RU

“Trampa Nobel Sülh mükafatı verilməsə, başımıza nələr gələcək?..”

“O, son açıqlamalarından birində açıq şəkildə deyib ki, mən Ukraynada sülhün bərqərar olmasına Cənnətə düşmək üçün çalışıram... Bəs biz necə dinimizə hörmət edir və Allaha inanırıqmı? İnanırıqsa, Cənnətə düşmək istəmirik?..”
 
“Hətta Trampın Nobel Sülh mükafatını alacağı halda belə, onun Azərbaycan-Ermənistan arasında yekun Sülh Sazişinin imzalanması üçün ciddi şəkildə çalışacağı şübhə altındadır...”
 
“Ən təhlükəlisi, Trampın gerçəkdən hələ 40 il öncədən keçmiş “KQB”-nin və ardınca həmin imperiya inventarının xələfi- “FSB”-nin agenti olmasıdır...”
 
"Sən Allahın qulusansa, Tramp, yaxud Putin kimdir ki, səni yolundan çıxara. Sən öz yolunla, doğru yolla, Rəbbinin yoluyla get, özünə və başqalarına, xalqa qarşı dürüst ol, ədalətli ol, insaflı ol, vicdanlı ol, namuslu, qeyrətli ol, heç kəsin haqqını tapdama, heç kəsə zülm etmə, oğurluq etmə, talama,  rüşvət alma, rüşvət vermə, sələm alma, sələm vermə, korrupsiya ilə məşğul olma, haqsız yerə can alma..."
 
-FİKİR SAVAŞI...-
 
Özündən müştəbeh, narsist ABŞ lideri ilə işğalçı, faşist Rusiya diktatorunun Alyaskadakı sammiti, ardınca da Ağ Evdə növbəti Zelenski-Tramp görüşü elə düşündüyüm kimi də bitdi- dünya, xüsusən də Ukrayna üçün heç bir müsbət, ədalətli nəticə olmadan... Demokrat senatorlardan birinin təbirincə desək, bu sadəcə boşboğazlıq idi... 
 
İndi bəşərin xeyli hissəsi hələ də Alyaska sammitində baş verənlərlə maraqlanır. Təbii ki, bizi də bu görüşlə bağlı ən çox ilgiləndirən Ukrayna savaşı idi ki, bu da ukraynalılarla yanaşı, bütün planet əhlinin,  o cümlədən Azərbaycan sakinlərinin taleyində böyük rol oynayan bir amildir. Amma təbii ki, bəndənizi daha çox narahat edən özümüzün- xalqımızın, dövlətimizin taleyidir...
 
Tramp hakimiyyətdə olduğu 7 aya yaxın müddətdə bəşəriyyətin bugünkü əsas problemləri olan Qəzza soyqırımı və Ukrayna savaşı haqda heç bir müsbət tədbir görə bilmədi. Və belə görünür ki, daha dəqiq desək, belə bir tədbirləri görmək niyyətində də olmadı. Əksinə, Qəzzada dinc insanların soyqırımını hər vasitə ilə davam etdirən Netanyahuya birbaşa, Ukrayna xalqını da, dövlətini də qarşısında diz çökdürmək iddiasından və bu məqsədlə də bombardmanlardan, qırğınlardan əl çəkməyən Putinə isə dolayısıyla dəstək verdi... Və eyni işləri davam etdirir... 
 
Deyə bilərik ki, Tramp Azərbaycan xalqı və dövləti üçün müsbət işlər gördü: İlham Əliyevlə Nikol Paşinyanın Vaşinqtonda görüşünə və Birgə Sülh Bəyannaməsi imzalanmasına nail olmaqla tezliklə Azərbaycan və Ermənistan arasında birdəfəlik Sülh sazişinin imzalanacağına da böyük ümidlər yaratdı. Eyni zamanda artıq rəsmən “Tramp yolu” adlanan Zəngəzur dəhlizinin açılmasını da sənədləşdirdi...
 
