 gündə ikinci dəfə Azərbaycanın Ukraynadakı neft-qaz obyektinə hücum edib. Məlumata görə, bazar ertəsi, avqustun 18-nə keçən gecə SOCAR-ın Odessa vilayətindəki neft bazası “Shahed” tipli PUA-ların silsilə hücumuna məruz qalıb və bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib.

Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb, ətrafdakı binalara ciddi ziyan dəyib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Rusiya tərəfindən Odessa vilayətində yanacaq-energetika infrastrukturu obyektinə zərbə endirildiyini və genişmiqyaslı yanğınla nəticələndiyini bildirib. Yanğının söndürülməsinə 100-dən çox xilasedici, könüllülər, Milli Qvardiyanın döyüşçüləri və yerli yanğınsöndürmə briqadaları, o cümlədən yanğınsöndürən robotlar cəlb olunub.

SOCAR-ın neft bazasına hücumu Ukrayna rəsmiləri də təsdiqləyib. Ukrayna prezidenti Volodimir Zelenski SOCAR-a məxsus neft bazasına edilən hücumun Rusiya tərəfindən məqsədli şəkildə həyata keçirildiyini deyib. "Rusiya tərəfindən Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum olub. Bu bizim münasibətlərimizə və enerji müstəqilliyimizə hücumdur", - deyə Zelenski özünün sosial şəbəkə hesabında qeyd edib.

Ukrayna lideri Rusiyanın məqsədyönlü olaraq mülki şəxsləri və infrasturkturları hədəfə aldığını bildirib. Zelenski müharibənin dayanmalı olduğunu və bunun üçün Rusiyanın addım atmalı olduğunu vurğulayıb.

Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa da Rusiyanın SOCAR-ın Odessadakı neft bazasına zərbə endirməsinə münasibət bildirib. "Bu gecə ruslar Odessa vilayətində SOCAR-ın neft terminallarına hücum ediblər. Bu, son həftələrdə Rusiyanın Azərbaycan dövlət şirkətinə ikinci zərbəsidir.

Moskva bunu bilərəkdən edir, Azərbaycanın maraqlarına zidd hərəkət edir.

Bu, bir daha Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yeni səviyyəsinin vacibliyini, eləcə də bu cür hücumlara müvafiq diplomatik və hüquqi cavab verilməsinin vacibliyini nümayiş etdirir", - deyə nazir "X" sosial şəbəkə səhifəsində yazıb.

Qeyd edək ki, bu hücum Rusiya ordusunun son 10 gündə SOCAR-ın eyni neft anbarına ikinci hücumudur. Belə ki, 2025-ci il avqustun 7-dən 8-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Odessa vilayətində Azərbaycanın SOCAR şirkətinin neft bazasına hücum edib. Rusiya SOCAR-ın neft anbarına beş “Shahed” hücum pilotsuz təyyarəsilə hücum edib, nəticədə yanğın baş verib və dizel boru kəmərinə ziyan vurulub. Şirkətin 4 əməkdaşı ağır yaralanıb. Bundan əvvəl, isə iyunun 28-də Azərbaycan qazının Ukraynaya axmağa başladığı Trans-Balkan qaz kəmərinin əsas elementi olan Orlovka yaxınlığındakı qazpaylayıcı stansiyaya hücum edilib. Bütün bunlar hücumların təsadüfi olmadığını göstərir.

Xatırladaq avqustun 10-da Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski telefon danışığı zamanı xüsusilə, Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.

Bir müddət isə Bakı xəbərdarlıq edib ki, Rusiya Azərbaycanın maraqlarına qarşı təcavüzkar siyasətini davam etdirərsə, Azərbaycan tərəfi Ukraynaya onun arsenalında olan silahların tədarükünə qoyulmuş embarqonun ləğvi barədə düşünməyə başlayacaq.

Ümumiyyətlə SOCAR regionun ən böyük enerji şirkətlərindən biridir və Ukrayna infrastrukturunun inkişafına fəal sərmayə qoyur. Onun obyektinə hücum onu nümayiş etdirir ki, mümkün siyasi nəticələrdən asılı olmayaraq, Kreml Azərbaycanın xaricdəki infrastrukturuna zərər vurmağa çalışır. Bütün bunlar Moskva-Bakı münasibətlərinin çətin mərhələdən keçdiyi bir vaxtda baş verir. Bu isə artıq Ukraynaya qarşı hərbi təcavüz yox, həm də ardıcıl olaraq müstəqillik və Avropa ilə fəal enerji əməkdaşlığı siyasəti quran Azərbaycana qarşı dolayısı ilə hücum deməkdir.

Digər tərəfdən, bu hücumlar təkcə SOCAR-a zərbə, Azərbaycanla bağlı infrastrukturun dağıdılması deyil. Həm də Rusiyanın Bakının Avropa və Ukrayna ilə aktiv enerji əməkdaşlığından narahatlığını göstərir, Ukraynada SOCAR obyektlərinə hücumla Azərbaycana təzyiq göstərməyə çalışır. Lakin bu cür düşmən addımlar əksinə Azərbaycanla Qərb arasında strateji yaxınlaşma prosesini sürətləndirir, Kremlin Cənubi Qafqazdakı mövqelərini zəiflədir…

Tahir TAĞIYEV

Избранный
22
5
baki-xeber.com

10Источники