RU

Manqo şəkər xəstələri üçün zərərli deyilmiş Yeni araşdırma ümid verir

Milli.az saytına istinadən ain.az xəbər verir.

İllərdir 2-ci tip şəkər xəstələri üçün təhlükəli hesab edilən manqo ilə bağlı yeni elmi araşdırmalar fərqli nəticələr ortaya qoyub. Hindistanda aparılan klinik tədqiqatlara əsasən, ölçülü və düzgün formada istehlak edildikdə manqo şəkər xəstələri üçün zərərli deyil, əksinə müəyyən faydalar verə bilər.

Milli.Az xəbər verir ki, iki ayrı klinik sınaq zamanı manqo istehlakı ilə çörək kimi karbohidratlar arasında müqayisə aparılıb. Nəticələr göstərib ki, çörək əvəzinə manqo yeyən diabet xəstələrinin qan şəkəri səviyyələri daha sabit və idarəolunan olub.

Üç gün davam edən qlükoza monitorinqi zamanı da bu nəticələr təsdiq edilib. Manqo yeyən şəxslərdə yeməkdən sonrakı qan şəkəri çörək yeyənlərlə müqayisədə daha az dalğalanıb.

Ağ çörəklə müqayisədə daha aşağı glisemik reaksiya

European Journal of Clinical Nutrition jurnalında dərc olunacaq araşdırmada Hindistana məxsus məşhur manqo sortlarının ağ çörəyə nisbətən daha aşağı glisemik təsirə malik olduğu ortaya çıxıb. Bu isə o deməkdir ki, manqodakı karbohidratlar qana daha yavaş qarışır, şəkər səviyyəsini birdən-birə qaldırmır.

Başqa bir səkkiz həftəlik tədqiqatda isə 35 nəfər tip 2 diabetli şəxsin səhər yeməyində çörək əvəzinə 250 qram manqo istehlak etdiyi müşahidə olunub. Bu müddət ərzində iştirakçıların qan şəkəri, insulin müqaviməti, bədən çəkisi, bel ətrafı və xolesterin səviyyələrində nəzərəçarpacaq yaxşılaşma qeydə alınıb.

Tədqiqatın rəhbəri, professor Anoop Misra bu nəticələri belə şərh edib:

"Biz ilk dəfə sübut etdik ki, səhər çörəyinin az miqdarda manqo ilə əvəz olunması diabet xəstələri üçün faydalı ola bilər. Amma bu o demək deyil ki, manqonu istədiyiniz qədər yeyə bilərsiniz. Porsiya nəzarəti vacibdir."

Manqo necə və nə qədər yeyilməlidir?

Mütəxəssislər manqonun əlavə qida deyil, karbohidrat əvəzedicisi kimi qəbul edilməsini tövsiyə edirlər. Araşdırmalara görə, 250 qram manqo təxminən 180 kalori təşkil edir və bu miqdar gündəlik rasionda nəzərə alınmalıdır.

Mumbaydan olan diabetoloq Dr. Rahul Baxi isə bildirir ki, qan şəkəri nəzarətdə olan şəxslər gündə yarım porsiya manqo yeyə bilərlər. O, manqonun desert kimi deyil, zülal və liflə birlikdə - məsələn, qatıq, kəsmik, qoz-fındıq və toxumlarla birlikdə qəbul edilməsini məsləhət görür.

Qeyd edək ki, bu tədqiqatlarda 1-ci tip diabet xəstələri iştirak etməyib. Həkimlər bu qrupa aid şəxslərin karbohidrat hesablaması və insulin dozasını fərdi şəkildə tənzimləməli olduğunu vurğulayırlar.

Kənan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
1
news.milli.az

2Источники