RU

500 milyonluq kriminal ierarxiyanın müəllifi – Tariel Onianinin qanlı DOSYESİ

Kriminal aləmdə sirr və miflərlə bürünmüş bir ad var – Tariel Oniani, yaxud cinayət aləmindəki ləqəbi ilə Taro. O, gürcü qanuni oğruların ən nüfuzlularından biri, bəlkə də, ən təhlükəlisidir. Onun həyatı, yüksəlişi və cinayət dünyasında yaratdığı balanssız güc hələ də həm hüquq-mühafizə orqanları, həm də kriminal dairələr üçün müəmmalıdır. Ən çox müzakirə olunan sual isə budur: niyə Taro Yaponçik və Ded Xasanın qətlindən vaz keçmədi?

Taro kimdir?

Onun həyatı ilə bağlı ziddiyyətli məlumatlar var. Hətta Taronun doğum tarixi də sirlərlə örtülüb. Bəziləri 1952-ci ildə, digərləri isə 1958-ci ildə Gürcüstanın qərbindəki kiçik Tkibuli şəhərində anadan olduğunu iddia edir. Dəqiq bilinən odur ki, 17 yaşında ilk dəfə quldurluğa görə həbs edilib. 20 yaşında isə Kutaisi həbsxanasında “qanuni oğru” tituluna yiyələnib. O vaxtdan etibarən, “köhnə oğrular məktəbinin” bütün yazılmamış qanunlarını mənimsəyərək cinayət aləminin zirvəsinə doğru addımlamağa başlayıb. Bu gün o, keçmişin qanunlarını silib, öz qanununu yazan “qanuni oğru” kimi tanınır.

Bir çox “qanuni oğru”lardan fərqli olaraq Taro evlənib, 2 övladı var. Qızı, 1993-cü il təvəllüdlü Qvantsa Onianidir. Qızı ilə bağlı məlumat olmasa da, oğlu Buba Onianinin British International School və London’s Cass Business Schoolda təhsil aldığı, Moskvaya qayıdıb beynəlxalq “Citigroup” korporasiyasında çalışdığı bilinir. Taronun övladları tamamilə başqa həyatı seçiblər. Oğlu Buba Moskvada iri iş adamı kimi tanınır, qızı Qvantsa isə dünyanın müxtəlif ölkələrini gəzərək diqqətdən kənarda qalmağa üstünlük verir.

Taronun əsl yüksəliş dövrü 1989-cu ildə Moskvaya köçməsi ilə başlayıb. Burada Oniani artıq 500 nəfərdən çox gürcü qanuni oğrunun birləşdiyi Kutaisi klanının liderinı çevrilib və “oğru dünyası”nın iç savaşlarının əsas ismi kimi məşhurlaşıb.

Onun keçmiş KQB əməkdaşları ilə əlaqələri haqda da xəbərlər dolaşır. İddia olunur ki, SSRİ dağıldıqdan sonra yaranan xaos və böyük maliyyə axınlarının taleyi haqda bilgili olan KQB yetkililəri Taroya məlumatlar ötürüb, elə onların gizli dəstəyi ilə böyük vəsaitlər ələ keçirilib. Taronun əsas rəqibi post-sovet məkanında cinayət dünyasının əfsanəsi hesab olunan Vyaçeslav İvankov -Yaponçik idi. Yeraltı dünyanın iki əfsanəvi isminin dost deyil, düşmən münasibətdə olmasının səbəbi şəxsi idi. Yaponçik bir görüşdə Taronun ən yaxın adamı, dostu Makonu tacdan məhrum etmişdi. Bu, Taronun aləmində birmənalı şəkildə alçaldılma demək idi. Cinayət dünyasında isə təhqirin cəzası yalnız ölümdür. Elə də oldu. 2009-cu ildə Yaponçik Nyu-Yorkdan Moskvaya qayıtdıqdan qısa müddət sonra odlu silah atəşinə tuş gəldi və öldürüldü. Bir çox mənbələr qətlin arxasında məhz Onianinin dayandığını deyir.

Postsovet məkanının ən güclü “xaç atalarından” biri hesab olunan, Ded Xasan kimi tanınan Aslan Usoyan isə Taronun dostu idi. Maraqlıdır ki, Taro onunla uzun müddət sıx əməkdaşlıq edirdi. Amma 2010-cu illərin əvvəllərində Soçiyə axan milyardlarla dövlət vəsaitləri hər şeyi dəyişdi. Olimpiya layihələrinin maliyyə mənbələri uğrunda mübarizə ən yaxın müttəfiqləri bir-birinə düşmən etdi. Ded Xasan Taronun “oğru statusunu” şübhə altına aldı. Bu, ən ağır ittiham idi. Çünki qanuni oğru statusu olmadan Taronun bütün gücü və nüfuzu puça çıxacaqdı. Və nəticə çox gecikmədi. 2013-cü ildə Moskvada snayper gülləsinə tuş gələn Ded Xasan yerindəcə can verdi. Əksər kriminal tarixçilər bu qətli də Taronun hesabına yazırlar.

2010-cu ildə Oniani İspaniyada çirkli pulların yuyulması və adam oğurluğu ittihamı ilə həbs olundu. O, məhkəmədə qanuni oğrulara aid sualı belə cavabladı:

“Qanuni oğrular? Onlar bolşeviklərə çar rejimini devirməkdə kömək etdilər. Stalin öz məqsədinə çatanda isə onların mövcudluğu artıq heç bir məna daşımadı”.

Bu sözlər əslində Taronun özünü “köhnə məktəbin” bir parçası kimi göstərməsinə baxmayaraq, yeni dövrün alovlu, sərt və prinsip tanımayan lideri olduğunu təsdiqləyirdi. Onun ötkəmliyi isə dillərdə dastandır. 76 yaşlı qanuni oğru “Mamulo” ilə sözü çəpləşəndə üzünə şillə vurması, deputat Varlam Kuxianidzeni isə açıq iclasda döyməsi də Taronun xarakterinin bilinən tərəfidir. Belə bir adamdan Yaponçik və ya Ded Xasan kimi “xaç ataları”nın qurtulması mümkünsüz idi.

Ekspertlərin hesablamalarına görə, Onianinin nəzarət etdiyi kriminall imperiyanın ümumi dəyəri 500 milyon dollar təşkil edir. Amma onun hazırda harada gizləndiyi bilinmir. Ən çox ehtimal olunan versiya kimi İspaniyanın hansısa guşəsində gizli şəkildə “şəbəkəsini” idarə etməsidir.

Bu gün də “kriminal tarixçilər” Taronun Yaponçik və Ded Xasanın qətlindən vaz keçməməsinin səbəbi ilə bağlıı mübahisə edirlər.

Aydındır ki, bu qətllər sadəcə şəxsi qisas deyil, imic müharibəsinin pik nöqtəsi idi. Cinayət aləmində “tacdan salınmaq” ya da “statusun şübhə altına alınması” ən ağır təhqirdir. Oniani yaxşı bilirdi ki, Yaponçiki bağışlasa, bütün klanı üzünə gülüb ona ələ salardı. Ded Xasana güzəşt etsə, bütün imperiyasını itirəcəkdi. Ona görə də Taro üçün qətl sadəcə bir seçim yox, mütləq şərt olub. Oğru dünyasında rəqibi yaşatmaq özünü öldürmək deməkdir. Taro hələ ki, sağdır, hələ də gözdən uzaqdadır, amma onun adının çəkilməsi belə kriminal dairələrdə sükut yaradır.Musavat.com

 

Избранный
10
2
moderator.az

3Источники