RU

Azərbaycanlılar daha az ət yeməyə başlayıblar - İqtisadçı səbəbi açıqladı

Azərbaycanda ət idxalı azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında ölkəyə 25 min 180 ton ət gətirilib. İdxal olunan ətin dəyəri 55 milyon 116 min ABŞ dolları təşkil edib. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 min 542 ton (18 %), dəyər baxımından isə 13 milyon 427 min ABŞ dolları (19,5 %) azdır. Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib. Bəs ət idxalının azalmasına hansı amillər təsir göstərib? Bu, daxili istehsalın artmasının nəticəsidir, yoxsa əksinə, ölkədə ətin qiymətlərinin günü-gündən qalxması səbəbindən istehlakın azalması ilə bağlıdır?
 
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, idxaldakı azalmanın səbəbi istehlakın aşağı düşməsidir: “Son iki ildə iribuynuzlu heyvanların sayı 2 700 baş, xırdabuynuzlu heyvanların sayı isə 1 milyondan çox azalıb. Ətin qiyməti artdıqca, istifadə də azalır. Əvvəllər standart Azərbaycan ailəsi ayda 2-3 kiloqram ət ala bilirdisə, indi bu rəqəm 1 kiloqrama qədər enib”.
 
 
İqtisadçı hesab edir ki, Azərbaycanın ət istehsalı və ixracı üçün böyük potensialı var. Onun sözlərinə görə, işğaldan azad olunan ərazilər heyvandarlıq üçün əlverişli şəraitə malikdir və zamanla bu potensial inkişaf etdirilərsə, ölkə qonşu Türkiyəyə də ixrac imkanları qazana bilər: “Türkiyədə ət qiymətləri Azərbaycandan iki dəfə bahadır, bu isə ixrac üçün geniş imkanlar deməkdir”.
 
Ekspertin fikrincə, mövcud problemlərin həlli üçün dövlət fermerlərə yönəlik təşviq proqramları həyata keçirməlidir. “Maldarlıqla məşğul olmağa həvəs yaradılmalıdır. Bizdə otlaq əraziləri daralır, heyvan yemlərinin qiyməti ildən-ilə artır. Bu kifayət qədər ciddi problemdir. Dünyada da fermerlərin və heyvandarlıqla məşğul olanların sayı azalır, halbuki bu, təməl peşələrdən biridir”, – deyə iqtisadçı qeyd edib.
 
Onun sözlərinə görə, dövlət uzunmüddətli aşağı faizli, hətta bəzən faizsiz kreditlər təqdim etməli, maldarlıqda istifadə olunan dərman preparatlarını fermerlərə ödənişsiz təmin etməlidir. Bu tədbirlər daxili bazarda sabitliyi qorumağa, həm də ixrac imkanlarını genişləndirməyə şərait yarada bilər.
Избранный
20
moderator.az

1Источники