Şirvan Apellyasiya Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə və odlu silahı talamada təqsirləndirilən Şaiq Mirzəyevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, dövlət ittihamçısının apellyasiya protesti təmin, zərərçəkmiş şəxsin nümayəndəsinin isə apellyasiya şikayəti qismən təmin edilib, Lənkəran Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Onun 6 il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti ağırlaşdırılaraq 7 ilə əvəz edilib.
Qeyd: Rəsmi məlumata görə, 2022-ci ilin fevral ayının 2-də Lənkəran rayon Boladi kəndinin ərazisindəki evlərdən birinin yanması və həmin evdən 1 ədəd ov tüfənginin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində həmin yaşayış evinin Boladi kənd sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Şaiq Mirzəyev tərəfindən yandırıldığı məlum olub.
Belə ki, həmin şəxs həmkəndlisinin evinə gizli yolla daxil olaraq oradan "İJ" markalı ov tüfəngini oğurladıqdan sonra həmin evi yandırıb.
Şaiq Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb və oğurlanan silah aşkarlanaraq maddi sübut kimi götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İttihama görə, Şaiq Mirzəyev yanğın zamanı zərərçəkmiş şəxsə məxsus ümumilikdə 140 443 manat qiymətində ziyan vurub.
Kamal Məmmədov