RU

Qarabağ və Şərqi Zəngəzurda 12 şəhər dirçəldilir -Region üçün nümunə

Azərbaycanın dövlətçilik tarixində ən mühüm hadisələrdən biri 2020-ci ilin Vətən müharibəsində qazanılan Zəfər oldu. Bu qələbə ilə təkcə ərazi bütövlüyümüz təmin edilmədi, həm də işğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın, dirçəlişin əsası qoyuldu. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı layihələr məhz həmin tarixi qələbənin real nəticəsidir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ölkəmizin gələcək inkişaf strategiyasının ən vacib istiqamətlərindən birini təşkil edir. Bu proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda 12 şəhərin Baş planının işlənməsi nəzərdə tutulur. Artıq Ağdam, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Şuşa və Laçın şəhərlərinin Baş planları hazırdır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin baş planlarının hazırlanması isə davam etdirilir. Bununla yanaşı, 90 kənd və qəsəbənin planlaşdırılması yekunlaşıb, 10-u şəhər olmaqla 40-a yaxın yaşayış məntəqəsində yenidənqurma işləri sürətlə aparılır.

Şəhərlər üzrə spesifik yanaşmalar da diqqət çəkir. Belə ki, Ağdamın baş planı Prezident İlham Əliyevin iştirakı ilə təqdim olunub. Şəhər işğal dövründə tamamilə dağıdıldığı üçün “Qarabağın Hirosiması” adlandırılırdı. Yeni Baş plana əsasən, Ağdam müasir şəhərsalma prinsiplərinə uyğun salınır, “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyaları tətbiq olunur. Burada inzibati binalar, təhsil və səhiyyə müəssisələri, parklar, mədəniyyət ocaqları, sənaye zonası nəzərdə tutulur. Ağdam Qarabağda yenidənqurmanın əsas dayaq şəhərlərindən və sənaye-idarəetmə infrastrukturunun toplaşdığı mərkəzlərdən biridir. Füzuli isə işğaldan azad edilən ilk rayon mərkəzlərindən biridir. Burada artıq beynəlxalq hava limanı istifadəyə verilib. Şəhərin baş planında müasir yaşayış massivləri, geniş yaşıllıq sahələri, ictimai məkanlar, məktəblər və xəstəxanalar nəzərdə tutulur. Füzuli bölgənin logistika mərkəzi kimi inkişaf etdirilir. Baş plana görə Cəbrayıl həm yaşayış, həm də sənaye mərkəzinə çevriləcək. Burada kənd təsərrüfatı məhsullarının emalı, logistika və ticarət sahələrinin inkişafı nəzərdə tutulur. Şəhərin memarlıq üslubu müasir elementlərlə yanaşı tarixi xüsusiyyətləri də əks etdirəcək. Qubadlının Baş planında şəhərin təbiəti ilə vəhdətdə formalaşdırılan yaşayış sahələri, turizm potensialına uyğun istirahət zonaları yer alır. Dağlıq relyef nəzərə alınmaqla ekoloji yanaşma üstünlük təşkil edir. Şəhərin iqtisadiyyatı əsasən kənd təsərrüfatına söykənəcək. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Zəngilan bu siyasətin aparıcı rayonlarındandır. Baş plana əsasən, şəhər tamamilə ekoloji prinsiplərlə inşa edilir. Burada “ağıllı şəhər” elementləri tətbiq olunur, enerji günəş və su mənbələrindən təmin ediləcək. Beynəlxalq dəhlizlərin kəsişməsində yerləşməsi Zəngilanı logistika və ticarət mərkəzinə çevirəcək. Kəlbəcərin baş planı dağlıq relyefi nəzərə almaqla hazırlanıb. Mineral sular, zəngin meşələr və yaylaqlar əsasında ekoturizm və sağlamlıq turizmi inkişaf etdiriləcək. Burada müasir sosial infrastruktur obyektləri, kurort zonaları, müalicəvi sanatoriyalar yaradılacaq. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada baş plan hazırlanarkən tarixi memarlıq üslubu qorunub saxlanılıb. Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidləri, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri, qala divarları və digər abidələr bərpa olunur. Şuşa həm də beynəlxalq mədəni tədbirlərin mərkəzinə çevriləcək. Laçının baş planı ekoloji yanaşma üzərində qurulub. Dağlıq relyef və zəngin təbiət imkan verir ki, burada həm kənd təsərrüfatı, həm də turizm sektoru inkişaf etdirilsin. Müasir yaşayış binaları, ictimai məkanlar, məktəblər və xəstəxanalar salınır. Laçın həm də “Böyük Qayıdış” çərçivəsində strateji məntəqə kimi planlaşdırılır.

