Ümummilli Lider Heydər Əliyev sovet Azərbaycanına
rəhbərliyi dövründə tez-tez respublikanın müxtəlif bölgələrinə səfərlər edər,
sadə zəhmət adamları ilə görüşər, onların dolanışığı, qayğıları ilə
maraqlanardı. 1980-ci ildə Saatlı rayonuna böyük qrupla belə səfərlərin birində
maraqlı epizod yaşanır. Ulu Öndər tarlada pambıqçılarla görüşür, onlara layiqli
işlərinə görə təşəkkürünü bildirir. Sağollaşıb ayrılanda istəkləri ilə
maraqlanır, o vaxtlar vətəndaşlar üçün indiki qədər əlçatan olmayan maşın,
mebel və digər belə əşyalara ehtiyacları olarsa, tez bir zamanda yerinə yetiriləcəyini
deyir.
Bu zaman pambıqçı qızlardan biri utana-utana
qabağa çıxıb deyir:
- Çox
sağ olun, heç nəyə ehtiyacımız yoxdur, hər şeyimiz var. Ancaq bir xahiş etmək
istəyirik. Bu yaxınlarda "İtkin gəlin" adlı kitab çap olunub. Ondan
bizim kəndə bircə nüsxə gəlib çıxıb. Qızlarımız onu oxumaq üçün növbəyə
durublar. Əgər mümkünsə, deyin, o kitabdan bir az çox buraxsınlar, biz də oxuya
bilək.
Pambıqçı qızın bu sözündən sonra o illərin,
demək olar ki, ən populyar yazıçısı Əlibala Hacızadənin "İtkin gəlin"
romanı - iki dəfə, hərəsi də yüz min tirajla çap olunaraq həm kitabxanalara
verilir, həm də kitab mağazalarında satılır.
Milyonçu yazıçı
Görkəmli yazıçının "Mən sözlərimin içində
yaşayıram" xatirə-məqaləsində də yer almış bu məqam, fikrimizcə, Əlibala
Hacızadənin 1980-1990-cı illərdəki şöhrətini təsəvvür etmək üçün yetər. Onun
1966-1970-ci illərdə Əfqanıstanda tərcüməçi işləyərkən şəxsi müşahidələri əsasında
qələmə aldığı "İtkin gəlin" trilogiyasına daxil olan "İtkin gəlin",
"Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş" romanlarının hər
biri şəhərlərdə, kəndlərdə, əldən-ələ keçər, oxunmaqdan vərəqləri didik-didik
olardı. Trilogiyanın hər romanının nəşri arasında bir müddət zaman keçdiyindən,
oxucular yeni romanın nə vaxt nəşr olunacağını böyük intizarla gözləyər, hər dəfə
kitab mağazalarında yeni əsərin satışa çıxıb-çıxmaması ilə maraqlanar, Əlibala
Hacızadənin əsərlərindəki qəhrəmanların taleyi ilə yaşayardılar.
Valideynlər, böyüklər həmin əsərlərdəki müsbət
qəhrəmanların adlarını ailənin yeni dünyaya gəlmiş övladlarına sevə-sevə verərdilər.
Bu gün Azərbaycanın bütün şəhərlərində, rayon və kəndlərində o əsərlərin xoş təsirindən
irəli gələrək "Elməddin", "Əfsanə", "Simin" və
başqa belə adları daşıyan neçə-neçə gənc və ortayaşlı vətəndaşımızla rastlaşa
bilərik.
Bu qədər böyük oxucu sevgisi təkcə "İtkin
gəlin" trilogiyasına aid deyil, Əlibala Hacızadənin "Təyyarə kölgəsində",
"Dünyanı tanı" və başqa belə əsərləri də eyni ədəbi tale ilə böyük
marağa səbəb oldu. Oxucuların dəqiq qiymətləndirməsinə görə Əlibala Hacızadə Azərbaycan
yazıçıları içərisində Məmməd Səid Ordubadidən sonra ən çox oxucusu olan qələm
adamı idi. Əsərlərinin satışı dövlət büdcəsinə böyük gəlir gətirdiyindən onu
"milyonçu yazıçı" adlandıranlar da vardı.
