RU

Nobelə layiq olan Trampın bitirdiyi SAVAŞLAR

ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik dövründə bir sıra münaqişələrin həllində vasitəçi olub. O, özünü “dünyanın barış elçisi” kimi təqdim edir.

Tramp son həftələrdə Rusiya-Ukrayna müharibəsində diplomatik səylərini davam etdirir, buna baxmayaraq o, artıq 6, hətta 7 müharibəni bitirdiyini açıqlayıb.

Trampın sözləri beynəlxalq gündəmdə geniş müzakirə olunur və onun Nobel Sülh Mükafatına layiq görülməsi ilə bağlı fikirlər irəli sürülür.

Modern.az onun hansı münaqişələrdə həlledici rol oynadığını araşdırıb.

İsrail - İran müharibəsi

13–24 iyun 2025-ci il tarixlərində baş verən 12 günlük İsrail–İran müharibəsi bölgədə ciddi gərginlik yaradıb. ABŞ-ın birbaşa iştirakı, o cümlədən İranın nüvə obyektlərinə yönəlmiş hədəfli zərbələr döyüşlərin tez bir zamanda dayandırılmasına səbəb olub. Trampın şəxsi diplomatik təşəbbüsü ilə tərəflər sonda atəşkəsə razılaşdılar. Bu hadisə onun diplomatik aktivliyinin ən mühüm nümunələrindən biri hesab olunur.

Pakistan - Hindistan qarşıdurması

Nüvə silahına sahib iki ölkə arasında baş verən toqquşmalar may ayında 4 gün davam etdi. Trampın Vaşinqtondan birbaşa müdaxiləsi nəticəsində tərəflər “tam və dərhal atəşkəs” razılaşmasına gəldilər. Pakistan hökuməti Trampa açıq təşəkkür edərək onu Nobelə namizəd göstərib.

Ruanda - Konqo Demokratik Respublikası

Afrikada uzun illərdir davam edən gərginlik 2025-ci ilin iyununda Vaşinqtonda imzalanmış barış sənədi ilə yeni mərhələyə qədəm qoydu. Trampın təşəbbüsü ilə imzalanan bu razılaşma həm də iki ölkənin ABŞ-la iqtisadi əlaqələrinin genişlənməsinə yol açdı.

Tayland - Kamboca sərhəd münaqişəsi

İyulun sonlarında sərhəddə başlayan döyüşlər sürətlə böyüyə bilərdi. Lakin Trampın Tayland və Kamboca liderləri ilə apardığı danışıqlar nəticəsində tərəflər bir həftədən az müddətdə “təxirəsalınmaz və qeyd-şərtsiz atəşkəs” elan etdilər.

Ermənistan - Azərbaycan

8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ermənistan və Azərbaycan liderləri Vaşinqtonda bir araya gəldilər. Ağ Evdə imzalanan bəyannamə uzun illərin düşmənçiliyinə son qoymaq istiqamətində mühüm tarixi addım oldu. Liderlər açıq şəkildə Trampın rolunu yüksək qiymətləndirərək onu Nobel Sülh Mükafatı üçün layiq namizəd adlandırdılar.

Misir - Efiopiya gərginliyi

Nil çayı üzərində inşa edilən “Böyük Efiopiya Renessans Bəndi” uzun illər iki ölkə arasında anlaşılmazlıq mənbəyi olub. Trampın prosesə müdaxiləsi ilə tərəflər danışıqlar masasına əyləşdilər və yeni gərginliyin qarşısı alındı.

Serbiya - Kosovo

Balkanlarda yenidən alovlana biləcək qarşıdurma Trampın təzyiqləri ilə önləndi. O, hər iki tərəfə açıq mesaj göndərərək iqtisadi əməkdaşlıq imkanlarını dayandırmaqla hədələdi və nəticədə tərəflər yeni müharibəyə başlamadılar.

Trampın diplomatik fəaliyyəti xüsusilə 2025-ci ilin ortalarından etibarən intensiv xarakter alıb. O, Yaxın Şərqdən Asiyaya, Afrikadan Cənubi Qafqaza qədər bir çox bölgədə münaqişələrin həllinə vasitəçilik edib. ABŞ rəhbəri hər platformada özünü “sülh adamı” kimi təqdim edir və artıq dəfələrlə Nobel Sülh Mükafatı ilə mükafatlandırılmasının vaxtının çatdığını bəyan edib.

Onun bitirdiyi savaşlar həm qlobal təhlükəsizlik, həm də ABŞ-ın beynəlxalq nüfuzu baxımından diqqət çəkən faktordur. Bu səbəbdən Trampın adı qarşıdakı Nobel müzakirələrində əsas namizədlərdən biri kimi hallanır.

Modern Təhlil və Araşdırma Qrupu

Избранный
37
4
modern.az

5Источники