"Karan" səhnə adı ilə tanınan Mehdi Rzayev innovativ musiqi janrlarını aşan azərbaycanlı elektron ifaçı, caz pianoçusu və bəstəkardır.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin "USA News" nəşrində dərc olunan məqalədə deyilir.
Bildirilir ki, o, caz improvizasiyalarını elektron və multikultural elementlərlə birləşdirən üslubu ilə qısa müddətdə qlobal musiqi səhnəsində unikal sima kimi şöhrət qazanıb.
Karanın kompozisiyaya və ifaya innovativ yanaşması onu beynəlxalq səviyyədə tanıdıb. O, üç dəfə ABŞ-də keçirilən "Djooky Music Awards" beynəlxalq müsabiqəsində "Ən yaxşı caz pianoçusu" və daha bir neçə nüfuzlu mükafata layiq görülüb. 120-dən çox ölkədən olan sənətçilərlə rəqabət aparan Karan özünəməxsus üslubu və texniki ustalığı ilə dünyanın ən yaxşı musiqiçiləri sırasındadır.
ABŞ nəşri həmyerlimizin qlobal musiqiyə təsirindən də yazıb. Məqalədə vurğulanıb ki, Karanın musiqisi "Spotify", "Apple Music" və "YouTube" kimi əsas rəqəmsal platformalarda rezonans yaradıb.