Sərlövhə təkcə içimdə alovlanmaqda olan arzu yox, həm də kürəyini reallığa söykəyən mənzərədir.
İllərdir Qarabağ adını dünyaya tanıdan Azərbaycanın fəxri 8 illik aradan sonra yenidən Avropa nəhənglərinin sırasında olmağa çox yaxındır.
Son illərdə ÇL-in əsas mərhələsinə bu dərəcədə yaxın olduğumuzu açığı, xatırlamıram.
Bəli, pley-offlar olub, lakin o dövr üçün ortaya çıxan problemlər inamımızı şübhə altına alıb, sonra da tükədib.
İndiki durum isə fərqlidir.
“Qarabağ” bu dəfəki Çempionlar Liqasına tarixində olmayan dərəcədə iddialı və məhsuldar başlayıb. “Şelburn” və “Şkendiya” ilə görüşlərdə qazanılan 4 qələbə, vurulan 10 qol və buraxılan cəmi 1 top.
“Qarabağ”ın bu dəfəki heyəti daha inamlı və təcrübəli təsir bağışlayır. Xüsusən yarımmüdafiə xəttində xoş görünən “köhlən atlar”ın aparıcı simaları ideal idman formasına yaxındır.
“Qarabağ” həm də rəqib üçün təhlükəli rəqib hesab olunur. “Ferenetsvaroş” düşərgəsindən verilən açıqlamalar macarların komandamızdan nə dərəcədə ehtiyatlandığını sübut etməkdədir.
İlk oyunun səfərdə keçirilməsini də lehimizə işləyən xüsusi məqamdır.
Sözsüz, “Ferentsvaroş” istər “Şelburn”, istərsə də “Şkendiya”dan azı bir baş üstündür. Avropa arenalarında son illərdə qazandıqları nəticələrə baxanda, dərindən ah çəkmək məcburiyyətində qalırsan. Hər il liqa mərhələsində mübarizə aparan komanda ilə hesablaşmaq mütləqdir.
Aşağı-yuxarı eyni səviyyədə olan komandaların iki dueli ciddi marağa səbəb olacaq. Hər iki kollektivin məhsuldarlığını nəzərə alsaq, oyunların bol qollu keçəcəyi, təhlükəli epizodların sıralanacağı şübhə doğura bilməz.
Bu axşam “Qarabağ”ın qələbə qazanmasına gərək yoxdur. Budapeştdə əldə olunacaq heç-heçə mərhələni keçmək şansını kifayət qədər yaxşılaşdıracaq. Hətta minimal hesablı məğlubiyyətin özü belə, dünyanın sonu olmayacaq.
Çünki bir həftə sonra azərbaycanlı futbolsevərlərin Respublika stadionda yaradacağı “cəhənnəm ab-havası”ndan ilhamlanacaq “Qarabağ”ın futbolçuları “Ferenetsvaroş”un daşını daş üstə qoymayacaq. İnamlı qələbə ilə 8 illik həsrəti unutduracaq.
Baxarsınız...
HƏBİB / SPORTİNFO.AZ