RU

Tramp Baydenin "ən böyük səhv"ini düzəldir: Ukraynaya "Rusiyanı dağıdıcı zərbələrlə vur" təlimatı verildi

  Ev sahibi Donald Tramp dolayısı ilə Rusiya üçün seçim məcburiyyəti yaratmağa çalışır, üstəlik, Kremlə daha manevr imkanları da vermək niyyətində deyil... Yaxın iki həftə ərzində Kreml sülh danışıqlarına razılaşmasa, Rusiyaya qarşı ABŞ və Avropa Birliyinin yeni daha dağıdıcı sanksiyalar dalğası qaçılmaz olacaq...
Alyaska görüşü Ukrayna savaşı ilə bağlı sülh gündəminin qalıcı olacağına müəyyən ümidlər yaratmışdı. Hətta Ağ Ev sahibi Donald Tramp prezident Vladimir Putini qlobal məkanda sərt sınaqlara yol açacaq səviyyədə xüsusi həssaslıqla qarşıladı. ABŞ prezidenti hakimiyyətə gəldiyi müddət ərzində ikinci dəfə bütün dünyaya Ukrayna savaşında sülhün çox yaxın olduğunu belə, bəyan etdi. Və bu, prezident Donald Trampa həm ABŞ-ın, həm də özünün beynəlxalq nüfuzu üçün olduqca vacib idi.

Ancaq Alyaska görüşündən sonra baş verənlər ilk növbədə elə Ağ Ev sahibi Donald Trampı məyus edəcək məzmun daşıyır. Belə ki, prezident Vladimir Putin Rusiya paytaxtına dönər-dönməz Ağ Ev sahibi ilə Alyaskada əldə olunan bütün anlaşmaları unutdu. Rusiya ordusu Ukraynada mülki obyektlərə raket zərbələrini daha da intensivləşdirdi. Və hazırda prezident Vladimir Putin Ağ Ev sahibi Donald Tramp ilə ardıcıl ikinci anlaşmasını da artıq pozmuş kimi görünür.



Onu da qeyd etmək lazımdır ki, Alyaska anlaşmasının da pozularaq, prezident Donald Trampın beynəlxalq nüfuzuna zərbə vurulmasının ilkin əlamətləri artıq müşahidə edilməyə başlayıb. Belə ki, Ağ Ev sahibi Rusiya ilə önəmli qərarların verilməsi baxımından, yaxın iki həftəlik zaman intervalının həlledici müddət olacağını bildirib. Və belə anlaşılır ki, prezident Donald Tramp Rusiya lideri tərəfindən növbəti dəfə aldadılmasını cavabsız buraxmaq niyyətində deyil.

Maraqlıdır ki, prezident Donald Tramp son açıqlamasında Ukrayna savaşı ilə bağlı bir qədər gözlənilməz, eyni zamanda da kifayət qədər sərt mesajlar verib. Onun sözlərinə görə, əgər, qarşıdakı iki həftə ərzində Ukrayna savaşı həll olunmasa, Ağ Ev sahibi çox vacib qərar qəbul edəcək. Prezident Donald Trampın fikrincə, bu qərarlar Rusiyaya qarşı dağıdıcı sanksiyalar və tariflər ola bilər, yaxud da ABŞ-ın "bu, sizin savaşınızdır" mesajı verməsi də mümkündür.

Belə anlaşılır ki, ABŞ-ın Ukrayna savaşına yönəlik siyasətində yeni mərhələ başlanmaq üzrədir. Çünki prezident Donald Trampın ritorikasında açıq şəkildə iki istiqamət nəzərə çarpır Yəni, Ağ Ev sahibi ağır təzyiqlər ilə ya Rusiyanı danışıqlar masasına məcbur edəcək, ya da Ukrayna savaşının bütün məsuliyyətini Avropa ölkələrinin və rəsmi Kiyevin üzərinə buraxmağa çalışacaq. Və buna paralel olaraq da Rusiyaya atəşkəs barədə qərarın verilməsi üçün daha bir şans tanımaq niyyəti də olmamış deyil.



Məsələ ondadır ki, belə vəziyyətin yaranması birmənalı şəkildə Rusiyanın Alyaskada əldə olunmuş gizli razılaşmalardan tədricən geri çəkilməyə başlaması ilə bağlıdır. Bəzi məlumatlara görə, bu gizli razılaşmalar Ukrayna savaşı ilə yanaşı, həm də enerji marşrutlarını və Arktikada hərbi balansın qorumasını da əhatə edirdi. Ancaq Kremlin geri addım atması Tramp administrasiyasını çətin vəziyyətə salıb və Ağ Ev sahibinin sərt ritorikasının əsas səbəblərindən biri də məhz budur.

