RU

Rəqsanə İsmayılovanın vəkili: Gözləntilərin əksinə qərar oldu

BAKI, 21 avqust. TELEQRAF

"Rəqsanə İsmayılovanın apellyasiya şikayəti təmin edilmədi və o, azadlığa buraxılmadı. Həbs-qətimkan tədbirlərinin seçilməsi ilə bağlı məhkəmə iclasları qapalı keçirilir. Bu səbəbdən əlavə məlumat vermək imkanım yoxdur".

Bu sözləri Teleqraf-a Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev deyib.

Vəkil bildirib ki, bu, Rəqsanə xanımın gözləntilərinin əksinə bir qərar oldu.

Hikmət Əliyev Rəqsanə İsmayılovanın xərçəng xəstəsi olduğunu qeyd edib: "Bugünkü məhkəmə iclasına xəstəliyi ilə bağlı sənədləri təqdim edə bilmədim. Yaxın vaxtlarda həmin sənədləri və bizim üçün digər əlverişli sübutları əldə edib, yenidən məhkəməyə müraciət etməyi düşünürəm ki, Rəqsanə xanım ev dustaqlığına buraxılsın”.

Vəkilin sözlərinə görə, bu məhkəmə iclasında Rəqsanə İsmayılovanın həkim müayinəsində olub-olmaması ilə bağlı müzakirə apara bilməyib: “Sabah Rəqsanə xanımla görüşəcəm. Bundan sonra daha dəqiq məlumat əldə edəcəm”.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən müğənni Rəqsanə İsmayılovanın Bakı Apellyasiya Məhkəməsində şikayəti təmin edilməyib. Onun barəsində olan 4 ay həbs qətimkan tədbiri qüvvədə qalıb.

Xatırladaq ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub.
Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Избранный
12
teleqraf.com

1Источники