RU

Əliyevin bu gedişi Rusiyanı ifşa etdi – SOCAR-ın obyektinə hücum Kremlin maskasını partlatdı

Rusiya ilə Azərbaycan arasında gərginlik davam edir. Son günlər rəsmi Moskva gərginliyi səngitmək, münasibətləri normallaşdırmaq əvəzinə daha da irəli gedərək yeni insidentlərə əl atır. Rusiya Silahlı Qüvvələrinin Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini hədəf alması buna əyani sübutdur. Üstəlik, bu, ilk belə hadisə deyil.

Belə ki, bir müddət öncə Rusiya hərbçiləri Odessa vilayətində magistral qaz kəmərinə zərbələr endirdi. Həmin zərbələr nəticəsində İzmail rayonunun Orlovka kəndi yaxınlığında “Orlovka-1/2” qazpaylayıcı stansiyası dağıldı. Qeyd edim ki, “Orlovka” Yunanıstan LNG terminallarını Transbalkan qaz kəməri vasitəsilə Ukrayna qaz anbarları ilə birləşdirən marşrutun bir hissəsi idi. Yəni bu qaz kəməri vasitəsilə Ukrayna Yunanıstandan, Rumıniyadan, Türkiyə və Azərbaycandan da qaz alırdı.

Bununla yetinməyən Rusiya 8 avqust tarixində Odessa vilayətindəki SOCAR-a məxsus neft bazasına 5 “Şahid” dronu ilə zərbə endirdi. Hücum nəticəsində şirkətin dörd əməkdaşı xəsarət aldı, onlarca şəxs ağır yaralandı. Bu hücumdan 10 gün sonra, yəni avqustun 18-də Rusiya Silahlı Qüvvələri yenə “Şahid” PUA-ları ilə Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurdu.

Göründüyü kimi, Rusiya silahlı qüvvələrinin Ukraynada SOCAR-a məxsus obyektlərə zərbələr endirməsi ardıcıllığı və sistematikliyi ilə diqqət çəkir. Hətta konkret bir hərbi əməliyyat planının tərkib hissəsi olduğundan söz açmaq mümkündür.

Halbuki Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibəsində Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında AZAL-ın təyyarəsinin vurulmasından danışarkən, Azərbaycanın bunun qəsdən hücum olduğunu düşünmədiyini bildirmişdi. “Biz sadəcə bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”, – deyə Prezident İlham Əliyev deyib.

Rusiya

18 avqust 2025-ci il. Rusiya Silahlı Qüvvələri Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

Əslində, ölkə başçısının bu sözləri özlüyündə onu deməyə əsas verir ki, Bakının Moskva ilə xüsusi heç bir problemi yoxdur. Ölkə başçısı da dediyi kimi, AZAL təyyarəsinin vurulmasının qəsdən hücum olmadığı fərqindədir. Və Rusiyadan konkret gözləntilər açıq şəkildə bir daha bildirildi:

1. AZAL təyyarəsinin vurulmasının etiraf edilməsi;

2. Həmin cinayəti törədənlərin cəzalandırması;

3. Tam təzminatın ödənilməsi.

Bunu ona görə qeyd edirəm ki, rusiyalı rəsmilər və media ekspertləri artıq neçə dəfədir ki, Azərbaycandan gərginliyi artırmaqda, müharibədə tərəf tutmaqda, hətta xəyanətdə ittiham edirlər. Halbuki Bakının mövqeyi açıq və nettir, özü də münaqişənin lap əvvəlindən. Kremlin isə Bakının bu mövqeyinə rəğmən aqressiv ritorikadan əl çəkmədiyi kimi, Azərbaycan-Ukrayna müharibəsinin bir parçasıymış kimi məqsədyönlü şəkildə SOCAR-a məxsus obyektləri hədəf seçib zərbələr endirir.

Ölkə başçısının dediyi kimi, AZAL təyyarəsinin vurulması qəsdən hücum olmaya bilər, lakin Rusiyanın Ukraynada SOCAR-a məxsus obyektləri hədəf seçib vurması artıq təsadüf sayıla bilməz.

Azərbaycanın əvvəlcədən verdiyi açıq xəbərdarlığa baxmayaraq SOCAR-ın obyektlərinə zərbələr davam edirsə, bu açıq şəkildə Azərbaycana və onun maraqlarına qarşı düşmənçilikdir. Eyni zamanda, bu, Kremlin Bakı ilə gərginliyi azaltmaq niyyətində olmadığını və əksinə, qarşıdurmanı dərinləşdirmək istədiyini ortaya qoyur.

Belə vəziyyətdə Azərbaycan daha konkret addımlar atmaq məcburiyyətində qala bilər. Özəlliklə bu addımlar Moskvada narahatlıq doğuracaq qədər ciddi ola bilər.

Prezident İlham Əliyevin bu alicənab davranışından, ədalətli yanaşmasından sonra Azərbaycana məxsus infrastrukturun qəsdən vurulması Moskvanın nə qədər cığal, qərəzli olduğunu ortaya qoyur. Əslində Azərbaycan liderinin bu gedişi Rusiya hakimiyyətini ifşa etdi və ölkəmizə qarşı düşmən mövqedə dayandığını dünyaya göstərdi.

Turan Rzayev
Globalinfo.az

Избранный
15
1
editor.az

2Источники