Əlibala Hacızadə özü həyatda yoxdur, amma onun
əsərləri, bu əsərlərin yaratdığı zəngin təəssüratlar, acılı-şirinli xatirələr,
həmin əsərlərin qəhrəmanlarının təlqin etdikləri dəyərlər yaşayır və bundan
sonra da yaşayacaq. Zənnimizcə, bir ədib üçün bundan böyük xoşbəxtlik yoxdur və
bu xoşbəxtliyin kökü Əlibala Hacızadənin yazıçılıq, şairlik fitrətindən gəlir.
O, sanki dünyaya yazıb-yaratmaq, bir-birindən maraqlı əsərlər qələmə almaq üçün
gəlmişdi.
Tezliklə məşhurlaşan imza
Ömür yolu 28 avqust 1935-ci ildə, dünyaya gəldiyi
Biləsuvar rayonunun Ağalıkənd kəndində başlamışdı. Müharibə illərində həm
atasını, həm də anasını itirdiyindən uşaqlığı çətinliklər içində keçmişdi. Onun
həyatı bu qədər dərindən hiss edə bilməsi və ömrünün ən müxtəlif qatlarına aid
canlı lövhələri əsərlərinə də gətirməyi bacarmasında olsun ki, uşaqlığında
yaşadığı çətinliklərin böyük rolu vardı.
1953-cü ildə Biləsuvar rayonunun Xırmandalı kənd
orta məktəbini bitirdikdən sonra şərqşünas olmaq arzusu ilə sənədlərini Azərbaycan
Dövlət Universitetinin (indi BDU) Şərqşünaslıq fakültəsinin fars şöbəsinə
verdi. Üç əla qiymətdən sonra sonuncu imtahan ərəfəsində imtahan vərəqəsini
itirdiyindən və yenisini heç cür ala bilmədiyindən az qala arzusunun üstündən xətt
çəkiləcəkdi. İlk imtahanda bu çəlimsiz kənd uşağının ədəbiyyat üzrə biliklərini
bəyənən mərhum professor Həmid Araslı ilə universitetdə təsadüfi rastlaşma vəziyyəti
dəyişdi. O, Həmid Araslının köməyi ilə yeni imtahan vərəqəsi götürüb sonuncu
imtahanda da iştirak edərək yüksək balla ADU-nun Şərqşünaslıq fakültəsinin tələbəsi
oldu.
Tələbəlik illərinin əvvəllərində də çətinlikləri
az olmadı, yataqxanada yer tapa bilməyib kirayə evlərdə qaldığı, maddi sıxıntı
içində üç qışı paltosuz, tək pencəklə keçirdiyi vaxtlar oldu. Amma uşaqlıq
çağlarından könül verdiyi ədəbiyyat onun qəlbində o qədər böyük ümid işığı
yandırmışdı ki, ən soyuq, yarıac, çarəsiz vaxtlarında da bu işığın hərarətindən
güc alıb yazıb-yaratmağından qalmırdı. Universitetdə ona dərs deyən Əli
Sultanlı, Həmid Araslı, Mir Cəlal Paşayev, Abbas Zamanov, Mübariz Əlizadə,
Yusif Şirvan, Bəxtiyar Vahabzadə kimi müəllimləri də Əlibala Hacızadə üçün gələcəyə
doğru yol bələdçiləri idilər.
İlk hekayələrini Əlibala Hacıyev imzası ilə
yazmağa başlamışdı. Əlibala Hacızadə imzası isə onun "Ağ saçlı qızın hekayəsi"
əsərini oxuyub bəyənən müəllimi Bəxtiyar Vahabzadənin tövsiyəsi ilə formalaşdı.
Tezliklə bu imza tanınmağa başladı. Əlibala Hacızadənin "Mənim müəlliməm"
adlı ilk hekayəsi 1956-cı ildə "Uşaqgəncnəşr"in buraxdığı "Gəncliyin
səsi" almanaxında dərc olundu. Sonradan universitet qəzetində bir-birinin
ardınca "Mənim ilk məhəbbətim", "Ömrüm təzələndi",
"Yada düşdü", "Bir dəstə nərgiz" kimi lirik hekayələri çap
olundu və hər biri xüsusilə tələbələr arasında böyük maraq qazandı.
