RU

Dağlar qoynunda gülüstan Laçınım

26 avqust Laçın şəhəri günü- dostlara qürur, düşmənə gözdağı olan möhtəşəm tarix

Aərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən üç  il ötür. 2022-ci il avqustun 26-da Azərbaycan  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirəcək müraciətlə çıxış etdi: «Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!».

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kənd) 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Eyni zamanda, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

Erməni silahlı qüvvələrinin və terrorçu təşkilatlarının ən böyük vandallığı işğal etdikləri Azərbaycan rayonlarını talan etmək, mədəni irsi məhv etmək, ekoloji terror törətmək idi. Xüsusilə işğal dövründə rayonun təbii resurslarının talan edilməsi, həmçinin əsasən Suriyadan və  Livandan olan erməni əsilli qaçqınları məcburən məskunlaşdırmaqla demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirmələri işğalçıların beynəlxalq hüquqa hörmətsizliyi idi.

2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti İlham Əiyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın  imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik qələbəsinin davamı idi.

İşğaldan azad olunmuş digər yurd yerlərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır. Baş plan çərçivəsində «15 dəqiqəlik şəhər» konsepsiyası tətbiq olunmaqla həm ekoloji, həm də sosial baxımdan müasir həyat standartları yaradılır. Yeni evlər, məktəblər, xəstəxanalar, turizm və mədəniyyət obyektləri ilə Laçın təkcə yerli sakinlər üçün deyil, həm də beynəlxalq qonaqlar üçün cazibə mərkəzinə çevrilir.

Ali Baş Komandanımız İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. O, həmin səfərlər zamanı  Güləbird Su Elektrik Stansiyasının, «Qorçu» və «Laçın» şəhər yarımstansiyalarının və digər infrastruktur obyektlərinin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, «Laçın» Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub. 2024-cü ildə Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi də əhəmiyyətli hadisədir. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın şəhərinin MDB-nin mədəniyyət mərkəzinə çevrilməsi bu bölgəmizin bir tərəfdən regional mədəniyyətə mövcud, həm də potensial töhfəsini xarakterizə edən faktorlardandır. Bu qərarla MDB üzvü olan ölkələrin dövlət başçıları Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, mədəniyyətimizə yüksək dəyər verdiklərini nümayiş etdirdilər. Eyni zamanda bu, həm də birmənalı şəkildə Azərbaycanın haqq işinin və əldə etdiyi zəfərinin region tərəfindən qəbul edilməsidir. Bu ilin mayında istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanı bölgənin həm strateji təhlükəsizlik, həm də iqtisadi və turizm inkişafı baxımından imkanlarını qat-qat artırıb. Azərbaycanın ən yüksəkdə yerləşən hava limanı təkcə Laçını deyil, Şuşa və Kəlbəcəri də dünyaya bağlayır.

Gülüstana çevrilmiş Laçında yeni dövr başlayıb. Məcburi köçkün kimi çox əziyyətlər çəkən laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib. Bir sözlə, Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı» üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub və bu layihələr mərhələlərlə həyata keçirilir. Bütün bunlar onu göstərir ki, füsunkar gözəlliyə sahib Laçın rayonu qısa müddətdə bərpa edilərək dünyanın ən gözəl məkanlarından birinə çevriləcək.

Prezident İlham Əliyev 2023-cü ildə 28 May Müstəqillik Günündə Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: «Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun».

Bəli, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq.

Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. Burada çimərlik də fəaliyyət göstərəcək. İnsanların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub.

Rayonda istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, xırdabuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq.

Bu gün Laçın şəhərinin küçələri ilə gəzərkən genişmiqyaslı quruculuq işləri ilə yanaşı 30 ildən sonra doğma yurdlarına qayıtmış laçınlıların çöhrəsində qürur və sevinc ifadəsinin şahidi olur, yeni həyatın başlandığını göstərən evlərdən, həyətlərdən insanların danışıq və gülüş səslərini eşidirik.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.

Elçin Zaman, «İki sahil»

Избранный
16
ikisahil.az

1Источники