Son vaxtlar xaricdə təhsilə marağın azaldığı ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir. Bir neçə il öncəyə qədər minlərlə gəncin üz tutduğu xarici universitetlər bu gün əvvəlki qədər diqqət mərkəzində deyil.
Bir sıra mütəxəssislər bildirirlər ki, bu tendensiyaya əsasən iqtisadi amillər, viza prosedurlarındakı çətinliklər və xaricdə yaşam xərclərinin artması təsir göstərir. Bəzi hallarda isə valideynlər övladlarının uzaq ölkələrdə təhsil almasını istəmir və riskli hesab edirlər.
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova Modern.az-a açıqlamasında bildirib ki, əslində Azərbaycan cəmiyyətində xaricdə təhsilə maraq xüsusilə də, gənclər arasında hələ də qalmaqdadır. Onun sözlərinə görə, xaricdə oxumaq həm yüksək keyfiyyətli təhsil almaq, həm də beynəlxalq mühitdə təcrübə qazanmaq imkanı verdiyi üçün bir çox ailələr və tələbələr bunu prioritet hesab edirlər. Lakin son illərdə marağın əvvəlki qədər yüksək olmamasının müəyyən obyektiv səbəbləri var.
“Birincisi, iqtisadi və maliyyə çətinlikləri önə çıxır. Xaricdə təhsil xərclərinin yüksək olması, valyuta məzənnələrinin dəyişməsi və təqaüd imkanlarının məhdudluğu bir çox gənci çətin vəziyyətdə qoyur.
İkincisi isə, pandemiya dövründən sonra insanlar daha çox ölkə daxilindəki alternativlərə diqqət yetirməyə başladılar. Azərbaycan universitetlərinin beynəlxalq əməkdaşlıqları, ikili diplom proqramları və mübadilə imkanları artdığı üçün bəziləri üçün xaricdə uzunmüddətli təhsil artıq yeganə seçim deyil. Bununla yanaşı, post-pandemiya dövründə qlobal qeyri-stabilik, siyasi gərginliklər və bəzi ölkələrdə artan miqrasiya problemləri də ailələrin qərarlarına təsir edən əlavə amillərdən biridir”.
O həmçinin vurğulayıb ki, valideynlər və tələbələr arasında müəyyən narahatlıqlar da mövcuddur:
“Fərqli mədəniyyətə adaptasiya, ailədən uzaq qalmaq, həmçinin bəzi ölkələrdə siyasi və sosial sabitlik məsələləri də seçimlərə təsir edir”.
Pərvanə Məmmədova onu da əlavə edib ki, Azərbaycanda Təhsil Tələbə Krediti Fondu fəaliyyət göstərir və bu, ölkə daxilində təhsil alan gənclərə əlavə imkan yaradır:
“Bu fond müəyyən mənada xaricdə oxumağa marağın azalmasına təsir edir, çünki bir çox gənc artıq ölkə daxilində təhsilini kredit dəstəyi ilə davam etdirmək imkanı qazanır.
Bununla belə, xaricdə təhsilə maraq hələ də mövcuddur və məncə, bu maraq əsasən yüksək nailiyyət əldə etmək istəyən, beynəlxalq arenada rəqabətə hazır gənclər tərəfindən davam etdirilir. Sadəcə, bu gün seçimlər daha rasional edilir - yəni, təhsil ölkəsi, proqramın keyfiyyəti və maliyyə imkanları daha diqqətlə nəzərə alınır”.