Hacıqabulda "Konstitusiya və Suverenlik
İli" çərçivəsində "Qalib dövlət: Azərbaycançılıq, dövlətçilik, xalqın
birliyi və suverenlik" adlı maarifləndirici tədbir keçirilib.
Rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının
birgə keçirdiyi tədbirdə çıxış edən natiqlər bildirmişlər ki, bəşəriyyətin çoxəsrlik
tarixi təcrübəsi göstərir ki, xalqların və dövlətlərin inkişafında liderlərin
rolu əvəzsizdir. Güclü lideri olan dövlətlər və millətlər çox yüksək inkişaf
yolu keçmiş və tarixi uğurlar əldə etmişlər. Belə liderlər bizim xalqın
tarixində də yetişmiş, Azərbaycanın inkişafında, dövlətçiliyimizin yaranıb möhkəmlənməsində,
milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında əhəmiyyətli rol oynamışlar.
Onların arasında öz işıqlı əməlləri ilə xalqı müstəqilliyə qovuşdurmuş, dövlətçiliyimizin
daha da möhkəmlənməsində müstəsna xidmətləri olmuş Ümummilli Lider Heydər
Əliyevin adı ilk sırada çəkilir. Azərbaycanın tarixi şəxsiyyətlərinin fövqündə
yer alan Ulu Öndərin xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Azərbaycan
dövlətinin müstəqilliyinin, suverenliyinin və azərbaycançılıq məfkurəsinin
mövcudluğu üçün xalqımız məhz Ulu Öndər Heydər Əliyevə borcludur.
Qeyd olunmuşdur ki, Heydər Əliyev
respublikamıza hələ birinci rəhbərliyi dövründə azərbaycançılıq istiqamətində
çox böyük, həm də qətiyyətli addımlar atmışdır. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının,
mədəniyyətinin hərtərəfli və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi
dəyərlər ruhunda tərbiyəsi, milli şüurun dirçəlişi, ümumən bütün sahələrdə azərbaycançılıq
amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən
qətiyyətli tədbirlər məhz onun parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdır.
Ümummilli Liderin sayəsində Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd
ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyasəti səviyyəsinə
qaldırılmışdır.
Təsadüfi deyil ki, bu gün siyasi baxışından, harada
yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar ümummilli məsələlərdə
Prezident İlham Əliyevin qətiyyətli mövqeyini dəstəkləyərək həmrəylik nümayiş
etdirirlər. Çünki insanı öz dövləti ilə sıx bağlayan vətənpərvərlik ideyası
dövlət müstəqilliyinin sütununu təşkil edir. Öz xalqının əldə etdiyi
suverenliyi, dövlətinin müstəqilliyini qorumaq vətənpərvər insanın ali məramıdır.
Ulu Öndər çıxışlarının birində bildirmişdir: "Müstəqilliyi elan etmək hər
bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma
müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir,
bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir. Mən bu gün iftixar
hissi ilə bəyan edirəm ki, Azərbaycanda müstəqil dövlət yaşayır və onun gələcəyi
üçün də böyük bir təməl qoyulubdur. Bizim vəzifəmiz qarşıdakı dövrdə Azərbaycanın
müstəqilliyini qoruyub saxlamaqdır".
"Azərbaycan"