RU

“Layihə həm region, həm də Çin-Avropa üçün mühüm əhəmiyyət daşıyır” - Mətin Məmmədli

“Yeni açılacaq TRİPP layihəsi mahiyyət etibarilə Zəngəzur dəhlizi rolunu oynaya bilər. Zəngəzur dəhlizi dedikdə əsas məqsəd Azərbaycanın əsas hissəsindən Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunmasıdır. Bu baxımdan TRİPP layihəsində də həmin məqam nəzərə alınır. Azərbaycan üçün əsas məsələ ilk növbədə məhz maneəsiz əlaqənin yaradılmasıdır. Eyni zamanda təhlükəsizlik məsələsinin də təmin edilməsi vacibdir və məlum olduğu kimi ABŞ bu istiqamətdə müəyyən öhdəliklər götürüb. Bu baxımdan TRİPP layihəsi ilə Zəngəzur dəhlizi arasında mahiyyət etibarilə ciddi fərq yoxdur”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Mətin Məmmədli deyib.

Qeyd edək ki, son aylarda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda kommunikasiya layihələri gündəmə gətirilib. Bəzi analitiklər bu təşəbbüsləri şərti olaraq TRIPP (Trump Route for International Peace and Prosperity) adlandırır və bunun sülh prosesinə, eləcə də Cənubi Qafqazda geosiyasi balansın dəyişməsinə təsir göstərə biləcəyini vurğulayırlar. Regionun strateji xəritəsində Zəngəzur dəhlizi və digər nəqliyyat marşrutları da mühüm yer tutur. Bu layihələrin uğuru isə Rusiya, İran, Çin və Qərb ölkələrinin maraqları ilə bilavasitə bağlıdır.

Siyasi şərhçi bildirib ki, layihənin həyata keçirilməsi region ölkələri üçün mühüm iqtisadi və ticarət üstünlükləri yarada bilər.

“Ümumilikdə kommunikasiyaların açılması regional inteqrasiya proseslərini sürətləndirəcək, iqtisadi potensialı artıracaq. Bununla yanaşı, layihə yalnız region ölkələri üçün deyil, daha geniş coğrafiyada yerləşən dövlətlər üçün də əhəmiyyətli ola bilər. Son illərdə şimal və cənub istiqamətlərindəki münaqişə və müharibələr Orta Dəhlizin aktuallığını artırıb. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin effektivliyini yüksəldə bilər. Nəticədə həm region, həm də qeyri-region ölkələri – Çindən Avropaya qədər – bu layihədən faydalana bilərlər”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Избранный
11
aznews.az

1Источники