RU

Azərbaycana qarşı təxribat törətmək istəyənlər peşman olacaqlar

Prezident İlham Əliyevin Kəlbəcər sakinləri ilə görüşündəki açıqlaması Cənubi Qafqazda sabitliyə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olanlara, İrəvanda siyasi vəziyyəti gərginləşdirməyə çalışan xarici qüvvələrə dərs olmalıdır

Prezident Donald Trampın təşəbbüsü ilə baş tutan Vaşinqton görüşündə Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan Birgə Bəyannamə, Ağ Evdə paraflanan sülh sazişi, Birləşmiş Ştatlarla Azərbaycan arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması ilə bağlı sənədin qəbulu bölgəyə sülh vəd etməklə dünyanın siyasi masasında həllini gözləyən məsələlərə də təsir edir. Vaşinqton görüşü çərçivəsində ABŞ, Azərbaycan, Ermənistan liderləri arasında imzalanan Birgə Bəyannamə əsasında ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qərarın qəbulu, Avropa İttifaqının şərti sərhəddə yerləşdirdiyi Mülki Müşahidə Missiyasının «binokl diplomatiyası»na artıq ehtiyacın olmadığının açıqlanması sülh sazişinin imzalanmasına ümidləri daha da artırır.

Vaşinqton görüşündən sonra xalqa müraciət edərək sülh sazişinin imzalanmasının vacibliyi ilə bağlı açıqlamalarında paraflanan sənədləri zəruri addım adlandıran Ermənistanın baş naziri Nikol Paşinyanın «Bu, yeni həyatdır. Bu, tarixin yeni mərhələsidir» söyləməsi sülh sazişinin imzalanması ilə bağlı pozitiv düşünmə imkanlarını artırır. Vaşinqtonda dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında qarşılıqlı öhdəliklərin qeydə alındığını qeyd edərək, nəqliyyat əlaqələrinin açılması məsələsinə xüsusi diqqət yetirildiyini vurğulayan baş nazir sülh sazişinin əsas müddəalarından olan Azərbaycanın qərb vilayətləri ilə Naxçıvan arasında Ermənistan ərazisi ilə maneəsiz əlaqənin təmin edilməsini beynəlxalq səviyyədə tanınmış rabitə təminatları kimi dəyərləndirərək yeni əməkdaşlıq perspektivlərini önəmli addım adlandırıb: «Biz bəyan etmişik ki, sərhədlərin dəyişdirilməsi üçün gücdən istifadənin qəbuledilməzliyi prinsipi qeyd-şərtsizdir və yenidən nəzərdən keçirilə bilməz. Bu, xalqlarımız üçün keçmişdə düşmənçiliyi tərk etmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi şansdır. Biz bu gün və gələcəkdə qisas almaq cəhdlərini qəti şəkildə rədd edirik.»

Göründüyü kimi Ermənistan da artıq tarixi reallığı qəbul edir. Cənubi Qafqazda sabitliyin tam təminatına xidmət edəcək yeni Ermənistan Respublikasının yaranması, köhnə səhifələrin bağlanması naminə mövcud şəraitə uyğun siyasət aparılır. Nikol Paşinyanın «Biz Azərbaycan və Ermənistan arasında yaradılmış sülhü hər gün əlimizdə olan ən dəyərli şey kimi dəyərləndirməliyik. Bu, yeni həyatdır. Bu, tarixin yeni mərhələsidir. Biz indi yeni tərzdə yaşamalıyıq. Biz düşüncə tərzimizi, dilimizi, sosial vərdişlərimizi, dövlətə münasibətimizi, iqtisadi modellərimizi dəyişməliyik. Çünki dünya fərqli məntiq, fərqli psixologiya tələb edir» sözləri Vaşinqton görüşündə razılaşdırılmış təkliflərin əsas prinsip kimi diqqətdə saxlanılması zərurətini qaçılmaz edir. Bildirilir ki, iki ölkə arasında bəzi ərazilərlə bağlı yaranan mübahisəli məsələlər sərhədlərin müəyyənləşdirilməsi və sərhəd xətlərinin yaradılması prosesində həll olunacaq. Xalqa müraciətində «Qarabağ ermənilərinin geri qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir» sözləri ilə Ermənistanda siyasi vəziyyəti gərginləşdirməyə çalışan revanşistlərə ciddi xəbərdarlıq edən baş nazir bildirib ki, sülhü qorumaq, ona qayğı ilə yanaşmaq, möhkəmləndirmək və tədricən ona daha institusional xarakter vermək əsas vəzifədir.

