RU

Bizim bölgəmizdə yeni, çox perspektivli və sülhə yönəlmiş əməkdaşlıq formatı yaradılır

Dövlət başçısı İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında bir daha bildirdi ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəli gedəcək

Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində, heç şübhəsiz, nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Təsadüfi deyil ki, son illərdə Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, bu regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır.

Dövlət başçısı İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfəri də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək və geniş tərkibdə görüşü oldu. Təkbətək görüşdə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bildirdi ki, bizi Xəzər dənizi birləşdirir. İkitərəfli görüşün məhsuldar olacağına əminliyini ifadə edən Qurbanqulu Berdiməhəmmədov onu da əlavə etdi ki, ikitərəfli görüşdən başqa, həmçinin Türkmənistan-Azərbaycan-Özbəkistan formatında üçtərəfli görüşün keçirilməsi də əhəmiyyətlidir. Eyni regionda yerləşən üç ölkənin qardaş xalqları gələcəkdə daha böyük, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq potensialı yaradacaq. Prezident İlham Əliyev çıxış edərək vurğuladı ki, çox şadam Sizinlə burada, gözəl Avaza şəhərində görüşürük. Bu şəhər Sizin əsərinizdir. Siz qardaş Türkmənistanda çox əsərlər yaratmısınız, onlardan biri də Avazadır. Keçən ay Qurbanqulu Berdiməhəmmədov ilə Bakıda, Füzulidə, Şuşada görüşlərini çox böyük məmnuniyyətlə xatırladan cənab İlham Əliyev onu da bildirdi ki, aramızda olan dostluq, qardaşlıq əlaqələri xalqlarımızın iradəsinə əsaslanır. Xalqlarımız qardaşdır, dostdur, əsrlər boyu bir-biri ilə yaxın olublar. Eyni zamanda, səfər çərçivəsində Türkmənistan, Özbəkistan, Azərbaycan rəhbərlərinin üçtərəfli görüşü keçirilir. Bu, çox yaxşı təşəbbüsdür. Xalqlarımızı ortaq tarix, mədəniyyət, dil, din birləşdirir. Qardaş ölkələrin məsələlərinin üçtərəfli formatda müzakirə edilməsi çox böyük məna daşıyır, bunun çox böyük faydası və gözəl nəticələri olacaq.

Geniş tərkibdə görüşdə Qurbanqulu Berdiməhəmmədov onu da əlavə etdi ki, ölkələrimiz arasında münasibətlər başlanğıcını tarixin dərinliklərindən götürür, ənənələrimiz oxşardır və bunlar bizi birləşdirən amillərdir. Siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar münasibətlərimizi bu təməl üzərində inkişaf etdiririk. Əlaqələrimizin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Bu kontekstdə Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafı məqsədilə yeni təşəbbüslər irəli sürürük. İqtisadi-ticari əməkdaşlığın inkişafı əlaqələrimizin gündəliyində duran mühüm istiqamətdir. Bu istiqamətdə artıq böyük işlər görülüb. Bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsi, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat, toxuculuq sənayesi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlarımız var. Əməkdaşlığın mühüm sahəsi mədəni-humanitar əlaqələrdir. Onların inkişafı prioritet əhəmiyyət daşıyır. Bu kontekstdə əməkdaşlığın mühüm tərkib hissəsi qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, təhsil, mədəniyyət, turizm, mədəni dəyərlərimizin - xalçaçılıq, atçılıq, tətbiqi sənətin inkişafı sahələrində tədbirlərin keçirilməsidir. Bu istiqamətdə mədəni mübadilə və əlaqələrin inkişafı üçün bütün imkanlarımız mövcuddur. Dövlət başçısı İlham Əliyev isə vurğuladı ki, bizi birləşdirən ortaq tarix, mədəniyyət, etnik köklər, dilimiz və dinimizdir. Türkmən və Azərbaycan xalqları, sözün əsl mənasında, qardaşdırlar və əsrlər boyu bu qardaşlıq hissləri ilə yaşamışlar. Bu gün müstəqil dövlətlər kimi böyük uğurlara imza atırlar. Söhbət zamanı Azərbaycan, Türkmənistan, Özbəkistan istiqamətində də nəqliyyat dəhlizinin imkanları məsələlərinə toxunuldu. Bu xüsusda, Azərbaycan-Türkmənistan-Özbəkistan formatında üçtərəfli görüşün əhəmiyyəti vurğulandı, bu tədbirin üç qardaş ölkə arasında əməkdaşlığın və tərəfdaşlığın inkişafına əlavə təkan verəcəyinə ümid ifadə olundu. Görüşdə, həmçinin Türkmənistanın “Axalteke” və Azərbaycanın Qarabağ atlarının beynəlxalq festivallarda birgə iştirakı məsələlərinə toxunuldu. Onu da qeyd edək ki, avqustun 22-də Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxdılar. Sonda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısına “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə etdi.

Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirildi. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə sənədlərin imzalanması mərasimi oldu. Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderləri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış etdilər.

Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaradıblar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır. Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəli gedəcək. Cənab İlham Əliyev onu da qeyd etdi ki, Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək: «Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç Füzulidə Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri də hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaq.»

Dövlətimizin başçısı İlham Əliyev böyük qürur hissi ilə qeyd etdi ki, bizim bölgəmizdə yeni, çox perspektivli və sülhə yönəlmiş əməkdaşlıq formatı yaradılır. Bu, tarixi bir gündür. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə diqqəti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasına yönəldərək bunu igid və mətanətli Azərbaycan xalqının ümdə səylərinin həyata keçirilməsinin parlaq təzahürü kimi dəyərləndirdi. Onu da qeyd etdi ki, Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin bərqərar olması iqtisadiyyat, nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlığın böyük potensialının tam şəkildə açılmasına imkan verəcək.

Türkmənistanın timsalında Mərkəzi Asiya dövlətlərinin də yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verdiyini görürük. Təsadüfi deyil ki, Vətən Müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizlə əlaqələrə yüksək diqqətini «Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir. Mən birinci dövlət səfərimi edirəm, çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. …Yaxın qonşular, yaxın ölkələr kimi biz Azərbaycanın uğurları və Sizin rəhbərliyinizlə həyata keçirilən müdrik siyasət ilə həmişə fəxr edir, onlara sevinirik. Həqiqətən Özbəkistanda Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumilikdə son illər ərzində bütün sahələrdə uğurlarını izləyir və qürur duyurlar» fikirləri ilə ifadə edir. Ötən il Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu. Mərasimdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkələrimiz arasındakı əlaqələrin gələcək inkişafı ilə bağlı bunları açıqladı: “Çox şadam ki, bu səfər tam uğurla - dövlətlərimiz arasında çoxşaxəli əməkdaşlığın gələcək inkişafına ən ciddi təkan verəcək son dərəcə mühüm sənədlərin imzalanması ilə başa çatır. Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram.» Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa edilən orta məktəb bu dəstəyin bariz nümunəsidir. Qeyd edək ki, iyul ayının əvvəlində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdilər. Azərbaycanın və Qırğızıstanın dövlət başçıları, həmçinin Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını etdilər. Dövlətimizin başçısı bildirdi ki, Sadır Nurqojoyeviçin təşəbbüsü ilə bu regionun hazırda ən böyük yaşayış məntəqəsi olan Xıdırlı kəndində gözəl məktəb tikilib. Bu gün biz ona baxış keçirdik və rəsmi şəkildə açdıq. Məktəbə Ayköl Manasın adı verilib. “Manas” qırğız xalqının dastanıdır, qırğızların ruhunu təcəssüm etdirir. Bu məktəbin və bu kəndin gələcək inkişafı üzrə hər şey bizim qırğız qardaşlarımızla bağlı olacaq. Bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəldiyi, infrastruktur obyektlərinin, evlərin, ictimai binaların tikildiyi bir vaxtda, ilk növbədə, hər bir layihədə məktəb, uşaq bağçası, körpələr evi, tibb məntəqələri planlaşdırırıq. Bunlarsız normal həyat ola bilməz. Uğurla reallaşdırdığımız Böyük Qayıdış Proqramını həyata keçirməli olduğumuz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir. Bu, qırğız xalqının qəlbindən, ürəyindən gələn köməkdir. Bunun təşəbbüskarı Qırğızıstan Prezidenti olub. Bu, bir daha ölkələrimizin qardaşlığından, bizim tarixi, etnik, mədəni və mənəvi yaxınlığımızdan xəbər verir. Bu təməl üzərində bu gün biz Qırğızıstan-Azərbaycan dostluğunun möhkəm binasını tikmişik.

Qısa təhlil Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətində yeni mərhələnin başlandığını göstərir. Ölkəmizin regionun, həmçinin türkdilli dövlətləri ilə də əlaqələrini davamlı olaraq inkişaf etdirir və əməkdaşlığını yeni məzmunla zənginləşdirir. Ölkəmizin son zamanlar əlaqələrinin sürətlə inkişaf etdiyi ölkələrdən biri də Türkmənistandır. Bu ölkə ilə əməkdaşlığın genişlənməsi, heç şübhəsiz, ölkəmizin Orta Dəhlizdə rolunu daha da gücləndirir.

