RU

Dünyanın su problemi də Bakıda müzakirə olunacaq

Paytaxtımız ikinci dəfə beynəlxalq tədbirə - "Bakı Su Həftəsi"nə hazırlaşır

Gələn ayın 10-12-də paytaxtımızda Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransını özündə birləşdirən 2-ci "Baku Water Week" ("Bakı Su Həftəsi") keçiriləcək. 1-ci "Baku Water Week" isə keçən il martın 12-14-də olmuşdu. Göründüyü kimi, ölkəmizdə "Su Həftəsi"nin keçirilməsi də ənənəyə çevrilməkdədir və bu, təsadüfi deyil.

Hazırda davamlı su təminatı, su ehtiyatlarından səmərəli istifadə dünya ölkələri qarşısında duran ən vacib məsələlərdən biridir. Əlbəttə, Azərbaycan da istisna deyil. Su ehtiyatlarının idarə edilməsi həm ekoloji baxımdan, həm də ölkənin su təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Su təhlükəsizliyi, etibarlı və davamlı su təchizatına nail olunması Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindən birini təşkil edir. Bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş təxirəsalınmaz tədbirlər çərçivəsində son illər ölkədə çoxsaylı layihələr həyata keçirilib, su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması üçün ardıcıl işlər görülüb. İki  il əvvəl  isə  dövlətimizin  başçısı  Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Bir sözlə, Azərbaycanda etibarlı su təchizatına nail olunması dövlət siyasətinin vacib istiqamətlərindən biridir. Bu sahənin ölkədə bundan sonrakı inkişafı, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətlərin əlçatan olması  nöqteyi-nəzərindən  "Baku Water Week"in   keçirilməsi yerinə düşür. Bu, zamanında keçirilən və ənəyə çevrilməkdə olan bir   tədbirdir.

"Bakı Su Həftəsi"  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilir. Tədbirin təşkilatçısı "Caspian Event Organisers" şirkətidir. Eyni zamanda "Baku Water Week" Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir. Tədbirin baş sponsoru qismində Səudiyyə Ərəbistanının enerji və su sahəsində ixtisaslaşmış aparıcı şirkətlərindən olan "ACWA Power" çıxış edir.

Qeyd edək ki, 1-ci  "Bakı Su Həftəsi"ndə 16 ölkədən 90-a yaxın şirkət iştirak etmişdi. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Avstriya, Avstraliya, Belarus, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Gürcüstan, İsrail, İsveçrə, Qazaxıstan, Türkiyə və Rusiya Federasiyası daxil idi. Ölkəmizdə  ilk dəfə təşkil olunmasına baxmayaraq,  tədbir  bir sıra önəmli şirkətlər tərəfindən dəstəklənmişdi. 1-ci "Bakı Su Həftəsi"  analiz və laboratoriya texnologiyaları, borular və boru kəməri avadanlığı, hidrotexniki qurğular, içməli suların emalı və bir sıra digər bölmələri əhatə etmişdi.

"Caspian Event Organisers" şirkətindən  verilən məlumatına görə, Azərbaycan və region üçün strateji əhəmiyyət daşıyan, su təsərrüfatı sahəsində açıq dialoq və praktiki əməkdaşlıq imkanları yaradan "Bakı Su Həftəsi" bu il də yerli və xarici iştirakçılar üçün konkret fayda və real imkanlar təqdim etməyə hazırlaşır. 

Enerji və su sahəsində qlobal liderlərdən biri olan və qısa müddətdə  Azərbaycanın da etibarlı tərəfdaşı imicini qazanan  "ACWA Power" şirkəti bu tədbirdə su sahəsinə yönəlmiş dayanıqlı həllərin təşviqinə dəstək göstərəcək. "ACWA Power"in Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven şirkətin su sahəsində fəaliyyəti və "Baku Water Week"də iştirakı ilə bağlı fikirlərini paylaşıb: "ACWA Power" dünyanın ən böyük özəl suyun duzsuzlaşdırılması şirkəti olmaqla yanaşı, gələcək üçün strateji əhəmiyyət daşıyan üç sahədə - bərpaolunan enerji, "yaşıl hidrogen" və duzsuzlaşdırılmış su - liderlik edən yeganə şirkətdir. Missiyamız elektrik enerjisini və duzsuzlaşdırılmış suyu etibarlı, davamlı və ən aşağı mümkün xərclə təmin etməkdir. Azərbaycanda biz artıq 340 milyon ABŞ dolları həcmində investisiya qoyaraq Xızı-Abşeron 240 MVt külək- elektrik stansiyasını inşa etmişik. Bununla yanaşı, biz Xəzər dənizinin duzsuzlaşdırılması üzrə layihənin qalibi olmaqdan qürur duyuruq. Gündəlik 300 min kubmetr istehsal gücünə malik bu müəssisə Xəzər regionunda öz miqyasında ilk olacaq və Azərbaycanın uzunmüddətli su təhlükəsizliyinin təminində mühüm rol oynayacaq. Bu layihəyə 400 milyon ABŞ dolları həcmində investisiya yatırmağı planlaşdırırıq". 

Selim Güven "Baku Water Week"in baş sponsoru qismində çıxış etməkdən məmnun olduqlarını bildirərək deyib: "Bu platforma su ehtiyatlarının idarə olunması, davamlı texnologiyaların tətbiqi və regionda su təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaradır. Biz hökumət qurumları, sənaye tərəfdaşları və innovasiya liderləri ilə sıx əməkdaşlıq edərək Azərbaycanın və bütövlükdə regionun daha səmərəli və dayanıqlı su gələcəyinin qurulmasına töhfə verməyə hazırıq".

"ACWA Power" şirkəti "Baku Water Week" çərçivəsində keçiriləcək 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransında da təmsil olunacaq. Belə ki, şirkətin baş icraçı direktoru Marco Arcellinin "Su idarəetməsində liderlik: regional və qlobal perspektivlər" adlı plenar sessiyada çıxış edəcəyi gözlənilir. Şirkətin Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güvenin isə "Alternativ su mənbələrinin idarəedilməsində innovativ yanaşmalar" mövzusunda panel müzakirələrinə  qoşulması nəzərdə tutulub.

Flora SADIQLI,

"Azərbaycan"

Избранный
58
8
azerbaijan-news.az

9Источники