Şəhərsalmada yeni konsepsiyalar və beynəlxalq standartlar

Hazırlanan baş planların ən mühüm özəlliyi onların beynəlxalq standartlara uyğun işlənməsidir. Xarici və yerli şirkətlərin, mütəxəssislərin iştirakı ilə aparılan layihələndirmə işləri həm müasir şəhərsalma prinsiplərini, həm də regionun coğrafi, iqlim və iqtisadi xüsusiyyətlərini nəzərə alır. Hər bir şəhərin tarix-memarlıq strukturu, təbii mühiti, ekoloji mühitin qorunması və inkişafı əsas götürülür. İşğal dövründə yerlə-yeksan edilmiş şəhər və kəndlər indi təkcə əvvəlki görkəminə qaytarılmır, həm də müasir texnologiyaların tətbiqi ilə yeni formatda dirçəlir. Qurulan infrastrukturlar insanların rahat və təhlükəsiz həyatını təmin edir. Yollardan tutmuş kommunikasiya sistemlərinə, sosial obyektlərdən tutmuş yaşayış evlərinə qədər hər detal yüksək keyfiyyətlə planlaşdırılır.

Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycanın tarixi-mədəni irsinin mərkəzlərindən biridir. Burada yerləşən yüzlərlə məscid, məqbərə, kilsə, qala və digər abidələr işğal dövründə dağıdılıb, bir çoxu isə məqsədli şəkildə məhv edilib. Baş planlarda bu abidələrin bərpası xüsusi yer tutur. Çünki ərazilərin dirçəlişi yalnız müasir yaşayış mühitinin qurulması ilə məhdudlaşmır, həm də xalqımızın tarixinin, mədəniyyətinin, milli yaddaşının qorunmasını nəzərdə tutur.

Sosial infrastruktur və dayanıqlı məskunlaşma

Dirçəlişin əsas məqsədi əhalinin dayanıqlı məskunlaşmasını təmin etməkdir. Bu məqsədlə təhsil, səhiyyə, sosial müdafiə, idman və mədəniyyət obyektlərinin tikintisi həyata keçirilir. Məktəblər, uşaq bağçaları, xəstəxanalar, poliklinikalar, mədəniyyət evləri, idman zalları, kitabxanalar istifadəyə verilir. Əhalinin məşğulluğunu təmin etmək üçün isə müxtəlif iqtisadi zonalar, sənaye parkları, kənd təsərrüfatı və emal müəssisələri yaradılır. Bu, həm bölgədə iqtisadi canlanmanı təmin edir, həm də qayıdan əhalinin sosial rifahını yüksəldir. Artıq ilkin mərhələdə 30 mindən çox insan doğma yurduna qayıdıb və normal yaşayış şəraiti ilə təmin olunub.

Qarabağ və Şərqi Zəngəzurun zəngin təbiəti və tarixi irsi turizm baxımından böyük imkanlar yaradır. Dağlıq ərazilərdə qış turizmi, yaylaqlarda ekoturizm, tarixi abidələrdə mədəni turizm, meşə və göllərdə isə istirahət və sağlamlıq turizmi inkişaf etdirilir. Xüsusilə Kəlbəcər və Laçın rayonlarında mineral sular, müalicəvi iqlim şəraiti, gözəl dağ mənzərələri turizm üçün böyük perspektivlər açır. Zəngilan rayonunda isə Araz çayı ətrafında ekoloji layihələr və Zəngəzur dəhlizinin yaratdığı imkanlar turizmi sürətləndirəcək.

Böyük Qayıdış – milli həmrəyliyin təntənəsi

Qarabağ və Şərqi Zəngəzurun bərpası təkcə iqtisadi və sosial məsələ deyil, həm də milli həmrəyliyin, dövlət-vətəndaş birliyinin təcəssümüdür. İllərlə doğma torpaqlarından didərgin düşən yüz minlərlə insan indi dövlətin yaratdığı şərait sayəsində yurduna dönür. Onların qayıdışı təkcə evə dönmək deyil, həm də milli qürurun, tarixi ədalətin bərpasıdır.

Prezident İlham Əliyevin dediyi kimi, "Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq". Bu qətiyyət bütün layihələrin əsas qayəsini təşkil edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər Azərbaycanın gücünü, dövlətin iradəsini və xalqın birliyini nümayiş etdirir.

Nəticə etibarilə, bu gün Qarabağ və Şərqi Zəngəzur yeni tarix yazır. Burada inşa olunan şəhərlər, kəndlər gələcəyin Azərbaycanının gücünü, müasirliyini, dayanıqlı inkişaf modelini əks etdirir. 12 şəhərin dirçəldilməsi və onlardan 8-nin Baş planının artıq hazır olması Böyük Qayıdışın real, praktiki mərhələyə qədəm qoyduğunu göstərir. Azad edilmiş torpaqların bərpası bir neçə il sonra təkcə Azərbaycan üçün deyil, bütün region üçün nümunə olacaq. Çünki bu layihələrdə həm müasir urbanizasiya, həm ekoloji davamlılıq, həm də tarixi-mədəni irsin qorunması birləşir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən dirçəliş Azərbaycan dövlətinin iradəsini, xalqımızın qürurunu və gələcəyə inamını təcəssüm etdirir.

Nigar Orucova, “İki sahil”

Избранный
31
ikisahil.az

1Источники