1958-ci ildə ali təhsilini bitirib Azərbaycan
Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda (indiki Şərqşünaslıq
İnstitutu) kiçik elmi işçi kimi fəaliyyətə başladı. 1966-1970-ci illərdə Əfqanıstanda
tərcüməçi kimi işlədi. Əfqanıstandan geri dönəndən sonra yenidən Azərbaycan
Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi
kimi fəaliyyətinə davam etdi, 1976-cı ildən ömrünün sonuna qədər həmin
institutun İran filologiyası şöbəsinin əməkdaşı oldu. Əlibala Hacızadə
1994-1996-cı illərdə "Nizami" jurnalının baş redaktoru vəzifəsində
çalışdı.
Onun elmi fəaliyyəti də kifayət qədər zəngindir.
Əlibala Hacızadənin XX əsr İran poeziyasının görkəmli nümayəndələrindən Fərruxi
Yəzdiyə həsr olunmuş monoqrafiyası şərqşünaslıqda şairin yaradıcılığına dair
ilk geniş tədqiqat işi kimi qiymətləndirilir. O, həmçinin müasir İran romanının
tipologiyasına dair fundamental elmi araşdırmaların müəllifidir. Əlibala
Hacızadə həmçinin Orta əsrlərə və müasir dövrə aid bir sıra elmi-bədii əsərləri
fars dilindən azərbaycancaya tərcümə etmişdir.
Ədəbiyyat həyatdan
doğar
Görkəmli
yazıçının "Heykəl gülür" adlı ilk hekayələr kitabı 1961-ci ildə
çapdan çıxmış, ardınca 1963-cü ildə "Unutmaq olmur" povesti, 1965-ci
ildə "Məhəbbət olmayan evdə" povestlər kitabı, 1969-cu ildə
"Cehiz", 1974-cü ildə "Pəhləvan" hekayələr kitabı işıq üzü
görmüşdür.
1974-cü ildə
çapdan çıxan "Təyyarə kölgəsi" romanı ilə yazıçı şöhrətinin zirvəsinə
doğru böyük bir addım atmışdır. Əlibala Hacızadənin yazıçı üslubunun özünəməxsusluğunun
dəyəri də bundadır ki, o, həyatın kiçik, adi, ilk baxışdan ötəri
ehtiyaclarında, proseslərində belə dərin insan obrazları yarada bilirdi.
"Ədəbiyyat həyatdan doğar" devizi ilə yazır, bu keyfiyyət onun əsərlərinin
uzun müddət oxunmasının əsas səbəbinə çevrilirdi. Eyni xüsusiyyəti yazıçının
"Təyyarə kölgəsi" əsərində də görürük. Bu əsərlə Əlibala Hacızadə
elmi mühitin təsviri mövzusunu ilk dəfə Azərbaycan ədəbiyyatına gətirmiş, bunu
həmin əsərin davamı olan "Vəfalım mənim" (1985) romanında daha da
genişləndirmişdir. Onun 1980-ci illərin ikinci yarısına aid "Möcüzə"
romanı da o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus baxışı əks
etdirir.
Müəllifin
ümumən 16 il ərzində qələmə aldığı əsərləri, bir-birindən ikiillik ara ilə nəşr
olunan "İtkin gəlin" (1979), "Əfsanəsiz illər" (1981),
"Ayrılığın sonu yoxmuş" (1983) romanları isə Əlibala Hacızadə
yaradıcılığının zirvəsidir. O, özü də bu barədə deyirdi: "Oxucular "Təyyarə
kölgəsi" romanımı mənim yaradıcılığımın "şah əsəri" hesab edirlər.
Mən özüm isə "İtkin gəlin" romanını yaradıcılığımın zirvəsi hesab
edirəm. Mən "İtkin gəlin"i Azərbaycanda yox, Əfqanıstanda olanda
yazmışam. Senzuradan kənarda bütün ürəyimdə olanları demişəm bu əsərdə. Buna
görə də bu roman mənə daha doğma, daha əzizdir".
