Naxçıvan, 22 avqust, AZƏRTAC
Naxçıvan fermerlərinin dövlət dəstəyindən tam və şəffaf şəkildə faydalanması üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) keçid prosesinə start verilib. Bu məqsədlə, Muxtar Respublikanın Kənd Təsərrüfatı Nazirliyi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə İnteqrasiya üçün avadanlıqların satınalınması ilə bağlı açıq tender elan edib. 2026-cı ilin birinci rübündə EKTİS tamamilə qurulub fermerlərin istifadəsinə veriləcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qeyd edilib ki, noyabradək maliyyə məsələlərinin həll olunması, ilin sonunadək isə EKTİS üçün lazım olan bütün təminat və avadanlıqların alınması nəzərdə tutulub. EKTİS bizə hər bir Naxçıvan fermerini dövlət dəstəyi ilə tam şəffaf şəkildə, ehtiyaclarına uyğun olaraq təmin etmək imkanı verəcək.
EKTİS aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində, subsidiya mexanizminin idarə olunmasında şəffaflığı və hesabatlılığı təmin etmək üçün formalaşdırılan sistemdir. EKTİS-lə bərabər hazırda nazirlik fermer çağrı mərkəzinin qurulması üzrə də avadanlıqların da satınalınmasına başlayıb.