RU

Rumıniya parlamentinin nümayəndələri Xankəndi və Şuşaya səfər ediblər - FOTO

  Avqustun 22-i Rumıniya Senatının Maramureş vilayətindən seçilmiş üzvü, iqtidardakı Milli Liberal Partiyasının (PNL) parlament fraksiyasının sədr müavini, Rumıniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin fəal üzvü, Senatın mədəniyyət və media komitəsinin sədri, eləcə də Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaşın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Qarabağ İqtisadi Rayonuna səfər edib.

Referans xəbər verir ki, səfər çərçivəsində rumıniyalı senator Xankəndi və Şuşa şəhərlərini ziyarət edib.

Senator Kristian-Avqustin Nikulesku-Tsıqırlaşın Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov ilə rəsmi görüşü keçirilib.

Rumıniya millət vəkili Qarabağda olmaqdan şərəf hissi keçirdiyini qeyd edərək, prezident İlham Əliyevin rəhbərliyi altında bölgədə aparılan miqyaslı bərpa-tikinti işlərini yol boyunca müşahidə etdiyini, beynəlxalq əməkdaşlıq üçün Qarabağda turizm, sənayenin inkişafı üçün böyük potensialı vurğulayıb. O, Rumıniyanın Maramureş və Azərbaycanın Qarabağ regionu arasında əlaqələrin inkişafına toxunaraq, yaxın zamanda tərəflər arasında əməkdaşlıq haqqında bəyyannamənin imzalanmasını təklif edib.

Həmçinin, senator Qarabağ haqqında xoş təəssüratları, insanların qonaqpərvərliyi və isti münasibəti, şahid olduğu bərpa-quruculuq işləri barədə Rumıniyanın Parlamentindəki çıxışında həmkarları ilə bölüşəcəyinə söz verib. Senator Qarabağ bölgəsinin rəsmi nümayəndələrini Rumıniyanın Maramureş regionuna səfərə dəvət edib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov öz növbəsində Rumıniyalı qonaqlara 30 il sürən işğaldan sonra Azərbaycanın torpaqlarının uğurla azad olunması, regionda aparılan iri miqyaslı infrastruktur və tikinti layihələri, “Böyük Qayıdış” proqramına əsasən doğma yurdlarından didərgin düşmüş qaçqınların işğaldan azad olunmuş ərazilərə qayıtması və bölgənin gələcək inkişaf planlarından geniş məlumat verib.

Görüşdə iştirak edən Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Azərbaycan ilə Rumıniya arasında, həmçinin iki ölkənin regionları arasında əməkdaşlığa toxunub, Qarabağ ilə Maramureş arasında əlaqələrin inkişafını, birgə layihələrin həyata keçirilməsini ölkələrimizin strateji əməkdaşlıq əlaqələrinə cavab verdiyini bildirib.

Qeyd edək ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov avqustun 15-i Maramureşin Moisey şəhərində Rumıniya Parlamentinin Senatının sədrinin və bir çox Rumıniya dövlət xadimlərinin iştirakı ilə qeyd edilən “Maramureşin günü”nə həsr olunmuş təntənəli tədbirdə video bağlantı vasitəsi ilə çıxış edib, Qarabağ İqtisadi Rayonu barədə danışaraq, Rumıniya ilə gələcək əməkdaşlıq üçün geniş imkanlar barədə söz açmışdır.

Qarabağa səfər çərçivəsində Rumıniya nümayəndə heyəti Qarabağ Universitetini ziyarət edib, Universitetin rektoru Şahin Bayramov ilə görüş keçiriblər. Rektor qonaqlara universitetdə tədris-təhsil prosesi, nəzərdə tutulan layihələr, əməkdaşlıq proqramları barədə geniş məlumat verib. Senator Kristian-Avqustin Nikulesku-Tsıqırlaş Maramureş bölgəsində yerləşən Baya-Mare Texniki Universiteti ilə Qarabağ Univeristeti arasında əlaqələrin qurulması və inkişafı istiqamətində işlərin aparılmasını, tələbə və müəllim mübadiləsi üçün iki universitetlərin rəhbərliyi arasında görüşlərin təşkil edilməsini təklif edib.

Səfər çərçivəsində Şuşa şəhərini ziyarət edən qonaqlara, Şuşa şəhərinin tarixi, 44-günlük müharibə zamanı Azərbaycan ordusunun qəhrəmanlığı və şəhərdə aparılan bərpa-tikinti işləri barədə ətraflı məlumat verilib.  


Избранный
7
6
referans.az

7Источники