Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH)
başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu 1 nömrəli sahə inzibati ərazi dairəsinin
sakinləri ilə keçirib.
Şəhər icra hakimiyyəti aparatının məsul şəxsləri,
rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, əlaqədar təşkilatların və xidmət
sahələrinin rəhbər işçilərinin iştirak etdikləri görüş-qəbulda T.Qaraşov
qaldırılan məsələlərin icra vəziyyəti barədə şəhər sakinlərinə məlumat verib.
Bildirilib ki, yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan bütün
məsələlər müsbət həllini tapıb, digər məsələlər barədə aidiyyəti qurumlara rəsmi
müraciətlər ünvanlanıb və bu barədə vətəndaşlara qanunamüvafiq formada və
vaxtda izahatlar verilib.
ŞİH başçısı qeyd edib ki, Lənkəran rayonunun ən
böyük iki problemi - "zibil poliqonu" və şəhər əhalisini rahatsız edən
kanalizasiya problemi artıq həll olunmaq üzrədir və hər iki məsələ ilə bağlı
real addımlar atılır: "Kifayət qədər geniş maliyyə tələb edən kanalizasiya
sisteminin yenilənməsi üçün "Lənkəran şəhərinin su təchizatı və
kanalizasiya sisteminin yaradılması" layihəsi çərçivəsində dəyəri 50
milyon manat olan tender artıq yekunlaşıb. Digər məsələ, "zibil
poliqonu"nun müasir dövrün tələblərinə cavab verən səviyyəyə gətirilməsi də
artıq reallaşmaq üzrədir. Baş nazirin müvafiq sərəncamı ilə "2026-cı il
üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı" təsdiq edilib.
Siyahıda Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi layihəsi
də yer alıb. Bu isə utilizasiya zavodunun tikintisi və bütövlükdə "zibil
poliqonu" probleminin həllinin yaxın müddətdə mümkün olacağı deməkdir".
Taleh Qaraşov yolların asfaltlanmasının da
diqqət mərkəzində saxlanıldığını bildirib. Onun sözlərinə görə, yaxın günlərdə
şəhərin 8 küçəsində asfaltlanma işlərinə başlanılacaq.
"Azərbaycan"