Xəbər verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmış sahədə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində təkər və məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın hava şəraitinin küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 300kv.m. sahədə təkər və məişət tullantıları yanıb.
Yaxınlıqda yerləşən avtomobil təmiri sexi və fərdi yaşayış evi yanğından mühafizə olunub.
***
17.15
Bakının Xətai rayonu Ə.Şıxlinski küçəsində tullantılar yığılmş sahədə baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib.
APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
"Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür, sürücülərə alternativ yollarla hərəkət etmələri barədə istiqamətlər verilir", məlumatda deyilir.
***
17.02
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmş sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.