Fəqət, sual olunur: ABŞ lideri bütün bunları Azərbaycan və Ermənistan xalqlarına canı yandığındanmı, gerçəkdən digər münaqişə ocaqlarında olduğu kimi, Güney Qafqazda da mənasız insan qırğınlarının durdurulması üçünmü edir, yoxsa? Sözsüz ki, xeyr... Tramp ən yaxşı halda Amerika xalqı və dövlətinin maraqlarını güdür. Hərçənd onun davranışlarından, addımlarından üzə çıxan xarakteri bunu da istisna edir.  Və belə nəticəyə gəlinir ki, Birləşmiş Ştatlarının hazırkı lideri ilk növbədə özünün siyasi-mənəvi və maddi maraqlarını güdür. Elə həmin marağı da açıq-açığına o boyda super dövlətin liderinə yaraşmayan qeyri-təvazökarlıqla nümayiş etdirir. Yəni özünün çox şeyə, xüsusən də Nobel Sülh mükafatına layiq olduğunu vurğulayır. Həmçinin başqalarının, o cümlədən Birgə Sülh Bəyannaməsinin imzalanması zamanı Azərbaycan və Ermənistan liderlərinin onun bu mükafatı layiq olmasını, bununla bağlı Nobel Komitəsinə müraciət edəcəklərinə dilə gətirmələrindən böyük ləzzət alır...
 
Doğrudan da, bəlkə mən yanılıram, XX əsrdən bəri keçən zaman kəsimində, heç nə də əvvəl ciddi dövlətlərin, o cümlədən də elə ABŞ-ın başına bu dərəcədə qeyri-ciddi, təkəbbürlü, özünəvurğun, heç olmasa, dolayısıyla yox, birbaşa haqsıza, zalıma dəstək verən haqlının, məzlumun isə başından basan, daha da əzməyə, əzdirməyə çalışan bir dövlət başçısı, prezident görünməyib... Rusiya imperiyası liderinin birbaşa əlinə oynayan, onun başında duran və digər ölkələrdəki diktatorların çoxuna ən azı siyasi-mənəvi dəstək verən, ABŞ-ın özündə birbaşa demokratik institutlara, mediaya, məhkəməyə hücumlar, basqılar təşkil edən, Amerika hərbçisini Rusiya prezidenti qarşısında alçaldan ikinci belə 
bir prezident heç olmayıb... Deyə bilərsiz ki, Reyqan, yaxud ata Buş da SSRİ lideri Qorbaçovla belə mehriban, isti görüşlər keçirirdi... Axı Qorbaçov demokratik düşüncəli hesab edilən, SSRİ-də yenidənqurma keçirən və sonda onun dağılmasına gətirən bir lider idi...
 
Bir sıra məşhur yerli və xarici şərhçilərin də vurğuladığı kimi, Tramp Azərbaycan-Ermənistan arasındakı sülhü təmin etmək yolunda addımları məhz özünün Nobel Sülh mükafatı ala bilməsi məqsədi ilə atır. Və bu səbəbdən də nə qədər ki, yekun Sülh Sazişi imzalanmayıb, Azərbaycan heç cür arxayınlığa qapıla bilməz. Bu haqda düşünəndə məni əsasən 3 amil narahat edir:
 
Birincisi, həm ilk prezidentlik dövründə, həm də 7-ci ayı tamam olacaq ikinci dövrdə Donald Trampın öz maraqlarına cavab verib-verməməsinə uyğun olaraq söylədiyi fikirləri, verdiyi qərarları müxtəlif situasiyalara uyğun olaraq tez-tez dəyişməsinin şahidi oluruq. Elə Ağ Evə gəlməmişdən öncə Ukrayna savaşını 24 saata dayandıracağı, iyun-iyul aylarında isə Rusiyaya qarşı hədələrlə danışması, hətta bir ara guya nüvə savaşına hazır olduğunu vurğulaması, əvvəlcə Putinə Ukraynada savaşı dayandırmaq üşün 50 gün, sonradan isə 10 gün vaxt verməsi, amma vaxt tamam olandan sonra vəd etdiyi sanksiyaları tətbiq etmək əvəzinə, Beynəlxalq Cinayət məhkəməsi tərəfindən həbsinə order verilmiş, bu səbəbdən bir çox ölkələrə səfər edə bilməyən, nəinki savaşdığı Ukrayna xalqına, öz xalqına qarşı belə, qəddarlığıyla seçilən, işğalçılığı və diktatorluğu bəlli olan Putini Alyaskaya –ABŞ torpağına dəvət  edərək onu son dərəcə isti qarşılaması, dayanıb ona əl çalması da, Amerika hərbçilərini diz çöküb onun qarşısına qırmızı xalı sərməyə məcbur edən də və s.  buna sübutdur. Odur ki, onun  Alyaskada da “gözəl dostum” adlandırdığı Putinin, yaxud erməni lobbisinin xahişi ilə ötən ilin payızında prezident seçkilərindən az öncə sosial şəbəkədə yazdığı “xristian erməniləri öz vətənlərinə- Qarabağa qaytarmaq” vədini sabah xatırlayıb Azərbaycan-Ermənistan Sülh sazişini özünün sabotaj etməyəcəyinə, yaxud “Tramp yolu” haqda Ermənistanla bağlanmış sazişi ləğv etməyəcəyinə heç kəs zəmanət verə bilməz...
 
