RU

“Təhsil islahatları olmasa, böhran dərinləşəcək” -

Son illərdə Azərbaycanda ali təhsilin magistratura pilləsinə marağın azalması artıq rəsmi rəqəmlərdə də öz əksini tapır. Metbuat.az xəbər verir ki, millət vəkili Ceyhun Məmmədov ali təhsilin magistratura pilləsinə marağın son illərdə ciddi şəkildə azalmasından narahatlığını ifadə edib. O bildirib ki, bu, artıq sadəcə müşahidə deyil, rəsmi rəqəmlərlə təsdiqlənən reallıqdır. 2025-ci il magistraturaya qəbul imtahanlarının nəticələrinə diqqət çəkən deputatın sözlərinə görə, boş qalan 3700 yerin, o cümlədən dövlət sifarişi ilə ayrılmış 1200 yerin cəmi 1418-i seçilib, onlardan isə yalnız 617 nəfər qəbul olunub. Dövlət sifarişi üzrə ayrılan 1200 yerin cəmi 96-sının dolması isə vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Ceyhun Məmmədov hesab edir ki, yüzlərlə dövlət sifarişli – yəni tamamilə pulsuz təhsil imkanı – boş qalması gənclərin magistratura təhsilini karyera üçün artıq vacib saymadığını göstərir. Onun fikrincə, bu, həm təhsilin keyfiyyəti və etibarlılığı ilə bağlı narahatlıq doğurur, həm də əmək bazarının real təsirini əks etdirir. Deputat qeyd edib ki, magistr diplomunun işə qəbul prosesində əvvəlki illərdəki kimi üstünlük yaratmaması marağın azalmasının əsas səbəblərindəndir.Millət vəkili vurğulayıb ki, dövlətin ayırdığı resursların istifadəsiz qalması təhsil siyasətində strateji boşluğa işarədir və insan kapitalının zəifləməsinə gətirib çıxarır. Onun sözlərinə görə, ali təhsilin magistratura pilləsi ölkədə əvvəlki nüfuzunu və çəkisini itirməkdədir və bu proses dayandırılmasa, yaxın illərdə ali təhsil sistemi daha ciddi itkilərlə üzləşəcək.Deputat çıxış yolunu təhsil proqramlarının müasir əmək bazarının tələblərinə uyğun yenilənməsində, magistr təhsilinin işəgötürənlər üçün real üstünlük yaratmasında və dövlət sifarişi ilə ayrılan yerlərin cazibədar şəkildə formalaşdırılmasında görür. O həmçinin hesab edir ki, təhsil müəssisələri elmi-tədqiqat imkanlarını gücləndirməli, magistratura təhsili formal pillə yox, praktik və elmi dəyəri olan bir mərhələyə çevrilməlidir.

“Bu rəqəmlər sadəcə statistika deyil, gələcək üçün itirilmiş şanslardır. Təhsil siyasətində çevik və əsaslı islahatlar aparılmasa, böhran daha da dərinləşəcək. Azərbaycanın gələcəyi isə yalnız gənclərimizin savadlılığı, hazırlığı və keyfiyyətli təhsilindən keçir,” – deyə millət vəkili Ceyhun Məmmədov qeyd edib.

Избранный
116
metbuat.az

1Источники