Fransanın məşhur futbol klubunda qalmaqal yaşanıb.
Milli.Az xəbər verir ki, "Marsel" rəsmi saytında yayılan açıqlamada yarımmüdafiəçilər Adrien Rabiot və Conatan Royun soyunub-geyinmə otağında sərgilədikləri qəbuledilməz davranış səbəbindən transfer bazarına çıxarıldığı bildirilib.
Liqa 1-in yeni mövsümünün ilk turunda avqustun 15-də "Renn"lə qarşılaşan "Marsel" 0:1 hesabı ilə uduzub. Görüşdən sonra mediada komandanın soyunub-geyinmə otağında bir neçə oyunçu arasında münaqişə yaşandığı və bunun davaya çevrildiyi barədə məlumatlar yayılıb. Nəticədə Rabiot və Roy bazar ertəsi klubun məşqinə buraxılmayıb.
Klubun açıqlamasında qeyd olunur:
"Adrien Rabiot və Conatan Royun transfer siyahısına salınması qərarı "Renn"lə oyundan sonra baş verən yolverilməz davranışa görə, məşqçilər korpusu ilə razılaşdırılaraq və daxili qaydalara uyğun olaraq qəbul edilib. Hər iki futbolçuya bu barədə rəsmi xəbərdarlıq edilib."
Rabiotun 30 yaşı var. O, Fransa millisinin heyətində 2022-ci il dünya çempionatının gümüş medalçısı olub. Təcrübəli yarımmüdafiəçi 2024-cü ilin sentyabrında "Marsel"ə keçməzdən əvvəl PSJ, "Tuluza" və İtaliyanın "Yuventus" klublarında çıxış edib.
22 yaşlı Conatan Roy isə İngiltərənin "Norviç" klubundan 14,5 milyon avroya "Marsel"ə transfer olunub.
Hüseyn
Milli.Az