Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Biz vaxtaşırı olaraq istər Azərbaycan, istərsə də xaricdə sürət həddinin aşılması ilə bağlı xəbərləri veririk. Bu dəfə isə xəbərimizin qəhrəmanı sürücü yox, skuterçidir.
Avtosfer.az xəbər verir ki, Fransa polisi Monbelyar şəhərində skuterlə yüksək sürətlə hərəkət edən gənci saxlayıb. Şəhərdə bu nəqliyyat vasitələri üçün saatda 6 kilometr sürət limiti tətbiq edilsə də, skuterçinin limiti keçdiyini adi gözlə görmək mümkün olub.
Polis əməkdaşlarının diqqətini həm də skuterin mühərrikindən çıxan eybəcər səs cəlb edib.
Polis idarəsində ekspertiza zamanı məlum olub ki, skuterin mühərrikləri gücləndirilib və əlavə üçüncü mühərrik quraşdırılıb.
Bunun sayəsində texnika 91 km/saat sürətlə hərəkət edə bilər. Polis rəisinin qərarı ilə konstruksiya dəyişikliyi olunan skuter məhv edilib.
Belə bir haqlı sual yarana bilər ki, Fransanın ucqar şəhərində baş verən hadisənin bizə nə aidiyyəti var?
Məsələ burasındadır ki, skuterlər üçün güclü mühərrikləri internetdə sifariş etmək mümkündür. Bu detalların çatdırılmsında ölkə məhdudiyyəti yoxdur.
Gələcəkdə Azərbaycanda fərdi skuterlər kütləviləşdiyi zaman “avtoşluq” həvəsinə düşənlər də artacaq. Hələlik bu texnika bizdə əsasən icarəyə verildiyi üçün kimsə onu gücləndirmək fikrinə düşmür.
Şəxsi vasitələrin sayı artdıqda vəziyyət ürəkaçan olmayacaq. Bir vaxtlar at kimi kişnəyən VAZ-2107-lərin yerini eybəcər səsli, intizam tanımayan skuterlər alacaq. Qeyd etmək yerinə düşər ki, artıq Fransanın 2 şəhərində skuter icarəsi qadağan edilib. Yeni dərs ilində bu sayın artacağı istisna olunmur.
Vüqar
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.