RU

Atası Hökumənin o cümləsini xatırlatdı -“Hər şey yaxşı olacaq” - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Redaktor.az xəbər verir ki, görüş zamanı AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsində həlak olan ekipaj üvzü, Milli Qəhrəman Hökumə Əliyevanın atası ilə ölkə başçısı arasında maraqlı dialoq yaşanıb:

Sakin Cəlil Alıyev: Cənab Prezident, cənab Ali Baş Komandan, çox hörmətli Mehriban xanım, Sizi kəlbəcərlilər adından salamlayırıq. Doğma yurdumuza xoş gəlmisiniz! Bütün çıxışlarınızı diqqətlə izlədik, bəyənirik, alqışlayırıq. Bütün bu hadisələrin qəhrəmanı Sizsiniz. Bir daha Sizə təşəkkür edirik. Bilirik ki, Kəlbəcər xalqı, Kəlbəcər camaatı aşıqlar diyarıdır, şairlər diyarıdır. Ona görə də gözəl şairimiz Sücaət 32 il bundan qabaq yazırdı:

Sücaət, neyləyək, baxt belə baxtdır,

Darıxma, hər şeyi həll edən vaxtdır.

Bir gün gülə-gülə qayıdacaqdır,

Ağlaya-ağlaya köçən Kəlbəcər.

Bu hadisələrin səbəbkarı Sizsiniz. Sizə təşəkkür edirəm. Sağ olun, var olun.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, sağ olun.

Cəlil Alıyev: Həmişə Sizin yanınızda durmalıyıq. Bir olmalıyıq. Yumruq kimi birləşməliyik. “Böyük Qayıdış”ı başa çatdırmalıyıq. Mənim qızım Hökumənin sözü olmasın, hər şey yaxşı olacaq. Bir daha təşəkkür edirəm Sizə.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə səfər ediblər. Dövlət başçısı və birinci vitse-prezident şəhərdə 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Redaktor.az modern.az-a istinadən xəbər verir ki, Kəlbəcərə köç edənlər arasında Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi də var. 

Onlar yaşayış kompleksində evlə təmin olunublar.

Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. Təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Əliyeva qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.

Hökümə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ailəsi 1993-cü ildə kəndlərinin işğalı səbəbindən məcburi köçkün düşüblər. Onlar Samux rayonunda yaşayırdılar.

Избранный
52
19
redaktor.az

10Источники