İkincisi, öncə qeyd etdiyimiz ABŞ prezidentinin Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına özünün Nobel Sülh Mükafatına layiq görülməsi məqsədi ilə çalışması yetərincə ciddi amildir. Bu halda sual meydana çıxır; cəmi iki aydan da az müddətdən sonra –oktyabrın 10-da Nobel Komitəsi Trampın Sülh Mükafatına layiq görülməsinə qərar verməsə, bizim Sülhün taleyi necə olacaq, başımıza nələr gələcək.  O halda hədsiz təkəbbürlü, narsist olan hazırkı Amerika lideri, sözsüz ki, əsəbiləşəcək, özündən çıxacaq, “onların arasındakı sülh-filan mənə lazım deyil, özləri bilər- nə edirlər-etsinlər” deyəsək... Bəs bundan sonra o, Azərbaycan-Ermənistan Sülh Sazişinin gerçəkləşməsi üçün fəaliyyətini davam etdirəcəkmi? Həmin tarixdən 2026-cı ilin iyununa, yəni Ermənistanda növbəti parlament seçkilərinin başlanmasına kimi nələr baş verəcək? Çətin ki, o vaxtadək Sülh Sazişi imzalansın. Bəs sazişin imzalanmadığı və Paşinyanın partiyasının seçkilərdə qələbə qazana bilməyəcəyi, əksinə, rusiyapərəst müxalifətin və revanşistlərin qalib olacağı halda Ermənistanda nələr olacaq? Yeni hökumətə kim rəhbərlik edəcək və o, Azərbaycanla Sülh Sazişinin imzalanmasını dəstəkləyəcək, yoxsa, əksinə, Kremlin də  növbəti təhriki ilə  yeni müharibənin başlanmasına rəvac verəcək?..
 
Hətta Trampın Nobel Sülh mükafatını alacağı halda belə, onun Azərbaycan-Ermənistan arasında yekun Sülh Sazişinin imzalanması üçün ciddi şəkildə çalışacağı şübhə altındadır...
 
