RU

"Rusiya Ukraynanı növbəti kütləvi hücuma məruz qoyub, Zelenski xəbərdarlıq edib" - Ukrayna KİV-ləri

"Bu, gücün deyil, acizliyin göstəricisidir, dünya buna reaksiya verməlidir..."

Rusiyanın 21 avqust gecəsi Ukraynaya təşkil etdiyi kütləvi raket-dron hücumu ölkənin bir çox bölgəsini sarsıdıb. Səkkiz saat davam edən hücum nəticəsində onlarla raket və yüzlərlə kamikadze dron Ukraynanın müxtəlif şəhərlərinə atılıb. Hədəf yenə də mülki infrastruktur və yaşayış evləri olub.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

"Antirekord" və siyasi mesaj

Ukrayna prezidenti Vladimir Zelenski gecə hücumunu "Rusiyanın növbəti dəhşətli antirekordu" adlandırıb. Onun sözlərinə görə, Kreml hələ də danışıqlara hazır olduğuna dair heç bir siqnal vermir, əksinə, terrorla təzyiq göstərməyə çalışır:

"Bu gecə onlar raketləri adi zavodlara, insanların evlərinə, amerikalı investorların vətəndaş obyektlərinə yönəltdilər. Bu, gücün deyil, acizliyin göstəricisidir. Dünya buna reaksiya verməlidir - daha sərt sanksiyalar, daha güclü təzyiq lazımdır".

Yüzlərlə hədəf neytrallaşdırılıb

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə ərzində Rusiyanın havadan hücum vasitələrinin ümumi sayı 614 olub. Onlardan 574-ü İran istehsalı "Shahed" tipli dronlar və onların modifikasiyaları olub. Bundan əlavə 4 "Kinjhal" aeroballistik raketi, 2 "İsgəndər-M"ballistik raketi, 19 "X-101" tipli qanadlı raket, dənizdən buraxılan 14 "Kalibr" raketdən istifadə edilib.

Ukrayna hava hücumundan müdafiə qüvvələri bu hücumların əksəriyyətini zərərsizləşdirib: ümumilikdə 577 hədəf vurulub. Lakin 11 məkanda düşmən raketləri hədəfə çatıb.

Zakarpatyedə Amerika zavoduna zərbə

Ən ağır zərbələrdən biri Zakarpatyenin Mukaçevo şəhərində qeydə alınıb. Burada "Kalibr" tipli iki raket ABŞ investisiyalı zavoda dəyib. Zavodda məişət texnikası istehsal olunur və hərb ilə heç bir əlaqəsi yoxdur. Partlayış nəticəsində 15 nəfər xəsarət alıb, onların arasında vəziyyəti ağır olanlar var. Zavodda yanğın saatlarla davam edib, havaya zərərli maddələr yayılıb.

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bunu "Amerika müəssisəsinə qarşı terror aktı" adlandıraraq vurğulayıb: "Heç bir hərbi məntiq yoxdur, bu yalnız dinc insanlara, iqtisadiyyata və normal həyata qarşı müharibədir".

Digər bölgələrdə dağıntılar və qurbanlar

Lvovda partlayış dalğası onlarla evin damını və pəncərələrini dağıdıb, bir nəfər həlak olub, ikisi yaralanıb. Mukaçevoda zavoddan əlavə, dörd nəfərin yaşadığı evlər də zədələnib. Zaporoje, Volın, Çerkası və digər bölgələrdə xilasetmə işləri davam edir, yanğınlar söndürülür.

"Bu güc deyil, ümidsizlikdir”

Hərbi ekspert Pavel Lakiçuk hesab edir ki, Kreml belə hücumlarla Ukraynanı "sülh razılaşması" adı altında kapitulyasiyaya məcbur etmək istəyir. Onun sözlərinə görə, mülki əhaliyə qarşı bu miqyasda hücum "gücün yox, ümidsizliyin təzahürüdür".

Rusiyanın avqustun 21-dəki kütləvi hücumu bir daha göstərdi ki, Kreml müharibəni dayandırmaq niyyətində deyil və danışıqlara hazırlaşmır. Ukrayna isə həm hərbi, həm də diplomatik cəbhədə mübarizəsini davam etdirir. Zelenski dünya ictimaiyyətini yeni sanksiyalar və sərt tədbirlər görməyə çağırır.

Избранный
9
moderator.az

1Источники