Azərbaycan-Türkmənistan əlaqələri qədim tarixə malikdir. Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyət baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır. Azərbaycan və Türkmənistan SSRİ-nin tərkibində müttəfiq respublikalar olub. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb.

Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda, üç il sonra - 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb.

İki ölkə arasında əlaqələrin inkişafında iqtisadi amil əsas rol oynayır. Qeyd edək ki, 2007-ci ildə Azərbaycanla Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılıb. Ölkələrimiz arasında neft-qaz sahəsində əlaqələr xüsusi önəm daşıyır. Aşqabadda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” xüsusi vurğulanmalıdır. Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üçün səylər göstərib və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı təşəbbüs göstərən ilk ölkələrdən biri olub. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib. Uzun illər aparılan danışıqlar, Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci ildə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalandı. Azərbaycan və Türkmənistanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq münasibətləri də birləşdirir. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. 2017-ci il avqustun 8-də Bakıda “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalandı. Hər iki ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər.

Ölkələrimiz arasında müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan və Türkmənistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər. Bu ilin iyul ayında cənab İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşündə də iki ölkənin münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə baxış keçirilmişdi. Görüşdə Prezident İlham Əliyev bildirmişdir ki, xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır: «Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlərimiz var və əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bu gün fikir mübadiləsi aparacağıq.» Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov isə vurğulamışdır ki, Azərbaycana səfərimin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir. Ümumilikdə Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edərdim: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq.

Keçirilən görüşlərdə o da qeyd edilmişdir ki, Türkmənistan və Azərbaycan bu gün xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlığımız məqsədyönlülüyü və konkretliyi ilə seçilir, sabit və davamlı xarakter daşıyır, yaxşı dinamika nümayiş etdirir. Bunun əsas, həlledici amili ölkələrimizin liderləri arasında əldə edilmiş ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etimaddır. Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir. Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir. İqtisadi-ticari tərəfdaşlıq uğurla inkişaf edir, keyfiyyət və kəmiyyət göstəriciləri artır. Mədəniyyət, elm, təhsil, şəxsi və insani səviyyələrdə ənənəvi əlaqələr genişlənir. Dövlətlərarası münasibətlərin çox mühüm elementləri olan parlamentlərarası əlaqələrin, xalq diplomatiyasının əhəmiyyəti və rolu artır. Belə bir əminlik də ifadə edildi ki, bu səfər Türkmənistan ilə Azərbaycanın bundan sonra da yaxınlaşması, əməkdaşlığın uzunmüddətli strategiyasının reallaşdırılması kontekstində razılaşdırılmış yanaşmaların işlənib hazırlanmasında mühüm amilə çevriləcək.

Azərbaycan-Türkmənistan münasibətlərində son dövrlərdə müşahidə olunan dinamika qarşılıqlı səfərlərin məntiqi nəticəsidir. Səfərlər zamanı keçirilən görüşlərdə səsləndirilən fikirlər, imzalanan sənədlər iki ölkə arasında əlaqələrin zəngin perspektivlərə malik olduğunu göstərir. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində Füzuliyə, Şuşaya səfəri də ölkələrimizin dostluğunun rəmzinə çevrildi. Qurbanqulu Berdiməhəmmədovun Şuşada müxtəlif məkanlarda olması, ona dostluq rəmzi olan “Dostluq” adlı Qarabağ atının hədiyyə edilməsi ölkə liderlərinin səmimi münasibətlərinin daha bir nümunəsi kimi dəyərləndirildi. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə bu ölkəyə işgüzar səfəri münasibətlərimizin yüksələn xətlə inkişafının növbəti təqdimatıdır.

Onu da qeyd edək ki, bu günlərdə dövlət başçısı İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində tarixi sülh razılaşmasının əldə edilməsindən sonra telefon zəngi etdiyi dövlət rəhbərlərindən biri Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov oldu. Telefon söhbəti zamanı Qurbanqulu Berdiməhəmmədovun bir müddət əvvəl Azərbaycana, o cümlədən Qarabağa səfəri və bu çərçivədə aparılmış müzakirələr məmnunluqla xatırlandı. Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafını xüsusi qeyd etdilər. Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının və ATƏT-in Minsk qrupunun ləğvinə dair birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətini vurğulamışdır. Türkmənistan Xalq Məsləhətinin sədri əldə edilmiş tarixi razılaşmalar münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırdı.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Tərəflər əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxırlar.

Yeganə Əliyeva, «İki sahil»

Избранный
3
ikisahil.az

1Источники