RU

Kəlbəcərə qayıdış xalqımızın iradəsinin və tarixi qələbəmizin təntənəsidir - Deputat

“32 illik ayrılıqdan sonra Kəlbəcərə həyat qayıdır. Bir vaxtlar çadırlarda, uşaq bağçalarında və uyğunlaşdırılmış binalarda məskunlaşmağa məcbur olan kəlbəcərlilər bu gün doğma yurda dönürlər. Azərbaycan dövlətinin həyata keçirdiyi Böyük Qayıdış proqramı çərçivəsində artıq ilk yaşayış kompleksi istifadəyə verilib və lazımi infrastruktur qurulub. Yaxın illərdə burada dörd yaşayış massivində 10 min nəfərin məskunlaşması nəzərdə tutulur. Bu, təkcə məskunlaşma deyil, həm də ədalətin, xalqın iradəsinin və tarixi qələbənin təntənəsidir”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.

Deputatın sözlərinə görə, Kəlbəcərin işğalı Azərbaycan üçün həm faciə, həm də strateji zərbə idi: “Bundan sonra Ermənistan bu torpaqları qaytarmamaqla yanaşı, formal olaraq danışıqlarda iştirak edirdi. Uzun illər davam edən nəticəsiz danışıqlar xalqın səbrini sınağa çəksə də, Azərbaycan heç vaxt işğalla barışmadı. Prezident İlham Əliyevin vurğuladığı kimi, xalqımız hər gün, hər saat Zəfər gününü yaxınlaşdırmaq əzmi ilə yaşadı”.

Pərvanə Vəliyeva qeyd edib ki, 44 günlük Vətən müharibəsi xalqımızın bir yumruq kimi birləşdiyini bütün dünyaya sübut etdi: “Qəhrəman əsgər və zabitlərimiz canları, qanları bahasına torpaqlarımızı azad etdilər. Azərbaycan düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Ermənistan ordusunda 12 min fərarinin olması onların acizliyini göstərirdi. Müharibə başa çatdıqdan sonra Kəlbəcər işğal altında qalsa da, Azərbaycan diplomatik və hərbi gücü ilə düşməni təslim olmağa məcbur etdi. Halbuki işğal zamanı bizə heç bir vaxt tanınmamışdı. İşğalçılar şəhəri talan etmiş, küçələri yandırmış, məscidləri dağıtmışdılar. Çıxarılmaları üçün vaxt verilsə də, bütün şəhəri viran qoyaraq tərk etdilər. Bu faciələr, Xocalı soyqırımı və digər vəhşiliklər xalqımızın yaddaşından heç vaxt silinməyəcək”.

Deputat xatırladıb ki, suverenliyimizin bərpası üçün sonuncu missiya 2023-cü ilin sentyabrında həyata keçirildi və bununla da ərazi bütövlüyümüz tam təmin olundu:
“Bu gün regionda yeni siyasi və iqtisadi reallıqlar formalaşıb. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətnində Azərbaycanın maraqları qabarıq şəkildə əksini tapıb. Ən mühüm strateji nailiyyətlərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru bağlantısının təmin edilməsidir. Yaxın illərdə həm avtomobil, həm də qatarla Naxçıvana birbaşa səfər mümkün olacaq. Zəngilana qədər dəmir yolunun inşası davam edir, Ermənistan isə öz ərazisində dəmir yolu çəkilməsini öhdəsinə götürüb. Bu, Azərbaycanın regionu beynəlxalq nəqliyyat dəhlizinə çevirməsi deməkdir”.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Ermənistanı dəstəkləyən qüvvələr işğal dövründə daim Azərbaycanın qarşısını almağa çalışırdılar: “Rusiya, ABŞ və Avropanın bəzi ölkələri münaqişəni dondurmaq, işğalı unutdurmaq siyasəti aparır, Ermənistanı dəstəkləyir, silahlandırırdılar. Əgər vaxtında real təzyiqlər olsaydı, Ermənistan torpaqları sülh yolu ilə qaytarardı. Lakin Azərbaycan bu ədalətsizlik qarşısında geri çəkilmədi və haqq işini mübariz ruhu ilə həyata keçirdi”.

Deputat əlavə edib ki, Azərbaycan xalqı 30 il ərzində bütün dünyaya göstərdi ki, işğalla barışmayacaq: “2020-ci ilin Zəfəri və ardınca həyata keçirilən uğurlu əməliyyatlar Azərbaycanın gücünü təsdiqlədi. Dövlət başçısının dediyi kimi, son 80 ildə dünyada heç bir ölkə Azərbaycan qədər tam və mütləq qələbə qazana bilməyib. Bu, yalnız hərbi qələbə deyil, həm də xalqın ləyaqətinin, dövlətin siyasi iradəsinin və beynəlxalq hüququn bərpasıdır”.

Pərvanə Vəliyeva vurğulayıb ki, Azərbaycan bu gün yalnız qalib dövlət deyil, həm də regionda sülhün təminatçısıdır: “Amma eyni zamanda hərbi gücünü daim artırır. Çünki təhlükəsizliyimizin yeganə qarantı özümüzük. Təxribat törətmək istəyənlər bir daha xalqımızın əzmini və gücünü görəcəklər. Kəlbəcərə qayıdış təkcə bir məskunlaşma deyil – bu, xalqımızın iradəsinin, dözümünün və mübarizliyinin ən parlaq göstəricisidir”.

Избранный
13
2
olke.az

10Источники