"Prezident
İlham Əliyevin Kəlbəcərə və Ağdərəyə səfərləri, səfər zamanı keçirilən tədbirlər
və görüşlər bir daha Qarabağa həyatın oyanışına verilən önəmin, bu istiqamətdə
atılan addımların qətiyyətinin göstəricisidir".
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib. Onun sözlərinə
görə, dövlətimizin başçısı Kəlbəcər şəhər sakinləri ilə görüşdə bildirdi ki,
Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da
bizim mövqeyimiz hər zaman əsas götürülüb. Bu sənədin paraflanması faktiki
olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur.
"Ümumilikdə
avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanan sülh
sazişi Cənubi Qafqazın tarixində dönüş nöqtəsidir. Bu sənədin müəllifliyinin məhz
Azərbaycan tərəfinə məxsus olması ölkəmizin həm hərbi, həm diplomatik, həm də
siyasi müstəvidə qazandığı qələbələrin məntiqi nəticəsidir. Azərbaycan bu sənədlə
bir daha göstərdi ki, bölgənin gələcəyini müəyyən edən əsas və ədalətli güc mərkəzi
məhz rəsmi Bakıdır", - deyə siyasi şərhçi əlavə edib.
O qeyd edib
ki, Azərbaycanın mövqeyi sənədin hər bir bəndində öz əksini tapıb. Bu həm beynəlxalq
hüququn prinsiplərinin bərpası, həm də Azərbaycanın regional liderliyinin dünya
miqyasında nümayişi deməkdir.
Vaşinqtonda
imzalanan sənədin mühüm siyasi nəticələrindən biri də ATƏT-in Minsk qrupunun
artıq tamamilə tarixə qovuşmasıdır. İllərlə fəaliyyətsizliyi və ikili
standartları ilə yadda qalan bu qurum Azərbaycanın haqq işini daim kölgədə
saxlayaraq münaqişəni həll etməyə deyil, əksinə, uzatmağa xidmət etmişdi. BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təmin etməyən
vasitəçilər öz mövqelərini hər zaman səsləndirdikləri, ikili standartla dolu bəyanatları
ilə ifşa edirdilər. Azərbaycan diplomatiyası həmin uğursuz və heç kimə lazım
olmayan "missiyanın" tarixin arxivinə göndərilməsinə nail oldu.
"2020-ci ildə qazanılan şanlı Qələbə Azərbaycanın dövlətçilik tarixində
yeni mərhələ açdı. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi həm hərb, həm
diplomatiya, həm də beynəlxalq hüquq müstəvisində Azərbaycanın üstün mövqeyini
rəsmiləşdirdi. Vaşinqtonda imzalanan sənəd həmin Qələbənin ardıcıllığı, növbəti
diplomatik təsdiqidir. Bu sənəd göstərdi ki, bölgədə sülh Azərbaycanın ədalətli
mövqeyinin təmin olunması əsasında mümkündür. Çünki torpaqları işğal olunan,
yüz minlərlə vətəndaşı məcburi köçkün həyatı yaşayan məhz Azərbaycan idi. İndi
isə haqq-ədalət bərpa olunub və Azərbaycan diplomatiyası ədalətin bərqərar olmasının
qarantına çevrilib", - deyə Ülviyyə Zülfiqar vurğulayıb.