"İtkin
gəlin" romanının süjet xətti bədbəxt taleli bir qızın - sevdiyi adamdan
qaçan Əfsanənin taleyi üzərində qurulub. Romandakı hadisələrin əsasında məhəbbət
macərası dayanır. Bu macəra fonunda Əlibala Hacızadə Əfqanıstanın gerçəkliyini,
milli-mədəni həyat şəraitini, xalqın həyat və məişətini, etnoqrafiyasını güclü
şəkildə təqdim edir. Əfqan reallığı və xalq fenomenlərinin realist təsviri
trilogiyanın əsas xüsusiyyətlərindəndir. Əlibala Hacızadə burada sovet dövrü mətni
üçün o qədər də doğma olmayan "Şərq ruhu"nu canlandırır.
Feodal-patriarxal mühitdə hökm sürən kapital hökmranlığını, onun əxlaq
kodeksinin puçluğunu göstərir. Kapitalın, dəbdəbənin arxasındakı iyrəncliyə
işıq salır. Ancaq müəllif belə iyrənc bir mühitdə Elməddin, Əfsanə, Simin, Məhəmməd
Şəfi, Bəbir, Ziyaülhəqq kimi mübarizlərin, cəfakeşlərin olduğunu da gizlətmir.
Əlibala
Hacızadə bu əsərləri "Əfqanıstan trilogiyası" kimi təqdim etmiş,
1992-ci ildə hər üç roman yenidən nəşr olunmuş, 1995-ci ildə trilogiyanın
motivləri əsasında 12 seriyalı televiziya filmi çəkilmişdir. Bu, Azərbaycanın
ilk 12 seriyalı bədii filmi idi və belə bir ekran əsəri ötən əsrin 90-cı illərinin
ortalarında "İtkin gəlin" trilogiyasının da, Əlibala Hacızadə
yaradıcılığının da populyarlığını, cəmiyyətə təsir gücünü daha da artırmışdır.
Ədibin
1990-cı ildə çap olunmuş "Dünyanı tanı" romanı da çox böyük maraqla
qarşılanmışdır. Uzun fasilədən sonra 2001-ci ildə Əlibala Hacızadənin "Sevəcəyəm"
adlı şeirlər və hekayələr kitabı çapdan çıxmış, 2004-cü ildə isə bütün əsərləri
10 cilddə işıq üzü görmüşdür. Yeri gəlmişkən, ədib poeziya sahəsində də çox
yüksək istedada malik idi, şeirlərini oxuyan, bu şeirlərə yazılmış mahnıları
dinləyən hər kəs onun poetik istedadını dərindən duya bilir.
İnsan özü
yox, yaratdığı qalır
Əlibala
Hacızadənin ədəbiyyat və elm tariximizdəki xidmətləri layiqincə qiymətləndirilmiş,
o, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, İranda
"Ölməz şəxsiyyətlər" mükafatına layiq görülmüş, çoxillik elmi fəaliyyətinə
görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif
edilmişdir.
"Təyyarə
kölgəsi" romanındakı obrazlarından birini dili ilə o belə yazırdı: "Qələm
əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə
getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da,
pisi də... Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında
özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!.."
Elə əsərlərinin
həyatiliyi, oxucuya doğmalığı və əbədiyaşarlığı bundadır ki, bu əsərlərin hər
birində təlqin olunan ideyalarla yazıçının öz real şəxsiyyəti, dəyərləri,
amalları tən gəlir. Əlibala Hacızadəni həyatda görmüş, onu bircə dəfə də olsun
kənardan müşahidə etmiş hər kəs bu şöhrətli yazıçının necə sadə, təvazökar, əxlaqlı
ömür sürdüyünü yaxşı xatırlayır.
Əlibala
Hacızadə 2009-cu il oktyabrın 8-də oxucularını cismən tərk etsə də, əsərlərinin
hər bir sətrindən yaradıcı şəxsiyyəti, nurlu, müdrik, qayğılı çöhrəsi boylanır,
sözün, ədəbiyyatın gücü ilə insanda sevginin, əxlaq və mənəviyyatın, böyük
amalların, ülvi məqsədlərin gücünə inam formalaşdırır.
İradə
ƏLİYEVA,
"Azərbaycan"