Üçüncüsü və ən təhlükəlisi, Trampın gerçəkdən hələ 40 il öncədən keçmiş “KQB”-nin və ardınca həmin imperiya inventarının xələfi “FSB”-nin agenti olmasıdır.   Əndrəbadi, gözlənilməz, məntiqsiz və həm də əksərən yalançı çıxışlarıyla bütün dünya ilə yanaşı, Amerikanın özünü də çaş-baş salan Donald Trampın keçmiş SSRİ Dövlət Təhlükəsizlik Xidmətinin(DTK-“KQB”) guya “Krasnov” ləqəbli agenti olması haqda söz-söhbətlər hələ 2016-cı ildən bəri yayılmaqdadır. O cümlədən bu haqda “KQB”-nin keçmiş yüksək rütbəli əməkdaşları da danışıb və hazırkı Amerika liderinin doğrudan da sovet xüsusi xidmət qurumları tərəfindən ələ alındığını söylədikləri faktlarla və məntiqlə təsdiqləməyə çalışıblar. Düzdür, hazırkı Rusiya diktatoru V.Putinin də yetirməsi olduğu “KQB” əməkdaşlarının o boyda Birləşmiş Ştatların prezidentinin sovet dövründən bəri “KQB”-nin, deməli, indi isə “FSB”-nin və bütövlükdə Kremlin birbaşa təlimatı əsasında davrandığını söyləməsi bir az şübhəlidir. Çünki belə məlumatlar ABŞ dövlətinin, xüsusən də onun Mərkəzi Kəşfiyyat İdarəsinin  Rusiya kəşfiyyatı qarşısında çox aciz olduğunu meydana çıxarır və üstəlik, dünyada, xüsusən bu gün Ukraynaya dəstək durmalı olan Avropada, o cümlədən Moskvanın yenidən sərhədlərini rəsmən bərpa etməyi planladığı keçmiş SSRİ və postsosialist məkanında Rusiya-Putin xofunu daha da gücləndirir. Bu da həmin imperiyanın bütün çöküş parametlərinə rəğmən daha çox torpaqlar və ölkələr işğal etmək şanslarını artırır. Lakin məsələ ondadır ki, keçmiş yazı və xəbərlərdə də bəhs etdiyimiz kimi, Trampın “KQB” agenti olması haqda kifayət qədər ciddi şəxslər danışır, hətta ABŞ MKİ-nin keçmiş rəhbərləri də buna işarə edib...  Bu mövzuda danışan, yazan ciddi şəxslərdən biri elə Putinin tələbəlik yoldaşı, 1985-1987-ci illərdə SSRİ DTK-nın Birinci Baş İdarəsinin Vaşinqton rezidenturasında vəzifə tutmuş keçmiş “KQB” əməkdaşı Yuri Şvets, Ukrayna Milli Qəhrəmanı, Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş idarə rəisi, sabiq xalq deputatı, general-leytenant Qriqori Omelçenko, 1987-ci ildə(məhz həmin il Tramp ilk dəfə Moskvaya səfər edib) SSRİ DTK-nın Moskvada 6-cı İdarəsində xidmət etmiş, müstəqillik dövründə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəisi işləmiş general Əlnur Musayev və digərləridir... 
 
Xülasə, yenə də ABŞ kimi dövlətin başına iki dönəmdə “KQB” casusunun gəlməsi inandırıcı olmasa da, Trampın xüsusən son 7 aydakı hərəkət, davranış və bir sıra rəsmi və qeyri-rəsmi qərarlarının məntiqi şübhələr yaratmaqda davam edir.
 
Hipotetik olaraq təsəvvür edək ki, doğrudan da Tramp “KQB”-“FSB” casusu kimi Putinin təlimatlarıyla hərəkət edir. O halda dünyada, Ukraynada və Güney Qafqazda nələr baş verəcək? Təbii ki, danışıqlarla, gah Zelenski, gah da Putinlə görüşüb, gah da onların ikisini görüşdürmək vədləri ilə baş qatmaqla hazırkı ABŞ lideri Ukraynada savaşın mümkün qədər uzanmasına çalışmaqla var gücü ilə Rusiyanın işğalçı diktatorunun istəklərini həyata keçirməyə, yəni Ukraynanı diz çökdürməyə və ən azı bu ölkədə Moskvaya baş əyən yeni bir hakimiyyət qurulmasına cəhd göstərəcək. Qafqazda isə artıq ləğv olunmaqda olan ATƏT-in Minsk qrupunun “yola vermə, vaxt yubatma” funksiyalarını öz üzərinə götürərək Sülh sazişinin imzalanmasını mümkün qədər uzadacaq, Putinlə birgə Paşinyanın devrilməsinə və onun əvəzinə rusiyapərəst revanşistlərin hakimiyyətə gəlməsinə şərait yaradacaq. Və bundan sonra, təbii ki, sülh prosesi də pozulacaq, Paşinyan dövründə Fransa, Hindistan və s. tərəfindən mümkün qədər silahlandırılmış Ermənistanın yeni iqtidarı tərəfindən Qarabağı geri qaytarmaq məqsədi ilə Azərbaycana hücum cəhdləri olacaq. Və Türkiyənin, bəlkə İsrailin də dəstəyi ilə həmin hücumların qarşısı alınsa da, ən yaxşı halda Qarabağdan köçmüş ermənilərin geri qayıtmasına nail olunacaq. Zəngəzurdan keçən “Tramp yolu” ABŞ-ın himayəsi altında açılsa da, Tramp hakimiyyətdən getdikdən sonra Rusiyanın dəstəyi ilə Amerika şirkəti ilə müqavilə pozulacaq və beləliklə, Zəngəzur yolu “FSB”-nin nəzarətinə keçəcək...  Bu minvalla da Rusiya Azərbaycan və Ermənistan üzərində və deməli, Güney Qafqazda nəzarətini tam bərpa etməklə bölgədə möhkəmlənəcək...
 
