RU

Nazirlik 2.2 milyard manat subsidiyanı "batırıb" - Maliyyə Nazirliyi ciddi məqamlar açıqladı...


Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi və güzəştlərin tətbiqi üçün 2020-2024-cü illərdə dövlət büdcəsindən 2,2 milyard manatdan artıq vəsait yönəldilib. Bu barədə Maliyyə Nazirliyinin yaydığı hesabatda bildirilir.

Vurğulanır ki, son dövrlərdə subsidiyaların məbləği ilə istehsalının həcmi arasında uyğunsuzluqlar aşkar edilib: “Aqrar Subsidiya Şurasının qərarları əsasında hər il üçün müəyyən edilən əkin subsidiyasının əmsallarının dövri olaraq artırılmasına baxmayaraq, həmin bitki növləri üzrə məhsul istehsalında azalmalar müşahidə olunub. Habelə istifadə edilmiş subsidiyanın məbləğinə uyğun istehsal həcminə nail olunmayıb”. Bundan əvvəl mətbuatda vaxtaşırı yer alan iddialara görə də, Azərbaycanda bəzi hallarda əkin işləri kağız üzərində aparılıb. Həmin iddialarda vurğulandığına görə, bəzi məmurların qanunsuz əməlləri nəticəsində subsidiyaların verilməsində pozuntu halları baş verib. Bunlara qarşı müvafiq dövlət qurumları tərəfindən sərt tədbirlər görülür. Ancaq reallıq məslənin hələ də tam həllini tapmadığını göstərir. Xatırladaq ki, Azərbaycanda yanacağın qiymətlərinin artırılması ilə paralel olaraq 2007-ci ildən aqrar subsidiyaların verilməsinə dair qərar açıqlanıb. Sonradan subsidiyaların həcmində artım baş verib. Bitkiçilik üzrə subsidiyaların məbləği müxtəlifdir. Onların baza məbləği 200 manat müəyyən edilib. 2024-cü ildə, məsələn, buğdada əkin əmsalı 1,1, əkin subsidiyasının məbləği isə 220 manat götürülüb. 2025-ci ildən etibarən sudan səmərəli istifadənin və ətraf mühitin qorunmasının dəstəkənməsi məqsədilə müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrinə görə 60 manat əlavə əkin subsidiyasının veriləcəyi açıqlanıb. Təkrar əkinlərə görə əkin subsidiyası 2025-ci ildən etibarən yalnız suvarılan ərazilərdə aparılan əkinlərə şamil edilir. Aqrar Subsidiya Şurasının 2025-ci il üzrə qəbul olunmuş qərarında əkin subsidiyasının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısı və onların əkin sahəsinin minimum ölçüsü, Naxçıvan iqtisadi rayonunda diferensial əmsalları və subsidiya məbləğləri, o cümlədən müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrinə, yeni salınmış, intensiv və hiperintensiv, damcı suvarma sistemi və sertifikatlı tinglərlə təmin olunmuş meyvə bağlarına, tarlaqoruyucu zolaqlar üçün istifadə edilən bitkilərə, məhsullara görə subsidiya əmsalları və məbləğləri, habelə bitkiçilik məhsullarına subsidiya verilməsi üzrə şərtlərdə və əmsallarda bir sıra dəyişikliklər əks olunub. Həmçinin şəkər çuğunduru üçün məhsul əmsalının müasir suvarma sistemi ilə təmin olunmuş əkin sahələri üzrə 19 manatdan 22 manata, müasir suvarma sistemi ilə təmin olunmamış əkin sahələri üzrə 18 manatdan 19 manata qədər artırılması və digər məsələlər öz əksini tapıb. Ümumiyyətlə, yeni subsidiya mexanizmlərində aqrar sığorta, müasir suvarma sistemləri ilə təmin olunma, torpağın keyfiyyəti, aqrokimyəvi analiz, sertifikatlı tinglərdən istifadə, müvafiq bağlarda iqlim stansiyasının qurulması kimi tələblərin qoyulması innovativ istehsalın və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin problem ondadır ki, aqrar sahədə məhsul istehsalının həcmi istənilən həddə çatmır. Subsidiya artsa da bitki növləri üzrə məhsul istehsalında azalmalar müşahidə olunub.

Maliyyə Nazirliyinin qeyd etdiyi kimi istifadə edilmiş subsidiyanın məbləğinə uyğun istehsal həcminə nail olunmayıb. Dövlət büdcəsindən maliyyələşdirilən subsidiyaların 2020-ci ildən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilməsi şəffaflığın artırılmasında mühüm addım olsa da, subsidiyaların nəticəlilik baxımından müsbət təsirləri arzuolunan səviyyədə deyil. Son illər aqrar sahədə istehsal vasitələrinin əldə olunmasına tətbiq olunan güzəştlərə böyük əhəmiyyət verilib. Bu güzəştlər çərçivəsində bir sıra texnika və texnoloji avadanlıqların ölkəyə idxalı rüsumdan azad edilib, satışı subsidiyalaşdırılıb. Məsələn, fermer tərəfindən texnikanın ilkin dəyərinin 20 faiz ödənildikdə, büdcə vəsaiti hesabına idxal dəyərinin 40 faizi həcmində güzəşt edilib. Eləcə də müasir suvarma sistemləri dəsti və avadanlığının, soyuducu anbar və avadanlıqlarının alışına dövlət büdcəsi hesabına 40 faiz güzəşt olunub. Ölkəyə idxal edilən, həmçinin yerli damazlıq təsərrüfatlardan satılan safqanlı cins damazlıq heyvanların qiymətinin 60 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılır, lizinq yolu ilə güzəştli satışı həyata keçirilir, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər buzova görə 100 manat, hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya verilir. Aqrar sahəyə göstərilən dövlət dəstəyinin nəticəsi olaraq son illərdə texnika parkının yenilənməsi və aqrotexniki xidmətlərə əlçatanlığın, toxum, gübrə və pestisid kimi istehsal vasitələri ilə təminat səviyyəsi artıb, kənd təsərrüfat sahəsinin infrastruktur və təchizat bazası genişlənib. Amma bunlara rəmən, aqrar sektorda istehsal göstəricilərinin yüksəlməsi istənilən həddə hələ də çatmır.

Ramil QULİYEV

Избранный
161
14
baki-xeber.com

10Источники