RU

Qars-İğdır-Aralık-Dilucu dəmir yolu Zəngəzur dəhlizinin açılmasını daha da sürətləndirəcək - ŞƏRH

Bakı, 22 avqust, AZƏRTAC

Qars-İğdır-Aralık-Dilucu marşrutu üzrə, Naxçıvanla sərhəddə yerləşən 224 kilometrlik dəmir yolunun tikintisi ilə Türkiyənin şərq bölgəsində region üçün, dünya üçün əhəmiyyətli bir layihənin – qlobal strateji dəyəri olan yeni bir dəmir yolu layihəsinin əsası qoyulur. Hələ 2023-cü ilin sentyabrında Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qars-Naxçıvan dəmiryolu layihəsi ilə bağlı niyyət protokolu imzalayıblar. Nəhayət, Qars-İğdır-Aralıq-Dilucu (Naxçıvan sərhəddi) dəmir yolu xəttinin tikintisinə başlanıldı.

AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov dəmir yolunun, nəzərdə tutulduğu kimi, iki xətli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa ediləcəyini deyib. Qeyd edilib ki, bu layihə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılmış mühüm tarixi addım hesab olunur. Yeni dəmir yolu illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaya imkan yaradacaq. Saatda 160 kilometrədək sürətə hesablanmış layihə çərçivəsində 24 tunel, 10 körpü, 144 yeraltı keçid, 27 yerüstü keçid, 480 suötürücü və s. inşası planlaşdırılıb. Bundan başqa, bir çox hissələrdə qrunt möhkəmləndirmə işləri və digər torpaq işləri aparılacaq.

A.Əsədov vurğulayıb ki, Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir və təkcə Türkiyəni Azərbaycanla birləşdirməyəcək, həm də qlobal nəqliyyat və ticarət yollarının əsas arteriyalarından birinə çevriləcək. Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsində 110 kilometrlik Horadiz-Füzuli-Ağbənd dəmir yolu tikintisinin 67 faizindən çoxunu başa çatdırıb. Xəttin tikintisinin 5 il müddətində tam yekunlaşması planlaşdırılıb. Dəmir yolu dəhlizinin tam gücü ilə işləməsi üçün Türkiyə öz ərazisinə düşən 224 kilometrlik hissəni tikir, Naxçıvan sərhədində olan, təqribən, 170 kilometrlik hissəni Azərbaycan tərəfi tikəcək. Burada 150 kilometr öncədən mövcud idi və müəyyən rekonstruksiya işləri aparılacaq, 20 kilometr dəmir yolu isə sıfırdan salınacaq. 43 kilometrlik Zəngəzur dəhlizinin tikintisi ilə bağlı məsələlər də aydınlaşmaq üzrədir və bütün hallarda qeyd edilən dəmir yolu tikintisi işlərinin eyni vaxtda tamamlanması planlaşdırılır. Bundan başqa, dəhliz uzun müddətdir blokada şəraitində olan Naxçıvan üçün iqtisadi inkişaf baxımından yeni imkanlar yaradacaq. Təbii ki, regionun digər ölkələri üçün, o cümlədən Ermənistan üçün bu dəhliz faydalı ola bilər – ölkə tranzit mərkəzinə çevrilə, xarici bazarlara çıxış əldə edə və investisiyaların cəlbi baxımından təşviqedici ola bilər.

Nəticə olaraq, Naxçıvan-Bakı əlaqələrini intensivləşdirəcək bu dəmir yolunun bərpası və tikintisi təkcə regional deyil, həm də beynəlxalq diqqət mərkəzindədir. ABŞ da daxil olmaqla bir çox ölkələr bu prosesə ciddi maraq göstərir və strateji əhəmiyyətini vurğulayırlar. Həm də ona görə ki, Orta dəhlizlə davamlı olaraq artan yük axınını aşıra biləcək yeni dəhlizlərə (yollara) ehtiyac var. Daha konkret desək, bu gün təməli qoyulan yolun tamamlanması ilə yük axınlarının yeni bir marşrutu formalaşacaq. Bu yeni yol Bakı-Tbilisi-Qars xəttinə alternativ deyil, onu tamamlayan, yük axınlarını birgə aşırmağa imkan verən əməkdaşlıq yoludur.

İİTKM-in şöbə müdiri bildirib ki, beynəlxalq sülh və rifaha xidmət edəcək Zəngəzur dəhlizinə yalnız nəqliyyat və logistika nöqteyi-nəzərindən yanaşmaq onun əhəmiyyətini tam ifadə etmir. Bu layihə, həm də Azərbaycan ilə Türkiyə arasında, ümumilikdə isə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqtisadi və siyasi münasibətlərin güclənməsinə xidmət edəcək. Zəngəzur dəhlizinin Cənubi Qafqazda sabitlik və mehriban qonşuluğun gücləndirilməsi kontekstində əhəmiyyəti xüsusilə qeyd olunmalıdır.

