RU

Qərbi Azərbaycan İcması sülh istəyir

Soydaşlarımızın

təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaları təmin edilməlidir

 

Avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Azərbaycan

Respublikasının Prezidenti  İlham

Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol

Paşinyanla Birgə Bəyannamə imzalaması, görüş zamanı Azərbaycan və Ermənistan

arasında sülh sazişinin paraflanması regionumuzda daimi sülhün təmin olunması

üçün böyük imkanlar açır.

Ümid edək ki, Ermənistan yekun sülh sazişinin imzalanması

üçün sonuncu maneəni - Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən məqamları

konstitusiyasından çıxaracaq, sülh sazişi imzalanacaq, bununla da uzun illərdən

sonra Cənubi Qafqazda dinc əməkdaşlıq mühiti başlanacaq.

Vaşinqton görüşlərindən sonra da, təbii ki, gündəmə gələn müəyyən

suallar var  və bunların ən əhəmiyyətlilərindən

biri Qərbi Azərbaycan İcmasının gələcək fəaliyyəti barədədir. Sülhə doğru mühüm

irəliləyişlərdən sonra internet resurslarında belə bir ehtimal irəli sürülüb

ki, guya Qərbi Azərbaycan İcması fəaliyyətini dayandıracaq. Amma icma rəhbərliyi

bunu təkzib edib, qurumun bundan sonra da fəaliyyətini davam etdirəcəyini, Qərbi

Azərbaycan İcmasının Azərbaycan və Ermənistan arasında normallaşma prosesini,

bu istiqamətdə Prezident İlham Əliyevin səylərini alqışladığını bildirib:

"Ümid edirik ki, sülh gündəliyinin irəliləməsi biz qərbi azərbaycanlıların

dinc yolla öz yurdlarımıza dönməsinə şərait yaradacaq", - deyə vurğulanıb.

 

Məqsəd dinc yolla soydaşlarımızın ata-baba yurdlarına

qayıtmalarıdır

 

Tarixə qısa ekskurs edib yada salaq ki, Qərbi Azərbaycan

İcması 1989-cu il dekabrın 28-də "Azərbaycan Qaçqınlar Cəmiyyəti" adı

ilə təsis edilən, 1992-ci ilin 14 fevralında həmin adla dövlət qeydiyyatına

alınan, 2014-cü ilin 5 oktyabrında isə "Azərbaycan Qaçqınlar Cəmiyyəti

İctimai Birliyi" adı ilə təkrar dövlət qeydiyyatına götürülən təşkilatın

hüquqi varisidir. 2022-ci il avqustun 3-də İctimai Birliyin Ümumi yığıncağında

təşkilatın adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilmiş,

onun yeni nizamnaməsi təsdiqlənmişdir.

İcma 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri

ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşmüş azərbaycanlılar barədə

faktların və sənədlərin toplandığı, saxlandığı yeganə ictimai təsisatdır.

1987-1991-ci illərdə Qərbi Azərbaycanın (indiki Ermənistan

Respublikası ərazisinin) yalnız azərbaycanlıların yaşadığı 170-dən artıq kənddən,

azərbaycanlılarla ermənilərin qarışıq yaşadığı 100-ə yaxın yaşayış məntəqəsindən

(kənd, qəsəbə və şəhərdən) 49928 ailədə 300 min nəfərədək azərbaycanlı öz doğma

yurdlarından zorla qovulmuşdur.

Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindən

qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. Qurum öz fəaliyyətində

indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə

qayıtması üçün fəaliyyətini həyata keçirən və bu fəaliyyətin məqsədləri,

prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edən,

beynəlxalq hüquqa, aidiyyəti dövlətin daxili hüququna, tarixi faktlara əsaslanaraq,

ədalətin və sülhün bərqərar olunmasına xidmət edən "İndiki Ermənistan ərazisindən

qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə

qayıtmasının təmin edilməsi barədə konsepsiyanı - Qayıdış Konsepsiyası"nı

qəbul etmişdir.

Konsepsiya ilə həyata keçiriləcək fəaliyyətin əsas məqsəd və

prinsiplərinə indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz

yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi

olan, hüquqi baxımdan məcburi beynəlxalq razılaşmanın əldə edilməsi, geriyə

qayıtma prosesinin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım

proqramları ilə təminat altına alınması, geriyə qayıtmış əhalinin yenidən

qovulmasına, onlara qarşı hər hansı ayrı-seçkiliyin həyata keçirilməsinə və zərər

vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlıq, təhlükəsizlik,

müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi kimi məsələlər daxildir.

Konsepsiya beynəlxalq nəzarət altında yenidənqurma və barışıq tədbirlərinin həyata

keçirilməsi yolu ilə, geriyə qayıtmış insanların davamlı reabilitasiya və

reinteqrasiyasının təmin edilməsini də nəzərdə tutur.

