RU

Saata görə maaş: "Qara mühasibatlıq” aradan qalxır?

“Son illərdə Azərbaycanda kölgə iqtisadiyyatının ümumi iqtisadiyyatda payı azalıb. 2019-cu ildə həyata keçirilən vergi islahatlarından sonra işəgötürənlər daha çox rəsmi qaydada əmək müqaviləsi bağlamağa başladılar”. 

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.

O, bildirib ki, bunun əsas səbəbi vergi yükünün azaldılması və elektron sistemlərin tətbiqidir:

"Elektron əmək müqavilələrinin sayının artması nəticəsində kölgə iqtisadiyyatının payı azalmağa başladı.Məsələn, 2019-cu ilə qədər kölgə iqtisadiyyatının dövriyyəsi təxminən 2,5 milyard manat təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 1,5 milyard manata qədər enib".

Ekspert bildirib ki, hazırda isə işəgötürənlərin əksəriyyəti ikili mühasibatlıq sistemindən istifadə edir:


"Məqsəd işçilərə verilən əmək haqqına görə ödənilən vergiləri az göstərməkdir. Məsələn, bir işçinin faktiki maaşı 1000 manat olduğu halda, rəsmi müqavilədə ona 300–400 manat yazılır, qalan məbləğ isə “əlüstü” ödənilir. Bu vəziyyətdə ən çox ziyanı işçilər çəkirlər. Onların sosial müdafiə imkanları azalır, pensiya kapitalı zəif formalaşır, həmçinin kredit və sığorta imkanları məhdudlaşır".

Ekspertin sözlərinə görə, hökumət bu istiqamətdə mühüm nailiyyətlər əldə edib:

"Lakin xüsusən ticarət və tikinti sektorunda problemlər qalmaqdadır. Bu sahələrdə muzdla və qeyri-rəsmi işləyənlərin sayı kifayət qədərdir. Çünki burada çox vaxt 1 günlük, 2 günlük, 10 günlük və ya hətta saatlıq işəgötürmə halları mövcuddur və onlar rəsmiləşdirilmir".

İqtisadçı bildirib ki, yaxın aylarda Azərbaycanda işçilərin əmək haqlarının saatla hesablanması nəzərdə tutulur:

"Bu qaydalar tətbiq edildikdən sonra müəyyən sahələrdə irəliləyişlərin olacağı gözlənilir. Beləliklə, saatla işləyənlərin əmək haqqı rəsmi hesabatlara düşəcək, vergilər ödəniləcək, sosial müdafiə və sığorta haqları artacaq. Bu proses rəsmiləşdirildikdən sonra isə “qara mühasibatlıq” və ikili mühasibatlıq sistemi tədricən aradan qalxacaq".

Əfsanə Kamal
Demokrat.az
Избранный
12
1
demokrat.az

2Источники