RU

Bölgələrin inkişafına kompleks yanaşma dövlətin iqtisadi siyasətinin əsas tərkib hissəsidir

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncəyə səfərləri çərçivəsində mühüm sosial obyektlərin təməlqoyma mərasimində iştirak etdilər, görülən işlərlə yaxından tanış oldular

Dövlət başçısı İlham Əliyev 2003-cü ildə bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Həmçinin əsas hədəflərdən biri də bu oldu ki, neft kapitalını insan kapitalına çevirməliyik. Cənab İlham Əliyev bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini önə çəkdi və Regional inkişaf proqramlarının icrasına start verildi. Prezident İlham Əliyevin Azərbaycanın bölgələrinə mütəmadi səfərləri regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə aparılan işlərlə yerində tanış olmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bölgələrə səfərləri həm nəzarət üçün bir vasitədir, yəni verdiyi tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.

 Cənab İlham Əliyev rayonlara hər səfərində yeni obyektlərin açılışlarında və təməlqoyma mərasimlərində iştirak edir, görülən və həyata keçiriləcək işlərlə tanış olur, tapşırıq və tövsiyələrini verir. Bu səfərlərdə dinamika və balans gözlənilir. Belə ki, işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasının prioritet elan edilməsinə baxmayaraq, ölkəmizin digər şəhər və rayonlarının inkişafı da diqqətdən kənarda qalmır. Biz bunu Prezident İlham Əliyevin bölgələrə səfərlərinin davamlılığında aydın görürük. Avqustun 20-də dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhərində oldular. Onlara şəhərdə görülən bərpa-quruculuq işləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncə şəhərində bütün aidiyyəti qurumlar səfərbər olunub, genişmiqyaslı abadlıq-quruculuq, təmir-bərpa və tikinti işləri həyata keçirilir. Gəncə Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən indiyədək 120-dən çox küçənin asfalt örtüyü yenilənib, əsaslı təmir işləri görülüb. Yenidənqurma işləri şəhərdəki bir neçə parkı da əhatə edib. Bütün bunlarla yanaşı, küçələrin işıqlandırılması, şəhərin müxtəlif yerlərində yeni yaşıllıqların salınması istiqamətində bir sıra işlər görülüb.

“Bakı Abadlıq Xidməti” MMC tərəfindən şəhərin 637 yaşayış və qeyri-yaşayış binasının fasadı təmir edilib, 1159 binanın dam örtüyü və 49 küçədə, prospektdə işıqlandırma sistemləri, 62 ünvanda fasad işıqlandırılması yenilənib, 24 fəvvarədə təmir və bərpa işləri görülüb, 27 min kvadratmetr sahədə piyada yolları bərpa edilib.

 Qeyd edək ki, bu il Azərbaycan növbəti böyük idman yarışına - III MDB Oyunlarına ev sahibliyi edəcək. Bunun üçün bir neçə şəhər və rayon seçilsə də, əsas oyunlar Gəncədə keçiriləcək. Prezident İlham Əliyevin ötən il dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə qeyd etdiyi kimi, Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq: «Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin ən böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir.»

Gəncə şəhərində 7 min iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün şərait yaradılması da diqqət mərkəzindədir. Dövlətimizin başçısı bu barədə bəhs edərkən qeyd etmişdir ki, həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin. Əlbəttə ki, biz təbii olaraq bu Oyunlara da hazırlaşırıq. Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər.

