İtaliyanın “İnter” klubunun və Polşa millisinin yarımmüdafiəçisi Nikola Zalevski bundan sonra “Atalanta”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Atalanta” rəsmi saytı vasitəsilə məlumat yayıb.
Polşalı yarımmüdafiəçi yeni klubu ilə 4+2 illik müqaviləyə imza atıb. “Atalanta” bu transfer üçün “İnter”ə 17 milyon avro ödəyib.
Xatırladaq ki, Nikola Zalevski “Roma”nın yetirməsidir. 23 yaşlı sol cinah yarımmüdafiəçisi 2021-ci ilin yayından “canavarlar”ın əsas komandasında forma geyinirdi. Polşalı futbolçu bu komandada 123 oyuna çıxıb, 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
“İnter” Zalevskini bu ilin fevralında 600 min avro müqabilində icarəyə götürmüşdü. Polşalı futbolçu Milan klubunun heyətində 17 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Bu yay “İnter” Zalevskinin transfer hüquqlarını da almışdı. Mian klubu bu transfer üçün “canavarlar”a 6,3 milyon avro ödəmişdi.
Zalevski Polşanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra 2021-ci ilin sentyabrında əsas yığmada debüt edib. O, indiyə qədər Polşa millisində 29 matç keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.