Təbii ki, qlobal proseslərin davam etdiyi, müharibələrə son qoyulmadığı bir zamanda Cənubi Qafqazda sabitliyin qorunması bütünlükdə dünyada təhlükəsizliyin təminatı baxımından zəruridir. Paşinyan xalqa müraciətində real vəziyyəti təhlil etməklə erməni ictimaiyyətini sülh sazişinin imzalanmasının başlıca şərti olan Ermənistanın konstitusiyasında ediləcək referenduma hazırlayır. Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olarkən sakinlərlə görüşən, bölgədə yaranan son vəziyyətlə bağlı açıqlama verən dövlət başçımız keçmiş illərdə baş verən hadisələrə də aydınlıq gətirmişdir. Fransanın, Rusiyanın və ABŞ-ın təmsil olunduqları Minsk qrupunun yarıtmaz fəaliyyəti nəticəsində 30 il yubadılan «Qarabağ münaqişəsi»nin həllini Azərbaycanın siyasi, hərbi qüdrətinin ifadəsi adlandırıb. «Əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi, əgər işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı, əlbəttə ki, Ermənistan bizim torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi və əminəm ki, qaytaracaqdı. Sadəcə olaraq, onlara qarşı zərrə qədər təzyiq göstərilmədi, əksinə, onlar üçün bütün imkanlar açılmışdı» söyləməklə bəzi ölkələrin rəsmi İrəvanı silahlandırmaq cəhdlərini Ermənistan-Azərbaycan münasbətlərinin normallaşmasına xəyanət adlandırıb: «Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır.» Azərbaycanın təşəbbüsü ilə hazırlanan sülh müqaviləsi ilə bağlı Ermənistanın öz öhdəliyini üzərinə götürdüyünü, sənədin paraflanmasını faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasının son addımı kimi dəyərləndirib. Naxçıvanla quru bağlantının təminatı üçün səylərin artırıldığını diqqətə çatdırıb. «Artıq Ermənistan bu öhdəliyi də üzərinə götürmüşdür və ümid edirəm ki, yaxın bir neçə il ərzində biz qatarlarla və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcəyik. Eyni zamanda, bu, təkcə Azərbaycanın iki hissəsini bir-biri ilə birləşdirməyəcək. Bu, eyni zamanda, beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək» sözləri ilə bildirir ki, Zəngəzur dəhlizinin bərpası daha çox Ermənistanın iqtisadiyyatına fayda verəcək. 30 il davam edən işğal dövründə , İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə Ermənistana siyasi , hərbi dəstək göstərənlərin qüdrətli Azərbaycan qarşısında söz demək imkanlarına son qoyuldu.

Azərbaycanın gücü, xalqımızın iqtidarla birliyi, hərbi Zəfərimiz, cəmiyyətdəki daim yüksək olan Qələbə əzmi, vətənpərvərlik ruhu dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır və bizim siyasətimizə müdaxilə edənlər nəticədə peşman olur. Bunu Vətən müharibəsindən sonrakı dövrdə Qarabağda və Şərqi Zəngəzurda aparılan böyük quruculuq işləri, beynəlxalq səviyyədə dəstəklənən diplomatik uğurlarımız da təsdiqləyir. Bütün dünya gördü ki, Azərbaycan ləyaqətli, güclü ölkədir. «Hər halda son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır» sözləri ilə dünyada baş verən hadisələri, davam edən müharibələri təhlil edən Prezident İlham Əliyevin vurğuladığı kimi böyük əraziləri əhatə edən müharibələr insanlara fəlakət gətirir. Tək yeganə ölkə, xalq bizik ki, tam, mütləq Qələbə qazandıq. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik. Qalib olan Azərbaycan həm də Cənubi Qafqazda sülhün təminatçısıdır. Azərbaycan xalqı müharibə istəmədiyi kimi Birinci , İkinci Qarabağ müharibələrində tökülən qanları, tariximizi , şəhidlərimizi də unutmur. Hərbi qüdrəti artan ölkəmiz təhlükə mənbələrini də daim izləyir, Silahlı Qüvvələrimizin potensialı gücləndirilir. Xüsusi təyinatlı qüvvələrimizin say tərkibi artırılır, yeni komando qüvvələri yaradılır. Ölkəmizin təhlükəsizliyinin qarantı isə bütün hallarda Azərbaycan dövləti, bir yumruq ətrafında birləşən xalqımızdır. «Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq» sözləri ilə Azərbaycanın Cənubi Qafqazda sabitliyin qarantı olduğunu bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin daxili və xarici siyasətinin əsas prinsipləri quruculuqdur. Keçmişimizi, xalqımıza qarşı edilən vəhşilikləri heç vaxt unutmadığımız kimi, qalib xalq kimi də ayıq-sayıqlığımızı qorumalıyıq.

Daim qarşılıqlı etimad prinsipləri əsasında yaşamağa üstünlük verən Azərbaycan heç kimlə müharibə aparmaq fikrində deyil. Amma yaranan təhlükələrə də cavab vermək iqtidarındadır. Bizə qarşı hər hansı bir təhlükə çıxarsa, dəmir yumruğun zərbəsini görəcək. Bu xəbərdarlığı, Vaşinqton görüşündə əldə olunan razılığı ölkəmizə qarşı təhdidli açıqlamalar səsləndirənlər unutmasınlar. Prezident İlham Əliyevin Kəlbəcər sakinləri ilə görüşündəki açıqlaması Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olan, İrəvanda siyasi vəziyyəti gərginləşdirməyə çalışan xarici qüvvələrə də dərs olmalıdır.

Xuraman İsmayılqızı, «İki sahil»

Избранный
24
ikisahil.az

1Источники