Əvvəldə də qeyd etdiyimiz kimi, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına böyük tikinti-quruculuq işləri həyata keçirilir, yeni şəhərlər, qəsəbələr, kəndlər salınır, sıfırdan infrastruktur yaradılır. Buna baxmayaraq, Azərbaycan dövləti digər bölgələrdə də tikinti-quruculuq işlərinin davam etdirilməsini diqqətdə saxlayır. Gəncədə də hər il genişmiqyaslı abadlıq və yenidənqurma işləri görülür. Özü də bu işlər mərhələli şəkildə və davamlı olaraq icra edilir. Həm görülən işlərin davamı olaraq, həm də MDB İdman Oyunlarının keçiriləcəyini nəzərə alaraq, Prezident İlham Əliyevin tapşırığı ilə Gəncə şəhərində aparılan genişmiqyaslı təmir-tikinti və abadlıq işləri sürətləndirilir. Dövlət başçısı İlham Əliyevin Gəncəyə səfəri bir daha görülən işlərlə yaxından tanışlıq xarakteri daşıdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış oldular.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin Gəncə şəhərində “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak etdilər. Yüksək texnoloji bazalt məhsullarına beynəlxalq bazarlarda böyük tələbat var. Bazalt mənşəli məhsullar kənd təsərrüfatı və sənaye sahələri üçün yüksək dəyərə malik, ekoloji cəhətdən təhlükəsiz və çoxfunksiyalı materiallardır. Vulkanik mənşəli və yüksək mineral tərkibli bazalt tozu torpağın qida balansını bərpa edir, strukturunu yaxşılaşdırır və məhsuldarlığı artırır, su hövzələrinin turşulaşmasının qarşısını alır. Bazalt liflərindən isə filtrasiya, səsboğucu, istilik buraxmayan, korroziyaya davamlı örtüklər, beton üçün qatqı və tikinti sahəsində istifadə olunan digər yüksək dayanıqlı materiallar istehsal edilir. Bu materiallar yüksək istilik müqaviməti, dayanıqlılığı və ekoloji təmizliyi ilə seçilir. Həmin xüsusiyyətlərinə görə bazalt lifləri aviasiya, raket texnikası, müdafiə və avtomobil sənayesi kimi yüksək texnoloji sahələrdə geniş istifadə olunur.

Bu müəssisənin yaradılması yerli resursların əlavə dəyərə çevrilməsi, ekoloji və dayanıqlı istehsal modeli ilə Azərbaycanın qeyri-neft sənayesinin inkişafına xidmət edəcək, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalını artıracaq. Müəssisədə xammal kimi yerli bazaltdan istifadə isə daxili təbii ehtiyatların səmərəli dəyərləndirilməsini təmin etməklə, istehsal zəncirini möhkəmləndirəcək.

Səfər çərçivəsində Gәncә Memorial Kompleksində tikinti işlərinin gedişi ilə, “Hacıkənd” istirahət kompleksinin tikintisi ilə tanışlıq oldu. Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsini əbədiləşdirmək üçün Gəncə Memorial Kompleksi inşa olunur.

Gəncə Memorial Kompleksinin təməlini Prezident İlham Әliyev 2022-ci ilin yanvarında qoyub. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətləri özündə əks etdirəcək Kompleks raket zәrbәlәrinә mәruz qalmış yaşayış binalarının vә keçmiş parkın yerlәşdiyi ərazidə yaradılır. Ümumi sahəsi 4 hektar təşkil edəcək Kompleksdə ikimәrtәbәli muzey binası və sәrgi zalı olacaq. Burada mülki әhaliyə qarşı törәdilmiş cinayәtlәrlə bağlı ekspozisiya, həmçinin dağıdılmış binaların yerlәri ziyarәtçilәrә nümayiş etdirilәcәk. Kompleksdə, həmçinin konfrans zalı da yaradılacaq. Ərazidəki parkda yaşıllaşdırma işlәri aparılacaq, 700-ә yaxın ağac, 12 mindәn çox dekorativ kol vә güllәr әkilәcәk. Ermənistan ordusu tərəfindən atılmış raketin izini simvolizә edәn spiralvari kraterin dәrinliyi 13 metrdir. Hazırda muzey binasının tikintisi ilə bağlı son tamamlanma, həmçinin ekspozisiyanın tәşkili vә әrazinin abadlaşdırılması işləri həyata keçirilir.

Azərbaycan müharibədən dərhal sonra sülh təşəbbüsləri ilə çıxış edib, sülh gündəliyinin reallaşması üçün ardıcıl iş aparıb və artıq sülh müqaviləsi tərəflər arasında paraflanıb. Buna baxmayaraq, xalqımıza qarşı törədilmiş müharibə cinayətlərinin unudulmaması, tariximizin gələcək nəsillərə çatdırılması baxımından bu cür komplekslər mühüm rola malikdir.

“Hacıkənd” istirahət mərkəzinin istifadəyə verilməsi bölgədə turizm potensialının möhkəmləndirilməsinə, məşğulluğun səviyyəsinin artırılmasına, ümumilikdə sosial-iqtisadi inkişafa böyük töhfə verəcək. Beləliklə, Qafqaz dağlarının ətəyində, sıx meşələrlə əhatələnmiş "Hacıkənd" İstirahət Kompleksi qonaqlara təbiət qoynunda istirahət imkanları təqdim etməklə regionun turizm xəritəsində mühüm yer tutacaq.

