RU

Prezident və xanımı Ağdərənin Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

Aznews.az xəbər verir ki, kənddə 140 fərdi ev olub, onlardan da 30-u yararsız, 110-u isə qismən yararlı olub. 26 fərdi ev artıq əsaslı bərpa edilib. Bu il oktyabrın sonunadək daha 26 fərdi evin bərpası nəzərdə tutulub, 2026-cı ildə isə 58 fərdi ev təmir və bərpa olunacaq. Bu il avqustun 15-də 26 ailə, ümumilikdə 89 nəfər doğma Kolatağ kəndinə qayıdıb.

Hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir. Belə ki, bir transformator və 1 kilometr uzunluğunda mövcud elektrik xətti təmir olunub, artezian quyusu bərpa edilib, 26 ev su ilə təmin olunub. Sentyabrda kəndin içməli su ilə təminatı tam başa çatdırılacaq. İndiyədək 10 min 600 paqonametr yeni qaz xətti çəkilib və əlavə olaraq 2800 paqonametr hissənin çəkilişi nəzərdə tutulub. Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün müasir istirahət parkı salınıb. Burada bayraq meydanı, idman və uşaq oyun meydançaları, rekreasiya zonası və yaşıllıq zolağı yaradılıb.

Kolatağ kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir və Qarabağ silsiləsinin yamacında yerləşir. Kənd Qarabağ müharibəsinin başlandığı ilk günlərdən Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənd sakini Baxşalı Hətəmovun evində oldular.

Prezident İlham Əliyev: Salaməleykum.

Mehriban xanım Əliyeva: Salam, xoş gördük.

Qadın sakin: Salam, bizim evimizdir.

Prezident İlham Əliyev: Necəsiniz? Neçə gündür gəlmisiniz?

Baxşalı Hətəmov: Bu gün beşinci gündür.

Prezident İlham Əliyev: Bəli, hələ bir həftə olmayıb. Buranın adı sovet vaxtı da Kolatağ idi?

Baxşalı Hətəmov: Bəli.

Qadın sakin: Salam, xoş gördük.

Prezident İlham Əliyev: Salaməleykum. Ay, nə gözəl baladır.

Mehriban xanım Əliyeva: Adı nədir?

Qadın sakin: Zeynəb.

Mehriban xanım Əliyeva: Zeynəb neçə aylıqdır?

Qadın sakin: 15 günlükdür.

Prezident İlham Əliyev: 15 gün?

Mehriban xanım Əliyeva: 15 günlük, maşallah. Sənin adın nədir? Nə qəşəng qızsan sən. Gəl mənim yanıma.

Baxşalı Hətəmov: Cənab Prezident, nömrə çəkən gün anadan olub.

Prezident İlham Əliyev: Harada anadan olub?

Baxşalı Hətəmov: Ayaq Qərvənd qəsəbəsində.

Prezident İlham Əliyev: Orada qalırdınız?

Baxşalı Hətəmov: Bəli.

Prezident İlham Əliyev: İndi isə gözəl, mənzərəli bir əraziyə köçmüsünüz. Burada yaşamaq üçün hər şey var.

Baxşalı Hətəmov: Çox gözəldir, çox sağ olun, Allah Sizə dəyməsin, cənab Prezident.

Prezident İlham Əliyev: Buranın həyətyanı sahəsi də kifayət qədər genişdir. Bu qızın neçə yaşı var?

Baxşalı Hətəmov: İki yaşı var.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi, xoşbəxt yaşayın.

Baxşalı Hətəmov: Allah Sizin canınızı sağ eləsin.

Mehriban xanım Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.

Baxşalı Hətəmov: Çox sağ olun.

Prezident İlham Əliyev: Gözəldir, əsl cənnətdir.

Baxşalı Hətəmov: Həqiqətən cənnətdir.

Prezident İlham Əliyev: Salamat qalın.

Избранный
62
24
aznews.az

10Источники