RU

Tarixlə başlayan bir ömür: QAFAR CƏBİYEV - 75

Tanınmış alim, tarix elmləri doktoru, professor, arxeoloq, jurnalist və ictimai xadim Qafar Cəbiyev 75 illik ömrünün zəngin mərhələsini qeyd edir. O, Azərbaycan tarixşünaslığında və arxeologiyasında iz qoymuş nadir simalardan biridir. Onun elmi irsi və vətəndaşlıq mövqeyi bu gün bir çox nəsillər üçün örnəkdir.

Qafar Cəfər oğlu Cəbiyev 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya gəlib. 1973-cü ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib və müəllimlik fəaliyyətinə başlayıb. 1975-ci ildən AMEA Tarix İnstitutunun aspiranturasında təhsilini davam etdirib, 1985-ci ildə namizədlik, 2008-ci ildə isə “Girdiman tarixi (IV–IX əsrlər)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsini qazanıb.

Arxeoloq olaraq açdığı səhifələr

Professor Qafar Cəbiyev Qəbələ, Ağsu, İsmayıllı, Şamaxı və digər bölgələrdə apardığı tədqiqatlarla qədim Azərbaycan şəhər yerlərini, nekropolları, dəfinələri aşkarlanıb. Onun rəhbərliyi ilə aparılan qazıntılar nəticəsində VI–VIII əsrlərə aid şəhər qalıqları, Roma və Parfiya dövrünə aid maddi-mədəniyyət nümunələri, qala divarları və mühəndis qurğuları üzə çıxarılıb. “Muradxan dəfinəsi” adlı nadir tapıntı, eləcə də Qəbələ şəhərinin su sistemi və qala divarları onun elmi irsinin mötəbər nümunələrindəndir.

Elmi və publisistik irs

Qafar Cəbiyev 20-yə yaxın monoqrafiyanın, yüzlərlə elmi və publisistik məqalənin müəllifidir. Onun “Girdiman tarixi”, “Azərbaycan arxeologiyasının əsasları”, “Arxeologiya və romantika”, “Azərbaycan keramikası” kimi əsərləri tarix elminin və tədrisin əsas mənbələri sırasındadır. Eyni zamanda, onun müəllifliyi ilə ərsəyə gələn ali məktəblər üçün dərslik və proqramlar mövcuddur.

Jurnalistika və vətənpərvərlik xətti

Qafar müəllimin publisistika sahəsindəki fəaliyyəti də təqdirəlayiqdir. O, 1990–2003-cü illərdə “Azərbaycan” qəzetinin xüsusi müxbiri kimi tarix, mədəniyyət və vətənpərvərlik məsələlərinə dair silsilə yazılarla çıxış edib. Daha sonra isə Milli Televiziya və Radio Şurasında mühüm vəzifələrdə çalışıb, ölkənin media siyasətinə töhfələr verib.

Bu sətirlərin müəllifi kimi, mən də illər ərzində onun fəaliyyətini televiziyada işıqlandırmış, müxtəlif mövzularda verilişlər hazırlamışam. Arxeoloji qazıntıların getdiyi ərazilərdə Qafar müəllimlə çiyin-çiyinə çəkilişlər aparmaq, onun tapıntılar üzərindəki təhlillərinə şahidlik etmək mənim jurnalist fəaliyyətim üçün əvəzsiz bir məktəb olub. O, ekran qarşısında tarixə elə bir ruh və həyat verirdi ki, abidələr sanki danışmağa başlayırdı.

Toponimika və yaddaşın dedikləri

Hazırda toponimika üzrə fəaliyyət göstərən bir alim kimi, Qafar Cəbiyevin bu sahəyə verdiyi bilavasitə və dolayı töhfələri yaxından izləyir və yüksək qiymətləndirirəm. Q. Cəbiyev arxeoloji tədqiqatları zamanı aşkarlanan yaşayış yerlərinin, qədim şəhərlərin adlarının düzgün müəyyən edilməsi, onların tarixi kontekstdə analiz olunması, yerli toponimlərin etimoloji izahı baxımından mühüm elmi materiallar təqdim edir.

Избранный
5
aznews.az

1Источники