RU

Avropada siyasi elitanın çöküşü və lider böhranı

Bunun tam əksi olaraq, 8 avqust 2025-ci ildə dünya Ağ Evdə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, özünün də dediyi kimi böyük Lider İlham Əliyevə göstərdiyi hörmətin şahidi oldu

Bəzi Avropa liderləri illərlə “insan hüquqları”, “humanitar dəyərlər” və “demokratik prinsiplər” kimi anlayışları beynəlxalq siyasətdə bayraq edərək özünü qlobal etik dəyərlərin daşıyıcısı kimi görürdü. Ancaq son illərdə bu idealist maskanın arxasındakı siyasi reallıqlar gün kimi ortaya çıxır: Avropanın aparıcı ölkələri həm daxilində, həm də xarici münasibətlərində ardıcıl siyasət yürüdə bilmir və bu səbəbdən ciddi siyasi deqradasiyaya uğrayır. ABŞ ilə münasibətlərdə yaranan gərginliklərin səbəbi də təkcə Vaşinqtonun mövqeyindəki dəyişikliklər deyil, daha çox bu ölkələrin siyasi elitasının öz daxilindəki iradə boşluğu və vizion çatışmazlığıdır. Məlumdur ki, Aİ-nin daxilində dərin siyasi parçalanmalar, suverenlik böhranı, populizmin yüksəlişi və liderlik böhranı onun qlobal mövqeyinə ciddi zərbə vurub. Avropa İttifaqı siyasi ritorikasında qlobal aktor obrazını canlandırmağa çalışsa da, təhlükəsizlik reallığında hələ də ABŞ-ın hərbi varlığına və NATO-nun qalxanına möhtacdır. Bəzi hallarda Avropa liderləri, xüsusilə Fransa prezidenti Emmanuel Makron NATO-nu “beyin ölümü keçirmiş” qurum kimi tənqid etsələr də, elə həmin tənqidçilər də alternativ mexanizm ortaya qoya bilmirlər. Almaniya isə uzun illər boyu aşağı hərbi xərclərlə ABŞ-ın təhlükəsizlik zəmanətindən faydalanaraq, öz iqtisadi maraqlarını qoruyub. Avropa müdafiə siyasəti bir çox halda siyasi niyyət bəyanatlarından o yana keçmir. Rusiya ilə sərhəddə yerləşən Baltik ölkələri və Şərqi Avropa dövlətləri üçün bu reallıq daha da kritikdir. 2014-cü ildə Krımın ilhaqından və xüsusilə 2022-ci ildə Rusiya–Ukrayna müharibəsinin başlanmasından sonra bu ölkələr Aİ-nin deyil, məhz NATO-nun daha dəqiq desək, ABŞ-ın təmin etdiyi təhlükəsizlik çətiri altında yaşamağın verdiyi nisbətən “rahatlıqla” mövcudluqlarını davam etdirirlər ki, elə bu amil də Aİ-nin geopolitik etibarlılığını sorğulayan sualları daha da gücləndirir.

Aparıcı Avropa ölkələrinin liderlik böhranı isə bu deqradasiyanın həm səbəbi, həm də nəticəsidir. Son illər Avropa Komissiyası və Avropa Şurası real siyasi liderlik nümayiş etdirmək əvəzinə, texnokratik idarəetməyə üstünlük verib. Belə bir vəziyyətdə ABŞ kimi böyük aktorlarla münasibətlərin idarə olunması daha da çətinləşir, çünki qarşı tərəf konkret qərar, lider və mövqe gözləyir, qarşı tərəf isə daxili uzlaşma axtarışında ilişib qalır. Avqustun 18-də ABŞ-nin paytaxtı Vaşinqtonda Prezident Donald Trampın qəbulunda çəkilmiş fotonun sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olması da təsadüfi deyil. Fotoda Avropa liderləri, o cümlədən Fransa prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Ciorcia Meloni, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Almaniya kansleri Fridrix Merts, Finlandiya Prezidenti Aleksandr Stubb, hətta NATO-nun Baş katibi Mark Rutte də Donald Trampın qarşısında, bir cərgədə oturub diqqətlə Ağ Ev rəhbərinə qulaq asırlar. Sanki müəllim dəcəllik etmiş şagirdləri sıraya düzüb danlayır. Sadə avropalılar, jurnalistlər və ictimai fəallar bu mənzərəni haqlı olaraq “Avropa gücünün çöküşü”, “Trampın Avropa liderlərinə dərsi” kimi dəyərləndirir və məyusluqlarını gizlətmirlər. Bu foto bugünkü dünyanın siyasi mənzərəsini, həmçinin vaxtilə qüdrətli liderləri ilə ad çıxarmış Avropanın Makron kimi oyundankənar vəziyyətdə qalmış “siyasi yarıtmazların” ümidinə qaldığını əyani şəkildə göstərir.

