ABŞ hökuməti, İranın neft ticarətində iştirak etdikləri iddiası ilə bəzi şəxs və qurumlara qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Dövlət Departamenti İranla əlaqəli neft ticarəti barədə bəyanat yayıb.
Bildirilir ki, ABŞ tərəfindən müəyyən edilmiş bir sıra tankerə “milyonlarla barel” İran xam neftinin idxalını asanlaşdırmaqda ittiham olunan Çin mərkəzli iki xam neft və neft məhsulları terminalı operatoruna sanksiya tətbiq olunub. Bu, Çindəki operatorlara qarşı tətbiq edilən dördüncü sanksiya paketi hesab olunur.ABŞ Maliyyə Nazirliyinin açıqlamasında isə qeyd olunur ki, “dənizçilik sektorundakı mövqeyindən İran neftini daşımaq üçün istifadə etdiyi” iddiası ilə Yunanıstan vətəndaşı Antonios Margaritis və ona məxsus şirkətlər, eləcə də İranın “kölgə donanması”na daxil olan təxminən 12 gəmi sanksiya siyahısına salınıb:
“Bu tədbirlər Tehran rejiminin inkişaf etmiş silah proqramlarını maliyyələşdirmə, terrorçu qrupları dəstəkləmə və əsgərlərimizlə müttəfiqlərimizin təhlükəsizliyini təhdid etmə qabiliyyətini zəiflətmək məqsədi daşıyır”.