T arix yazan Zəfər bizə asan başa gəlmədi. Vətən
neçə-neçə qeyrətli oğlunu, qəhrəmanını itirdi. Bu gün həmin igidlər sayəsində
Füzuli, Cəbrayıl, Şuşa torpaqlarında azad nəfəs alırıq. Fərhad da bu igidlərdən
biri idi.
Uşaqlıqdan milli ruha sahib Fərhad qoçaqlığı,
iti zəkası ilə yanaşı, vətənpərvərliyi ilə də fərqlənirdi. Bayrağını, Vətənini
uğrunda canından keçəcək, şəhid olacaq qədər sevirdi. Uşaq ikən ayaqyalın gəzdiyi
torpağın hər qarışı onun üçün müqəddəs idi. Məktəb illərində tarix kitablarını
vərəqləyərkən, şəhidlər haqqında oxuduğu zaman çox duyğulanırdı. Sanki o,
çoxdan bu yolun yolçusu idi, torpaq üçün can verənlərin izi ilə gedəcəkdi…
Səssiz, sakit görünsə də, içində fırtınalar qopurdu
Fərhad Məlikzadə 20 avqust 1997-ci ildə
Sabirabad rayonunun Osmanlı kəndində Məlikovlar ailəsinin sonbeşiyi kimi
dünyaya göz açıb. O, doqquzuncu sinfədək A.Məmmədov adına Osmanlı kənd orta məktəbində,
sonra isə Şıxsalahlı kənd tam orta məktəbində təhsilini davam etdirib. Sakit təbiətli,
zəhmətsevər və idmana marağı olan Fərhad elə uşaqlıqdan cüdo, güləş və qaydasız
döyüşlə məşğul olub. İdmandakı uğurları onun həm fiziki, həm də mənəvi cəhətdən
mübarizə əzmini formalaşdırıb.
Torpağına bağlı bir şəxsiyyət kimi böyüyən vətənpərvər
Azərbaycan oğlu səssiz, sakit, lakin içində fırtınalar qopan gənc idi. O, məktəbi
bitirəndən sonra vətən qarşısında ilk borcunu vermək üçün hərbi xidmətə
yollanıb. Əsgərliyini Daxili Qoşunların Bakıdakı "N" saylı hərbi hissəsində
çəkən Fərhad 2016-cı ildə hərbi xidmət müddətini nümunəvi əsgər kimi başa
vuraraq geri dönüb. Bundan sonra "Çoxmübarizəli İdman Döyüş növləri"
ilə daha ciddi məşğul olmağa başlayıb. İdman yarışlarında yüksək nəticələr göstərərək
müxtəlif diplom və medallarla təltif olunub.
Qaragünə kəndindəki idman məktəbində uşaq və gənclərə
idmanın sirlərini öyrədən Fərhadı vətənə olan sevgisi, göstərdiyi nizam-intizam, məsuliyyət və hərbi
bacarıqları Azərbaycan Ordusuna aparıb çıxarıb. Əvvəlcə Beyləqandakı
"N" saylı hərbi hissədə bir il kəşfiyyatçı kimi xidmət edib. Sonra
Xüsusi Təyinatlı Qoşunlarda qeydiyyatdan keçərək altı aylıq xüsusi təlim
kurslarında iştirak etmək üçün Xızıda yerləşən "N" saylı hərbi hissəyə
dəyişdirilib. Olduqca çətin olan bu kursu uğurla başa vuran Fərhad baş gizir hərbi
rütbəsi alaraq 2020-ci ildə Sumqayıtda yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb.
Yaralansa
da, döyüş
meydanına geri döndü
2020-ci il
27 sentyabr... Həmin gün Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağında qalan
torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinə atıldı. Fərhad Məlikzadə bu
müharibədə təkcə əsgər deyil, Vətənə and içmiş bir oğul, torpağa bağlı övlad, əqidəsinə
sadiq döyüşçü kimi ilk gündən cəbhəyə yollandı, kəşfiyyatçı olaraq ön cəbhələrdə
hünərlə döyüşdü. Füzuli istiqamətində döyüşlərə qatılaraq bir çox kənd və qəsəbələrin
düşməndən azad olunmasında yaxından iştirak etdi. Döyüşlər zamanı düşünülmüş və
ağıllı idmançı fəndləri ona gərək oldu. Qorxmazlığı, cəsarəti, hündür boyu, iri
cüssəsi ilə seçilən igidə döyüş yoldaşları "canavar" deyə müraciət
edirdilər. Fərhadı tanıyanlar qəhrəmanlığının adını daşıdığı babasından ona
miras qaldığını deyirlər. Elə taleləri də bənzər olub. Babası da İkinci Dünya
müharibəsində alman faşistlərinə qarşı döyüşüb, sağlamlığını itirib.
İlk gündən ən
qızğın döyüşlərin mərkəzində yer alan Fərhad Füzuli, Cəbrayıl rayonlarının
azadlığı uğrunda canı bahasına vuruşub. Füzuli istiqamətində gedən döyüşlərdə
düşmənin hücumunu dəf edərkən ağır yaralanıb, xəstəxanaya yerləşdirilib. Burada
3 gün müalicə aldıqdan sonra həkimlərin, valideynlərinin israrlarına
baxmayaraq, "Mən döyüşdə, dostlarımın, qardaşlarımın yanında
olmalıyam!" deyərək yenidən döyüş meydanına geri dönüb.
Fərhad Məlikzadənin
döyüş yolu Azərbaycanın gözbəbəyi olan Şuşada başa çatıb. O, 2020-ci il
noyabrın ilk günlərində Şuşanın azadlığı uğrunda aparılan döyüşlər zamanı qəhrəmancasına
şəhid olub, düşmən gülləsinin qarşısına canı ilə sipər olan, torpaq uğrunda son
damla qanına qədər döyüşən bir igid kimi tarixdə yerini alıb. Şəhidimiz
noyabrın 12-də boya-başa çatdığı Şıx Salahlı kəndində torpağa tapşırılıb.
Bir ailənin
oğlu kimi doğuldu, bir xalqın övladı kimi şəhid oldu
Vətəni
canından çox sevən, onun yolunda şəhid olan Fərhad şərəflə yaşadı, düşmənə qarşı igidliklə
vuruşdu, adını qəhrəman kimi Azərbaycan tarixinə yazdı. O, bir ailənin oğlu
kimi doğuldu, amma bir xalqın övladı kimi şəhid oldu.
Şəhid Fərhad
Məlikzadənin göstərdiyi şücaət, rəşadət və vətənpərvərlik Azərbaycan dövləti tərəfindən
də yüksək qiymətləndirildi. O, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən,
ölümündən sonra "Azərbaycan Bayrağı" ordeninə, "Cəbrayılın azad
olunmasına görə", "Şuşanın azad olunmasına görə",
"Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda"
medallarına layiq görüldü.
Azərbaycanın
üçrəngli ay-ulduzlu bayrağını öncə idman yarışlarında başı üzərinə qaldıran qəhrəman
daha sonra şanlı bayrağımızı Qarabağın zirvələrində qürurla dalğalandırdı. Onun
şəhidlik zirvəsində sonlanan ömür yolu əbədiyyət üfüqündə hər zaman parlayacaq
və əziz xatirəsi daim uca tutulacaq.
Ülkər
XASPOLADOVA,
"Azərbaycan"