Digər tərəfdən, ABŞ və Rusiya arasında münasibətlərin yenidən gərginləşməsində Kremlin hərbi davranışlarında "qırmızı cizgiləri" keçməsi də birbaşa rol oynayır. Belə ki, Ağ Ev sahibi Donald Trampın xüsusi vurğuladığı önəmli məqamların sırasına Rusiya tərəfindən Mukaçevodakı ABŞ zavoduna endirilmiş zərbə də xüsusi yer tutur. Ağ Evdə bu hadisə artıq sadəcə, regional münaqişə deyil, birbaşa ABŞ-ın maraqlarına hücum kimi qiymətləndirilir. Prezidentin Donald Trampın sərt tonu da məhz bununla bağlıdır. Çünki Ağ Ev ABŞ-a aid infrastruktura qarşı istənilən hücumu "qırmızı cizgi" hesab edir.

Nə qədər gözlənilməz olsa da, prezident Donald Trampın açıqlamasında NATO və Avropa dövlətləri üçün xəbərdarlıq mesajı mövcuddur. Belə ki, Ağ Ev sahibi Donald Trampın “ya böyük qərar qəbul edəcəyik, ya da heç nə etməyəcəyik” tezisi ilk növbədə Avropaya ünvanlanmış açıq mesajdır. ABŞ lideri eyham vurur ki, Vaşinqton Ukraynanın müdafiəsini təkbaşına öz üzərinə götürməyəcək. Əgər, Avropa daha aktiv mövqe sərgiləməsə, ABŞ məsuliyyəti tamamilə kənara atacaq. Bu isə NATO daxilində yeni gərginliklərə də yol aça bilər.



Nəhayət, Ağ Ev sahibi dolayısı ilə Rusiyanın qarşısında seçim məcburiyyəti yaratmağa çalışır. Belə ki, prezident Donald Trampın “günahın kimdə olduğunu görəcəklər” bəyanatı əslində, məhz birbaşa Moskvaya ünvanlanmış xəbərdarlıqdır. Ona görə də, indi Kremlin qarşısında seçim variantları açıqdır və çox deyil. Yəni, Ağ Ev sahibi Kremlin sülh danışıqlarına dərhal razılaşmasını istəyir. Əks halda, Rusiyaya qarşı ABŞ və Avropa Birliyinin yeni sanksiyalarının daha dağıdıcı dalğasının qaçılmaz olacağını da qətiyyən gizlətmir. Və bu baxımdan, prezident Donald Trampın verdiyi möhlətin nəticələrindən Alyaska görüşü ilə yayınmağı bacaran Rusiyanın bu dəfə Ağ Ev sahibinin təhdidlərinə necə reaksiya verəcəyi böyük maraq doğurur.

Çünki belə anlaşılır ki, Kreml yaxın iki həftə ərzində ya kompromis siqnalları verməli olacaq, ya da savaş poliqonunda yeni hücumlarla ABŞ və Qərbə meydan oxumaqda davam edəcək. Prezident Donald Trampın siyasəti isə hələlik ABŞ-ın Ukraynadakı mövqeyini qeyri-müəyyənlik içində saxlayır. Və bu qeyri-müəyyənlik həm Ukrayna üçün risk, həm də Avropa dövlətləri üçün məsuliyyətin daha da artması deməkdir.

Bütün bunları nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, prezident Donald Trampın son açıqlamaları yalnız siyasi-diplomatik ritorika deyil. Bu həm də Ağ Ev sahibinin başlamağa hazırlaşdığı böyük geosiyasi oyun üçün son xəbərdarlıq mesajıdır. Qarşıdakı iki həftə isə bu oyunun qaydalarının yazılacağı ən kritik dövr olacaq. Çünki prezident Donald Tramp "Bayden Ukraynanın Rusiyaya zərbə endirməsinə icazə vermirdi" deməklə, ABŞ-ın hazırda ən radikal variantlara belə, qarşı çıxmadığını qabardır. Və bu, o deməkdir ki, Ağ Ev Ukraynaya həm ən müasir hücum silahları vermək, həm də rəsmi Kiyevə Rusiyanın dərinliklərinə zərbə endirilməsində tam sərbəstlik tanıtmaq niyyətindədir  

Избранный
15
2
referans.az

3Источники