Bir sözlə, bizdən asılı olmayaraq Ukrayna kimi Azərbaycanın da gələcəyi bugünkü nəhəng dövlətlərin – Amerikanın, Rusiyanın, Çinin və onların başında duranların siyasətlərindən, xüsusən də bizlərə qarşı davranış və addımlarından asılıdır. Bəs çıxış yolumuz nədir?.. 
 
Hələ ABŞ-dakı son  prezident seçkilərindən az sonra belə başlıqlı bir köşə yazmışdım: “Tramp seçildisə, deməli, xeyir bundadır...-Amma sən özün Allah yoluyla get və adam ol!.." Bu gün Ukrayna dövləti, Ukrayna xalqı Putinin də, Trampın da bütün təzyiqlərinə rəğmən haqq yolundan çəkilmir, azadlığı, ərazi bütövlüyü, müstəqilliyi uğrunda illərlə apardığı ədalətli mübarizəni davam etdirir... Biz də elə etməliyik...
 
Həmin yazıda xatırlatdığım bir Quran ayəsini yenə xatırladıram:
 
"...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.” (Qurani-Kərim, Bəqərə, 216)
 
Yəni çoxumuz Amerika lideri Trampın davranışlarından, xarakterindən xoşlanmasaq da, onun hakimiyyətə gəlməsinə Uca Allah izn veribsə, deməli xeyir bundadır. Və bu reallıqla hesablaşmağa məcburuq. Lakin eyni zamanda bəhs edilən yazıda dediyim kimi,  iki dünya həyatı prizmasından yanaşdıqda, ən əsası, əvvəla, Putindən, yaxud Trampdan qorxunun əcələ faydası yoxdur. İkincisi də, sən Allahın qulusansa, Tramp, yaxud Putin kimdir ki, səni yolundan çıxara. Sən öz yolunla, doğru yolla, Rəbbinin yoluyla get, özünə və başqalarına, xalqa qarşı dürüst ol, ədalətli ol, insaflı ol, vicdanlı ol, namuslu, qeyrətli ol, heç kəsin haqqını tapdama, heç kəsə zülm etmə, oğurluq etmə, talama,  rüşvət alma, rüşvət vermə, sələm alma, sələm vermə, korrupsiya ilə məşğul olma, haqsız yerə can alma... Bir sözlə, adam ol, Allah adamı... Bu halda bütövlükdə, səni də, ölkəni də, Trampı da, Putini də, Si Zinpini də, Netanyahunu da, Amerikanı da, Rusiyanı da, Çini də, İsraili də, Avropanı da və s. idarə edən hər kəsdən və hər şeydən qüdrətli Allah sənin arxanda, yanında olacaq və sonda sən qalib olacaqsan...
 
Nəhayət, onu da xatırladım ki, Putin kimi, Netanyahu kimi beynəlxalq cinayətkarlara “əziz dostum” deyə müraciət edən Tramp özü də dini inanca, xristianlığa meyilli şəxs kimi görünür. O, son açıqlamalarından birində açıq şəkildə deyib ki, mən Ukraynada sülhün bərqərar olmasına Cənnətə düşmək üçün çalışıram... Bəs biz necə dinimizə hörmət edir və Allaha inanırıqmı? İnanırıqsa, Cənnətə düşmək istəmirik? Bəs Cənnətə düşmək üçün Trampın Nobel Sülh mükafatını alıb-almamasından asılı olmayaraq nələri etməliyik?..
 
Sultan Laçın
Избранный
95
moderator.az

1Источники