RU

SEPAH-dan təxribatçı paylaşım: “İranın qazı Trampın dəhlizini sıradan çıxaracaq”

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) növbəti dəfə Azərbaycana qarşı təxribatçı paylaşım edib.

Paylaşımda iddia olunur ki, Ermənistanın maye qaz (LPG) idxalı üçün Tehrana müraciət etməsi bölgədəki strateji layihələri, xüsusilə də Azərbaycanın dəstəklədiyi Zəngəzur dəhlizini sıradan çıxara bilər.

Məlumata görə, iyun ayından etibarən Ermənistanda maye qazın qiyməti 1,5 dəfə bahalaşıb. Bu səbəbdən rəsmi İrəvan Tehrandan təcili kvota ayrılması üçün müraciət edib. SEPAH isə bu vəziyyəti “qızıl fürsət” adlandıraraq, İranın hər il 3 milyon tonadək LPG-ni məşəllərdə yandırdığını və həmin həcmdə yanacağın Ermənistanın tələbatını tam ödəyə biləcəyini iddia edib.

Paylaşımda açıq şəkildə vurğulanır ki, Ermənistanın İran qazından asılılığının artması Zəngəzur dəhlizi layihəsini pozacaq. Xatırladaq ki, bu layihə ABŞ Prezidenti Donald Trampın adı ilə də hallanır və əsas məqsədi Azərbaycanın Avropaya qaz ixracını artırmaq, eyni zamanda İranı regional enerji hesablamalarından sıxışdırmaqdır.

Musavat.com-a görə SEPAH-ın bu açıqlaması həm təxribatçı, həm də siyasi cəhətdən cahil yanaşmadır. Çünki Azərbaycan, Ermənistan və Türkiyənin birgə həyata keçirdiyi Zəngəzur dəhlizi yalnız nəqliyyat və tranzit layihəsi deyil, həm də regional enerji təhlükəsizliyinin mühüm tərkib hissəsidir. İran isə bu layihədən kənarda qalaraq, regiondakı təsir imkanlarını itirmək qorxusu ilə daim təhdidçi ritorikaya müraciət edir.

Beləliklə, SEPAH-ın “qızıl fürsət” adlandırdığı plan əslində Azərbaycana qarşı yönəlmiş yeni informasiya hücumudur.

Musavat.com

Избранный
4
editor.az

1Источники