
Azərbaycan ABŞ-la milli təhlükəsizlik və texnologiya sahəsində əməkdaşlığı daha da gücləndirmək niyyətindədir.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim "Axios" nəşrinə müsahibəsində bildirib.
Səfir qeyd edib ki, Tramp administrasiyasının vasitəçiliyi ilə imzalanmış sülh bəyanatından sonra Azərbaycan yeni mərhələyə qədəm qoyub və bütün istiqamətlərdə - iqtisadiyyat, enerji, müdafiə, siyasət, təhsil, texnologiyalar və süni intellekt sahəsində ABŞ-la sıx əməkdaşlıq edəcək.
Xəzər İbrahim ABŞ prezidenti Donald Trampa minnətdarlığını ifadə edib və onun Nobel Sülh Mükafatına layiq olduğunu vurğulayıb:
"Çox qısa bir müddətdə - cəmi 6 ay ərzində onun bacardığını 30 ildən artıq dövrdə heç kim bacarmamışdı. Tramp bu mükafatı 101% haqq edir", - deyə o bildirib.
Səfir həmçinin Ağ Evin xüsusi elçisi Stiv Uitkoffun mart ayında Azərbaycana səfərinin mühüm rol oynadığını qeyd edib.