RU

"Azərbaycan qlobal siyasi oyunçuya çevrilir" - ŞƏRH EDİLDİ

"Avropada siyasi elitanın zəifləməsi və liderlik böhranı son illərin əsas siyasi tendensiyalarından biri kimi diqqət çəkir". Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Onun sözlərinə görə, bir tərəfdən, Avropa İttifaqı daxilində vahid strategiya və güclü lider fiqurların olmaması, digər tərəfdən isə milli dövlətlər səviyyəsində parçalanmalar mövcud siyasi sistemlərin effektivliyini azaldır: "Populist hərəkatların yüksəlişi, seçicilərin ənənəvi partiyalardan uzaqlaşması və liderlərin cəmiyyətin gözləntilərinə cavab verə bilməməsi bu böhranı dərinləşdirir. Belə şəraitdə Avropanın qlobal siyasətdə rolunun zəiflədiyi və güc balansında daha çox ABŞ, Çin və regional oyunçuların ön plana çıxdığı müşahidə olunur.

Donald Trampın Avropa liderlərinə qarşı sərt və bəzən ironik tənqidi çıxışları isə təsadüfi deyil. Tramp öz siyasi üslubuna uyğun olaraq Avropanı təhlükəsizlik və iqtisadi məsələlərdə ABŞ-a həddindən artıq arxalanmaqda günahlandırır. Onun ritorikası həm daxili auditoriyaya yönəlmiş populist mesaj xarakteri daşıyır, həm də Avropanı daha müstəqil mövqe tutmağa təhrik edir. Bu yanaşma ABŞ–Avropa münasibətlərində balansın dəyişdiyini, Vaşinqtonun artıq əvvəlki kimi “liderlik yükünü” daşımaq istəmədiyini göstərir.

Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Tramp ilə eyni platformada bərabər səviyyədə nümayiş olunması mühüm simvolik məna kəsb edir. Əliyevin liderlik tərzi regional və qlobal müstəvidə Azərbaycanın müstəqil aktor kimi formalaşdığını, təkcə regional güc deyil, həm də qlobal siyasi oyunçu kimi qəbul edilmək istədiyini göstərir. Bu, həm Azərbaycan diplomatiyasının çevik və praqmatik xarakterini vurğulayır, həm də qlobal güc balansında yeni mərkəzlərin meydana çıxdığına işarə edir. Beləliklə, Avropadakı liderlik boşluğu fonunda Trampın sərt ritorikası və Əliyevin özünütəsdiqedici mövqeyi beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşmasının göstəricisi kimi çıxış edir".

Müəllif: Günel Fərzəliyeva
Избранный
41
1
sia.az

2Источники