RU

İxtisas seçimində bu abituriyentlər ciddi risklə üzləşəcəklər Ekspert AÇIQLADI

ain.az bildirir, Modern.az portalına istinadən.

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ötən gün başa çatıb.

Modern.az-a açıqlamasında təhsil ekspertİ Ramin Nurəliyev yekun statistik göstəriciləri təhlil edərkən bildirib ki, bu il ixtisas seçimində müşahidə olunan tendensiyalara əsasən, I ixtisas qrupunda vəziyyət olduqca yaxşıdır:

"Riyaziyyat-kimya alt qrupunda keçid ballarında 30-80 bala qədər enmə gözlənilir. Bəzi ixtisaslarda bu fərq daha da böyük ola bilər. Məsələn, keçən il 400 balla qəbul olunan bir abituriyent bu il eyni ixtisasa 330-340 balla qəbul ola bilər. Riyaziyyat-informatika alt qrupunda da balların 50-60 bal aşağı düşəcəyi ehtimalı var. Bu eniş dövlət sifarişli yerlərin sayının artması ilə birbaşa bağlıdır. Xüsusilə kompüter yönümlü ixtisaslarda dövlət sifarişi ilə qəbul imkanlarının genişlənməsi nəticəsində balların daha da enəcəyi gözlənilir. Ötən il kompüter mühəndisliyi ixtisasına dövlət sifarişi ilə qəbul üçün 450 bal tələb olunurdusa, bu il bu göstərici 380-400 aralığında dəyişə bilər. Dövlət sifarişli yerlərin çoxluğu nəticəsində hətta bəzi özəl universitetlərdə də ödənişsiz təhsil imkanı yaranacaq. 270-300 bal toplayan abituriyentlər özəl universitetlərdə informasiya təhlükəsizliyi kimi ixtisaslara rahatlıqla pulsuz qəbul ola bilərlər. Qərbi Kaspi, Odlar Yurdu kimi universitetlərdə bu hallar daha çox müşahidə ediləcək".

Təhsil ekspertinin sözlərinə görə, II ixtisas qrupunda isə vəziyyət nisbətən fərqlidir.

"Burada bir qədər - təxminən 5-20 bal arasında artım proqnozlaşdırılır. Xüsusilə orta və aşağı bal səviyyəsində bu artım daha çox nəzərəçarpacaq. Rus bölməsində plan yerlərinin artmasına baxmayaraq, yüksək rəqabət səbəbilə balların yenə də qalxacağı ehtimal olunur. Dövlət sifarişi ilə maliyyə, iqtisadiyyat, mühasibatlıq və logistika kimi ixtisaslarda keçid ballarında 30 bala qədər artım gözlənilir. Bu səbəbdən 2-ci qrupda dövlət sifarişli yerləri hədəfləyən abituriyentlərin ixtisas seçiminə xüsusi diqqət yetirməsi vacibdir".

R.Nurəliyev qeyd edib ki, ən riskli vəziyyət III ixtisas qrupunda müşahidə olunur.

"Son illərdə III ixtisas qrupunda ciddi artım qeydə alınmasa da, bu il 50-60 bala qədər artım ehtimalı yüksəkdir. Blok imtahanında 100 balı keçməyən abituriyentlər üçün isə vəziyyət daha da çətin olacaq. Müsabiqənin gərgin keçəcəyi, balların ciddi şəkildə qalxacağı gözlənilir. DT alt qrupunda da oxşar artım müşahidə edilə bilər. Hüquq ixtisasında isə cüzi artım proqnozlaşdırılır. Keçən il hüquq ixtisası üzrə 613 bal olan keçid balının bu il 615-620 aralığında olması mümkündür. Lakin Polis Akademiyasının qəbul göstəriciləri tam aydın olmadığı üçün hüquq üzrə dəqiq proqnoz vermək çətindir. TC alt qrupunda regionşünaslıq və beynəlxalq münasibətlər ixtisaslarında 50 bal ətrafında artım gözlənilir. Ümumilikdə bu qrup üzrə 25 min abituriyentdən təxminən 15 min nəfər ixtisas seçiminə buraxılıb və bu sayda plan yeri ayrılıb. Buna baxmayaraq, ehtimal olunur ki, 4-5 min plan yeri boş qalacaq və yalnız 10 minə yaxın abituriyent qəbul olacaq. Seçimini keçən ilin ballarına əsasən edən abituriyentlər isə ciddi risklə üzləşə bilərlər".

Ekspert onu da əlavə edib ki, IV ixtisas qrupunda da ciddi artım gözlənilir. Onun fikrincə, bəzi ixtisaslarda 50 və daha çox bal fərqi ola bilər:

"Xüsusilə Tibb ixtisasında keçid balının ötən ilki 605-dən bu il təxminən 625-ə qədər yüksələcəyi proqnozlaşdırılır. Aşağı və orta ballı digər ixtisaslarda da artım müşahidə olunacaq. Məhz bu səbəbdən bu il IV  ixtisas qrupunda qəbul üçün mübarizənin daha çətin keçəcəyi ehtimal olunur".

O həmçinin vurğulayıb ki, V ixtisas qrupunda da vəziyyət bir qədər gərgin xarakterizə olunur:

"Buraxılış imtahanlarının nisbətən asan olması səbəbilə bu ixtisas qrupunda rəqabət güclənəcək. Xəzər, Qərbi Kaspi, UNEC, Bakı Mühəndislik Universiteti kimi ali məktəblərdə qabiliyyət tələb olunmayan dizayn və tətbiqi sənət ixtisasları müəyyən qədər abituriyentlərə rahatlıq yaratsa da, təhsil haqlarının yüksək olması bəzi hallarda bu ixtisasların seçilməsinə mane ola bilər. Xəzər Universitetində illik təhsil haqqının 4000, Qərbi Kaspi Universitetində isə 3500 manat olması, bəzən bu ixtisaslarda balların aşağı düşməsinə səbəb ola bilər. Bununla belə, ADA, UNEC, BMU və İtaliya-Azərbaycan universitetlərində Dizayn ixtisasında balların yüksələcəyi proqnozlaşdırılır".

Ekspert son olaraq söyləyib ki, bu il ixtisas seçimi zamanı əvvəlki illərin nəticələrinə deyil, cari il üzrə real vəziyyətə əsaslanmaq daha məqsədəuyğundur:

"Aşağı bal toplayan abituriyentlər üçün I ixtisas qrupu əlverişli imkanlar yaratsa da, II , III , IV və V ixtisas qruplarında ciddi rəqabət və keçid ballarında artım gözlənilir. Düzgün seçim etməyən və diqqətsiz olan abituriyentlər uğursuz nəticə ilə üzləşə bilərlər",- deyə R.Nurəliyev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
2
modern.az

3Источники