İndi də 8 avqust 2025-ci ildə dünyanın birnömrəli paytaxtı Vaşinqtonda, birnömrəli ofisi Ağ Evdə, dünyanın ən qüdrətli dövlətinin Prezidenti D.Trampın iştirakı ilə yaşanan məqamlara, həmin anları əbədiləşdirən görüntülərə nəzər salaq…Burada tarixin ən güclü Azərbaycanının güclü Liderini görürük. Dünya Ağ Evdə ABŞ Prezidentinin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə göstərdiyi hörmətin şahidi oldu. Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşən səfər zamanı aparılan danışıqlar çərçivəsində münasibətlərimiz keyfiyyətcə yeni - strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Avropa liderlərini qarşısına düzüb onlara dərs keçən Donald Tramp Prezident İlham Əliyevlə Oval Ofisdə yanaşı əyləşərək qalib Liderə hörmətini bütün dünyaya göstərdi. İki Lider yanaşı əyləşərək bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlər formalaşdırdıqlarını ortaya qoydular. Donald Trampın Prezident İlham Əliyevin Şuşa Qlobal Forumundakı çıxışını öz sosial şəbəkə hesabında iki dəfə paylaşması Azərbaycan Liderinə ehtiramın göstəricisidir. Mübaliğəsiz, Azərbaycan tarixində belə bir liderlik nümunəsi nadirdir - həm savaşda, həm də diplomatik masada qalib gəlmək şəxsiyyət və siyasətçi üçün ən çətin sınaqlardandır. Prezident İlham Əliyev həm güc, həm də çevik siyasi təfəkkürü ilə bu sınaqlardan şərəflə çıxmağı bacardı. Vaşinqtonda diplomatik triumf Azərbaycanın qlobal siyasətdə mövqeyini daha da möhkəmləndirdi. İlham Əliyev Ali Baş Komandan kimi müharibənin, Prezident kimi sülhün qalibi olaraq tarixə düşdü. Onun rəhbərliyi ilə Azərbaycan artıq regional güc olmaqla yanaşı, dünya səhnəsində söz sahibi olan dövlətə çevrilib. Bu, sıradan bir diplomatik qələbə deyildi, Vaşinqtonda İlham Əliyevin liderliyini bütün dünya bariz şəkildə gördü. Vaşinqtonda güclü, qüdrətli Azərbaycanı gördülər. Prezident Donald Tramp açıq şəkildə bildirdi: “Siz böyük lidersiniz”. Bu, sadəcə, xoş sözlər deyildi, bu, dünyanın Azərbaycana və onun liderinə səmimi etirafıdır. Demək, bu mehriban təmas körpüsü sabah ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə yardım edəcək.

Göründüyü kimi, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü və qətiyyətli siyasətin və səylərin nəticəsidir ki, nəhayət xeyir-duası Vaşinqton ZİRVƏsində verilən “Zəngəzur dəhlizi” əslində gələcəyə açılan möhtəşəm bir qapı, sabahın yol xəritəsi, söz və nüfuz sahibliyinin səmtini və keyfiyyətini büsbütün başqalaşdıran, dünyanın iqtisadi və siyasi dəyişmə və yeniləşməsini müəyyənləşdirən diqqətəlayiq həlqələrindən biri olacaq. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanacaq bu bağlantı layihəsi ilə Azərbaycanın bir hissəsi digər hissəsi ilə – əsas ərazimiz Naxçıvanla birbaşa gediş-gəliş imkanı qazanmaqdan əlavə, biz tranzit ölkə olmağın yeni imkanlarını da qazanırıq. Azərbaycana qarşı təcavüzü davam etdirdiyi bütün müddət boyunca Ermənistan ölkəmizin əsas, aparıcı olduğu beynəlxalq müştərək regional layihələrin hamısından kənarda saxlanılmışdı. İndi bu ölkə üçün də geniş inkişaf imkanları açılır. Ancaq yalnız iqtisadi də deyil, onun müstəqilliyini, ərazi bütövlüyünü qoruyacaq imkanlar. Prezident İlham Əliyev bu haqda Vaşinqton sammitindən və Birgə Bəyannamənin qəbulundan öncə də qarşı tərəfə mövqeyini bildirib, onlara düz yolu göstərib: “Mən Ermənistanın Baş naziri ilə görüşlərin birində demişdim ki, Ermənistanın tranzit ölkə olmaq şansı yaranacaq. Dedim ki, siz tranzit ölkə olmağın mənasını bilmirsiniz. Çünki siz tranzit ölkə deyilsiniz və yalnız Azərbaycan sayəsində tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil və siz tranzit ölkə olmağın üstünlüyünü görəcəksiniz. Biz daha güclü tranzit ölkə olmağa çalışırıq. Biz istəyirik ki, ərazimizdən keçən dəhlizlər daha çox yükdaşıma qabiliyyətinə malik olsun. Bu, pul gətirir, iş yerləri açır və siyasi imkanlar vəd edir. Söhbət Ermənistanın uzun illər özünü məhrum etdiyi imkanlardan gedir. Beləliklə, bu nəqliyyat marşrutu – qısaltması TRIPP kimi səslənən “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” daha bir tarixi nailiyyət olacaq”.

Sevinc Azadi, “İki sahil”

Избранный
16
ikisahil.az

1Источники