Dövlət başçısının regionlara səfərləri bölgələrin yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, regionların inkişafı üçün uğurla reallaşdırılan Dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı artımına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun təmin olunmasına təkan verir.

Bölgələrin inkişafına kompleks yanaşmanı regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarından da görə bilərik. Belə ki, həmin sənədlərdə hər bir bölgənin inkişafına ayrı-ayrılıqda diqqət göstərildi, hədəflər açıqlanaraq onlara nail olmağın mexanizmləri diqqətə çatdırıldı. Artıq 4 Dövlət Proqramı uğurlu icrasını başa çatdırıb. Tarixi Zəfərimizin reallıqları bu sənədlərin yenilənməsini, təkmilləşdirilməsini bir tələb kimi qarşıya qoydu. Bu baxımdan yeni təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də bütün bölgələrin gələcək inkişafı ilə bağlı kompleks tədbirlər öz əksini tapıb.

Prezident İlham Əliyevin aqrar sahədə sahibkarlığın inkişafının stimullaşdırılması ilə bağlı qəbul etdiyi bir sıra qərarlar, imzaladığı sənədlər nəticəsində bu gün ölkəmizin istehsalı olan məhsullar “Made in Azerbaijan” brendi adı altında dünyanın yüzlərlə ölkəsinə ixrac edilir. İstehsal olunan məhsulların böyük əksəriyyəti kənd təsərrüfatı və emal sənayesinin payına düşür ki, bu da aqrar sahənin və qeyri-neft sektorunun dinamik yüksəlişini nümayiş etdirir. Təbii ki, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əsas məqsədi ölkənin iqtisadi artım tempinin davamlılığının təmin olunması ilə yanaşı, həm də əhalinin sosial rifahının yüksəldilməsidir. Məhz regionlara olan diqqət və qayğının nəticəsidir ki, ötən 21 ildə üç mindən çox məktəb binası, minə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib, 40-dan çox olimpiya mərkəzi və yüzlərlə müxtəlif idman qurğuları istifadəyə verilib. Eyni zamanda, yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir. Bütün bunlar və sadalamadığımız digər faktlar bir daha sübut edir ki, ölkəmizin qarşısında işğaldan azad olunan ərazilərin bərpası, oradakı infrastrukturun yaradılması və Böyük Qayıdış proqramının reallaşdırılması kimi mühüm çağırışların dayanmasına baxmayaraq, Azərbaycanda balanslaşdırılmış daxili siyasət kursu həyata keçirilir, heç bir bölgə heç bir sahədə ölkənin ümumi inkişafından kənarda qalmır.

Ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. Azərbaycanın uğurlu inkişafı beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir. Azərbaycan mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır. Ölkə Prezidenti bu uğurlarımızda bir məqamı xüsusi qeyd edir ki, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və müstəqil ölkə kimi yaşayırıq.

Güclü iqtisadiyyat yaradılır, sosial məsələlərin həlli istiqamətində addımlar atılır. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə diqqət yetirsək vətəndaş amilinin prioritetliyini aydın görmək mümkündür. Tarixi Zəfərimizdən ötən ilədək bu istiqamətdə dövlət büdcəsindən 18 milyard manata yaxın vəsait xərclənib. 2025-ci ildə isə daha dörd milyard manat vəsaitin xərclənməsi nəzərdə tutuldu. Hazırda Qarabağda və Şərqi Zəngəzurda 50 minə yaxın insan yaşayır, çalışır və orada tikinti-quruculuq işlərində iştirak edir. Vətəndaşlarımızın orada məskunlaşması üçün hər cür sosial infrastruktur şəraiti yaradılır, məşğulluqları təmin olunur. Ən əsası, Qarabağ və Şərqi Zəngəzur müasir sivil dünyanın tələbləri səviyyəsində və ekoloji tələblər gözlənilməklə tikilir, bərpa olunur. Ölkə Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilməkdədir. Bütün bölgərimizdə görülən işlər Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Hədəflərə zamanında nail olmaq üçün, təbii ki, iqtisadiyyat inkişaf etdirilməlidir. Bu baxımdan, Azərbaycan yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə olaraq dünyanın diqqətində, beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumaqdadır. Azad edilmiş ərazilərimizdə tətbiq olunan müasir idarəçilik sisteminin gələcəkdə bütün bölgələrdə tətbiqi prioritetlər sırasındadır.

Yeganə Əliyeva, «İki sahil»

Избранный
22
ikisahil.az

1Источники