 

Tanklarla yox, maşınlarla

 

Göründüyü kimi, burada sülh proseslərinə, eləcə də Ermənistanın

suverenliyinə xələl gətirəcək hər hansı məqam yoxdur. İcmanın fəaliyyəti beynəlxalq

konvensiyalarda təsbit olunmuş insan hüquqlarının, qayıdış hüququnun təmin

edilməsinə yönəlmiş ictimai fəaliyyətdir. Bu mənada, icmanın fəaliyyətinin dövlətlərarası

münasibətlərlə, sülh sazişi ilə də birbaşa əlaqəsi yoxdur. Azərbaycan dövləti

bu məsələdə hətta münaqişənin ən gərgin vaxtlarında da daim rasional mövqe

tutub. Bu istiqamətdə həyata keçirilən fəaliyyətdə, verilən bəyanatlarda, o

cümlədən Qərbi Azərbaycan İcmasının fəaliyyətində Ermənistana qarşı ərazi

iddialarına, qonşu ölkənin suveren haqlarına xələl gətirəcək hər hansı məqamlara

yol verilməyib. İcmanın qəbul etdiyi müvafiq sənədlərdə Qərbi Azərbaycan deyilərkən

qonşu ölkənin ərazi bütövlüyünə, suverenliyinə hörmət əlaməti kimi, indiki Ermənistan

Respublikasına daxil olan ərazilərin nəzərdə tutulduğu həmişə xüsusi qeyd

edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də hər zaman bəyan

edib ki, biz Qərbi Azərbaycana tanklarla yox, maşınlarla gedəcəyik.

Ötən ay Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının

(ECO) 17-ci Zirvə görüşündə Prezident İlham Əliyev qərbi azərbaycanlıların

qayıdışı məsələsini bir daha qaldırdı və bu, sammitin yekunlarına dair Xankəndi

kommunikesində əks etdirildi. "Ermənistandan deportasiya olunmuş qərbi azərbaycanlıların

hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq

Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin

salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün

57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk. Bu qətnamə

ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair "İstanbul Bəyannaməsi"ndə

indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış

hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi

qınanılır.

Qərbu azərbaycanlıların Ermənistandakı öz dədə-baba

torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan

sonra da davam etdiriləcək", - Azərbaycan Prezidenti öz çıxışında dedi.

Uzun illər ərzində Ermənistanın işğalçı mövqeyi üzündən

davam edərək hər iki tərəf üçün böyük itkilər hesabına başa gəlmiş, xüsusilə Azərbaycana

on minlərlə vətəndaşımızın ölümü ilə yanaşı, həm də ağır iqtisadi-sosial

yaralar vurmuş münaqişənin ordumuzun gücü ilə həllindən sonra indi dövlətimizin

əsas məqsədi bölgəmizdə əbədi sülhə, dayanıqlı inkişafa, bütün region dövlətlərinin

faydalana biləcəyi mehriban qonşuluq, qarşılıqlı əməkdaşlıq mühitinə nail

olmaqdır. Bu isə ancaq haqq-ədalətin təmin olunması, fərdlərin hüquqlarının

qorunması ilə mümkündür. Qərbi Azərbaycan mövzusu Cənubi Qafqazda dayanıqlı

sülhün, insanların rifah və xoşbəxtliyinin əldə edilməsi baxımından son dərəcə

aktualdır. Bu mövzu həm də xalqımızın milli birliyi və tarixi yaddaşının

qorunması üçün də vacibdir. Çünki Qərbi Azərbaycan məsələsi ictimaiyyətimiz

üçün dərin emosional və ideoloji məna kəsb edir.

Bütün bu səbəblərdən son illərdə "Qərbi Azərbaycana

qayıdış" mövzusu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin

qrant müsabiqələrinin də prioritet istiqamətlərindən birinə çevrilmişdir.

Agentliyin hesabatından belə görünür ki, təkcə son illərdə 50-dən çox QHT-nin

"İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli

şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya -

Qayıdış Konsepsiyası"nın müvafiq müddəaları ilə əlaqədar 60-a yaxın təşəbbüsü

dəstəklənib.

Ötən illər  ərzində Azərbaycan

QHT-ləri beynəlxalq platformalarda - BMT, ATƏT və digər nüfuzlu təşkilatların tədbirlərində

aktiv iştirak edərək Qərbi Azərbaycanla bağlı məsələləri gündəmə gətirib,

ictimai müzakirələr keçiriblər. Bu təşəbbüslər ABŞ, Belçika, İspaniya,

Rumıniya, Polşa, Türkiyə, Özbəkistan və Qazaxıstan kimi ölkələri əhatə edib.

Bir sözlə, Qərbi Azərbaycan İcmasının əsas məqsədi vaxtilə

indiki Ermənistandan didərgin salınmış soydaşlarımızın insan hüquqlarını beynəlxalq

normalara uyğun müdafiə etməkdən, onların dinc yolla öz dədə-baba yurdlarına

qayıtmalarına nail olmaqdan ibarətdir. Sülh sazişinin imzalanmasından sonra da

iki ölkə, xalq arasında münasibətlərin tam normal məcrasına düşməsi, heç bir

açıq sualın qalmaması, keçmişə dair ədavətin, kinin birdəfəlik aradan

qaldırılmasından ötrü belə bir dinc məqsədləri hədəfləyən təşkilatın fəaliyyətinə

ehtiyac vardır.

Sülh gündəliyinin irəliləməsi Azərbaycanla Ermənistan

arasında bir çox məsələləri yoluna qoyduğu kimi, qərbi azərbaycanlıların da

dinc yolla öz yurdlarına dönməsinə şərait yaradacaq, Qərbi Azərbaycan İcması da

öz fəaliyyəti ilə əbədi sülhə, insan hüquqlarının bərpasına, ədalətin təmin

olunmasına xidmət edəcək.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Избранный
77
azerbaijan-news.az

1Источники