Təməli qoyulan Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu isə təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün strateji bir qazancdır. Tarixən parçalanmış marşrutların bərpası Türk dünyası arasında körpü funksiyasını yerinə yetirəcək. Eyni zamanda, Avrasiya məkanında nəqliyyat-tranzit fəaliyyətlərini gücləndirəcək mühüm bir marşruta çevriləcək. Beləliklə, Zəngəzur dəhlizi qarşıdakı onilliklərdə regional proseslərə təsir edən əsas layihələrdən biri kimi tarixdə qalacaq.

Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu layihəsinə xarici mənbələrdən 2,4 milyard avro cəlb edilməsi üçün müvafiq razılaşmalar əldə olunub. Yəni, məqsədi regionda nəqliyyat şəbəkələri və ticari əlaqələrin inkişafına töhfə vermək olan bu layihənin icrası ilə bağlı hər hansı maliyyə problemi yoxdur. Layihənin istifadəyə verilməsi ilə şərq-qərb dəhlizinin Pekindən Londona qədər uzantısı daha da möhkəmlənəcək və səmərəliliyi artacaq, Azərbaycan və Türkiyənin logistika potensialı genişlənəcək, regionun geostrateji əhəmiyyəti daha da güclənəcək.

Aqil Əsədov qeyd edib ki, Qars-İğdır-Aralıq-Dilucu yolu bütün Türk dünyasını birləşdirən strateji bir layihənin mühüm tamamlayıcı bir hissəsidir. Bu yol Azərbaycana, Türkiyəyə, region dövlətlərinə və Qərb ölkələrinə uzunmüddətli dividentlər vəd edir. Başqa sözlə desək, Qars-İğdır-Aralıq-Dilucu xətti təkcə Azərbaycanı dünya ilə qovuşdurmur, həm də keçdiyi ölkələrin regional əhəmiyyətini artırır, qlobal inteqrasiya proseslərini sürətləndirir.

Onun fikrincə, layihədən əsas gözləntilər əsasən bir neçə vacib istiqamət üzrədir:

- Səyahət vaxtının qısalması: dəmir yolu xətti Dilucudan Qarsa səyahət müddətini 85 dəqiqəyə

endirəcək, həm sərnişinlər, həm də yük daşımaları üçün böyük rahatlıq yaradacaq.

- Daşınma intensivliyinin artırılması: marşrut Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə

inteqrasiya olunaraq daşınma intensivliyini, çevikliyi artırmağa imkan verəcək.

- Regional inkişafa dəstək: 4-5 il davam edəcək tikinti mərhələsində bölgədə iş yerləri artacaq,

yerli bizneslər üçün yeni gəlir mənbələri yaranacaq, yerli iqtisadiyyatı gücləndirəcək.

- Regional və beynəlxalq ticarət münasibətlərinin genişləndirilməsi və intensivləşməsi: bu

strateji layihə Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələri daha da möhkəmləndirəcək, regionu müasir İpək Yolunun bir hissəsinə çevirərək beynəlxalq ticarəti təşviq edəcək.

- Dünyada yük axınlarının intensivləşməsi: layihə təkcə yerli iqtisadiyyatı deyil, həm də

beynəlxalq yükdaşıma və ticarət marşrutlarını dəstəkləməklə, Avropa və Asiya arasında yeni körpü rolunu oynayacaq, qlobal yük axınlarının artımına və intensivliyinə öz töhfəsini verəcək.

- Elmi-mədəni inteqrasiyanı gücləndirəcək: Dəmir İpək Yolunun daha bir qolunun tamamlanması

ilə marşrut üzərindəki bütün ölkələrin elmi və mədəni əlaqələri güclənəcək.

- Daşınma xərclərinin azalması: Türkiyə ilə Azərbaycan arasında məhsul ticarəti və turizm

fəaliyyətinin daşınma xərcləri təxminən üçdə iki nisbətində azalacaq.

- İşğaldan azad edilmiş ərazilərin inkişafına dəstək: yeni dəmir yolu bağlantısı işğaldan azad

edilmiş ərazilərin, xüsusilə Qarabağın inkişafına dəstək verəcək, lazımi bazarlara daha asan çıxışı təmin edəcək, turizm mobilliyini və ticarəti artıracaq.

Göründüyü kimi, Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu layihəsi regionda nəqliyyat, ticarət və iqtisadiyyat üçün yeni bir dövrün başlanğıcı kimi qəbul edilə bilər. Qlobal və regional inkişafa xidmət edəcək bu layihə təkcə bölgənin, regionun deyil, ümumilikdə qitələrarası münasibətlərin inkişafında mühüm rol oynayacaq.

 

Избранный
38
2
azertag.az

3Источники