RU

"Yüksək ballı, amma tələbat olmayan ixtisaslara maraq çoxdur"

“Abituriyentlər bu il yeni yaradılmış ixtisaslara daha çox maraq göstərirdilər. Amma məlum olduğu kimi, yalnız “Tam analitik” ixtisası builki qəbul planında yer aldı. Digər yeni yaradılmış ixtisaslar - məsələn, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” isə planda nəzərdə tutulmamışdı”.

Bu fikri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib.

Ekspertin sözlərinə görə, ixtisas seçimi bəzi hallarda ya valideynlərin, ya da abituriyentlərin yanlış qərarları ilə yadda qalır:

“Çünki elə yanaşmalar olur ki, məsələn, ballara görə ixtisas sıralanması aparılır. Bu isə düzgün qərar deyil. Təəssüf ki, valideynlər və abituriyentlər çox zaman ixtisasın keyfiyyətini və gələcək perspektivini deyil, yalnız keçid ballarını əsas götürürlər.

Misal üçün, elə ixtisaslar var ki, keyfiyyəti aşağıdır, əmək bazarında tələbatı yoxdur, amma yüksək ballarla qəbul aparıldığına görə ona daha çox maraq göstərilir. Halbuki həmin ixtisas üzrə ölkədə artıq kifayət qədər kadr var və əlavə ehtiyac yoxdur.

Eyni zamanda, bəzi hallarda abituriyent dövlət sifarişi ilə təhsil ala biləcəyi halda, valideyn onu məcbur edir ki, ödənişli əsaslarla digər bir universitetdə oxusun. Bu isə həm maddi baxımdan yükdür, həm də təhsilin effektivliyinə təsir edə bilər.

Ümumilikdə isə qeyd etmək lazımdır ki, yeni yaradılan ixtisaslarla bağlı məlumatlılıq artıb. Valideynlər və abituriyentlər bu ixtisaslar barədə maraqlanır, hansının daha uyğun olduğunu öyrənməyə çalışırlar”.

Избранный
9
azedu.az

1Источники